Müsavatla AXCP-nin mövqeyi antiazərbaycançı şəbəkənin maraqları ilə tam üst-üstə düşür

 

Fəzail AĞAMALI: "Ölkəmizdə süni gərginlik və vətəndaş qarşıdurmasına zəmin yaratmaq üçün radikal müxalifətə xaricdən 40 milyon dollar ayrılıb"

 

İddia və imkanları bir araya sığmayan radikal müxalifət fəaliyyəti ilə müstəqil Azərbaycanın varlığına qarşı mövqe tutanlarla eyni cəbhədə yer aldığını getdikcə daha aydın şəkildə nümayiş etdirir. Bununla da faktiki olaraq antiazərbaycançı şəbəkənin bir hissəsi və buyruq qulu olmasını göstərən radikal düşərgənin təmsilçiləri ölkənin milli mənafelərini korporativ maraqları naminə istənilən an qurban verməyə hazır olduqlarını da sübuta yetirmiş tərəf kimi çıxış edir. Elə bundan irəli gələrək ötən illərdə olduğu kimi, yenə də xalq tərəfindən radikal müxalifət qəbul olunmur və onların cəmiyyətdən təcrid olunması prosesi daha da dərinləşir. Bu şəraitdə sözügedən düşərgədə yer alanların Azərbaycan əleyhinə olan xarici qüvvələrlə işbirliyi daha da güclənir və hər iki tərəf ölkədə xaotik bir durumun formalaşması niyyətlərinin reallaşması naminə yenidən cidd-cəhdlə fəaliyyət göstərir. Lakin ən böyük hakim olan zaman bu niyyətlərin hər dəfə puç olduğunu və iflasa uğradığını, Azərbaycanın isə inkişafının getdikcə daha sürətli xarakter aldığını nümayiş etdirir.

 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da radikal müxalifətin mövcud antiazərbaycan xarakterli fəaliyyətinin həmişəki kimi uğursuzluğa düçar olacağını vurğulayır:

- Çox təəssüflər olsun ki, Azərbaycanın siyasi qütbündə artıq neçə illərdir fəaliyyətini radikal müstəvi üzərində quran və beləliklə, cəmiyyətdə xaotik vəziyyət yaratmaq məqsədi güdən, bunun üçün bütün mümkün variantlardan istifadə etməyə çalışan siyasi qüvvələr mövcuddur. Bura əsasən Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və onlara yardımçı xarakter daşıyan ayrı-ayrı siyasi qruplar və bir neçə kiçik partiya daxildir. Onlar müxtəlif zamanlarda müxtəlif adlar altında cəmləşərək öz niyyətlərini həyata keçirmək, yəni hakimiyyətə gəlmək üçün xalqın etimadını qazanmaq, beynəlxalq səviyyədə qəbul edilən formalardan istifadə etmək əvəzinə, ölkədə xaotik durum yaratmaq, müxtəlif rənglər altında inqilablar etməyə çalışmaq, sayı elə də çox olmayan narazı insanlardan istifadə etməklə dağıdıcı fəaliyyət göstərmək, qarşıdurma yaratmaq, beləliklə, öz çirkin siyasi niyyətlərinə çatmaq arzusundadırlar. Lakin bu günə kimi Azərbaycan xalqı onların niyyətlərinin reallaşmasına yox deyib. 2003, 2005 və sonrakı illərdə keçirilən seçkiləri yada salaq. Həmin vaxt dağıdıcı qüvvələrin iştirakı ilə müxtəlif təşkilatlar yaradıldı. Ancaq keçirilən seçkilərdə Azərbaycan xalqı həmin dağıdıcı qüvvələrin niyyətlərinin reallaşmasına öz iradəsi hesabına imkan vermədi. Nəticədə son bir neçə seçkidə radikal müxalifət böyük iflasa uğradı. 2008-ci ildə isə radikal müxalifət tam gücsüzlüyünü yaxşı başa düşərək özü üçün ən yaxşı çıxış yolunu prezident seçkilərinə qatılmamaqda gördü. Nəhayət, 2010-cu ildə keçirilən parlament seçkilərində Azərbaycan xalqı faktiki olaraq radikal müxalifətə birmənalı şəkildə yox dedi və onları tarixin qaranlıq arxivinə göndərdi. Beləliklə, radikal müxalifətin mövcud vəziyyətini təhlil etsək görərik ki, sözügedən cəbhədə yer alanlar bu gün heç bir sosial bazaya və cəmiyyətdə hər hansı nüfuza malik deyil. Bu düşərgənin təmsilçiləri xalq tərəfindən dəstəklənmir.

Son dövrlər dünyada gedən müəyyən proseslərdən ruhlanan radikal müxalifət özlərinin xaricdəki himayədarlarının təlimatlarına, maliyyə yardımlarına söykənərək yenə də ölkədə xaotik bir durum yaratmağa çalışırlar. Ancaq xalq bir daha onların bu niyyətlərinin həyata keçməsinə imkan verməyəcək. Çünki Azərbaycan bu gün sabitliyin hökm sürdüyü bir ölkədir. Xalqın mütləq əksəriyyətinin səs verdiyi Prezidentin siyasi kursu cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənir. Bu da radikal müxalifətin çirkin niyyətinin həyata keçməsinə Azərbaycanda hər hansı zəmin olmadığını göstərir və xalq tərəfindən sözügedən düşərgəyə heç bir dəstək nümayiş etdirilmir.

- Maraqlı məqama toxundunuz. Son on il ərzində radikal müxalifət müxtəlif ölkələrdə yaşanan proseslərin Azərbaycanda təkrarlana biləcəyinə dair iddialar səsləndirsə də, zaman onların yanıldığını dəfələrlə sübuta yetirib. İndi də radikallar Yaxın Şərqdə baş verənlərin ölkəmizdə təkrarlanacağına dair fikirlər bildirir. Bu, nə dərəcədə məntiqə uyğundur?

- Yaxın Şərqdə, ərəb dünyasında baş verənlərə, yaşanan siyasi kataklizmləri doğuran səbəblərin mahiyyət və anatomiyası üzərində xüsusi dayanmağa, onları Azərbaycanla müqayisə etməyə ciddi ehtiyac var. Birmənalı şəkildə demək mümkündür ki, ərəb dünyasında baş verən prosesləri doğuran ilkin şərtlər, sosial-iqtisadi, siyasi amillər Azərbaycanda mövcud deyil. Əvvəla, Tunisdən başlayaraq Misirə, Yəmənə və digər ərəb dövlətlərinə kimi uzanan böyük bir coğrafi məkanda hakimiyyətdə olanların demək olar ki, hamısı 30 ildən artıq müddətdə ölkələrinə rəhbərlik ediblər. Həmin müddət ərzində sözügedən ölkələrdə ilkin mərhələdə hakimiyyətə gələn bu qüvvələr xalqın mənafeyi naminə müəyyən addımlar atıblar. Lakin sonrakı mərhələdə xalqı düşündürən və islahatları zəruri edən tədbirlər bu rəhbərlər tərəfindən həyata keçirilməyib. Beləliklə, bir sıra ərəb ölkələrində əhalinin yaşayış səviyyəsi aşağı düşüb, demokratik proseslər getməyib. Bununla da xalqın bu və ya digər hüquqları müəyyən dərəcədə pozulub. Əlbəttə, burada konkret halda götürülmüş hər bir ölkəyə fərdi prizmadan yanaşılması da zəruridir. Çünki bəzi ərəb ölkələrində əhalinin sosial vəziyyəti kifayət qədər yüksəkdir. Lakin belə ölkələrdə insan hüquqlarının reallaşması sahəsində problemlər yaşanıb, həmin hüquqlar məhdudlaşdırılıb. Yəni, indi dünyanın diqqətini özünə cəlb edən ərəb ölkələrində ümumi cəhətlərlə yanaşı, fərqli məqamlar da kifayət qədərdir. Lakin ərəb ölkələrində özünü göstərən bu mənfi cəhətlərin heç biri Azərbaycanda yoxdur.

Mən Yaxın Şərqdə baş verən proseslərlə əlaqədar hələ əvvəldən bildirmişəm ki, ərəb dünyasında yaşanan məlum hadisələrin layihəsi ABŞ laboratoriyalarında hazırlanıb. Məlumdur ki, Əfqanıstan və İraqa müdaxilə ABŞ üçün böyük problemlər yaradıb və indiyə qədər həmin problemlərin həllində Amerika aciz qalıb. Dollar vasitəsilə də ABŞ dünyanı fəth edə bilmədi və ona alternativ olan valyutalar, məsələn, avro meydana çıxdı. Bu şəraitdə ABŞ dünyada öz maraqlarını təmin etmək üçün üçüncü bir layihənin reallaşmasına start verdi ki, bu da sosial şəbəkələr vasitəsilə müxtəlif ölkələrə müdaxilə etməkdən ibarətdir. Hər bir cəmiyyətn zəif yerləri mövcuddur və Yaxın Şərq ölkələrində ABŞ bu zəif yerləri tapa bildi. Bu, müasir gənclər vasitəsilə yeni düşüncə tərzini özündə ifadə edən hərəkət sisteminin yaradılması oldu. Beləliklə, ABŞ sosial şəbəkələrlə lidersiz üsyanların əsasını qoydu və Tunisdə, Misirdə özünü göstərən bu proses indi də davam etdirilir. Lakin bütün bunların Azərbaycanda reallaşması tamamilə mümkünsüzdür və buna heç bir zəmin də yoxdur.

Bununla belə, o da sirr deyil ki, Azərbaycanı istəməyən müəyyən xarici qüvvələr, dövlətlər mövcuddur. Ölkəmizin təbii ehtiyatlarını, coğrafi imkanlarını ələ keçirmək istəyənlər var. Azərbaycan uğrunda müəyyən beynəlxalq güclər arasında mübarizə gedir. Bu mübarizədə ölkəmizi istəməyən, onun əleyhinə fəaliyyət göstərən yerli qüvvələrdən, məsələn, radikal müxalifətdən də istifadə olunur. Xarici qüvvələrin əlində alətə çevrilən, öz çirkin niyyətinə çatmaq, məqsədlərini həyata keçirmək istəyən radikal müxalifətin maraqları ilə Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin mövqeləri birmənalı şəkildə üst-üstə düşür. Bunu istənilən auditoriyada, istənilən arqument və faktlarla sübuta yetirmək mümkündür. Bu həm də onu göstərir ki, Azərbaycanı asılı bir ölkəyə çevirmək istəyən radikal müxalifətlə ərazilərimizin bir hissəsini işğal edən Ermənistan arasında hər hansı fərq tapmaq mümkün deyil. Nəzəri cəhətdən aydındır ki, Azərbaycanda vəziyyət radikal müxalifətin istədiyi kimi mürəkkəb xarakter daşıyarsa, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti daha ciddi şəkildə davam edəcək, danışıqlar yolu ilə ölkəmizin əldə etdiyi diplomatik uğurların üzərindən xətt çəkiləcək. Daha bir təhlükəli gözlənti Azərbaycan ərazilərinin yeni hissələrinin işğala məruz qala biləcəyidir. Ancaq hesab edirəm ki, Azərbaycanda radikal müxalifətin istəyinə müvafiq olaraq vəziyyətin mürəkkəbləşməsi heç vaxt mümkün olmayacaq.

- Sözlərinizdən bir daha aydın olur ki, radikal müxalifət Azərbaycanın milli maraqlarını istənilən an satmağa hazırdır və bununla faktiki olaraq xəyanətkar mövqedə olduğunu nümayiş etdirir.

- Radikal müxalifətin Azərbaycanın milli maraqları ilə heç bir bağlılığı yoxdur. Bu müxalifət və onun önündə gedən Müsavat Partiyası, AXCP üçün milli maraqlar yox, öz korporativ maraqları əsasdır. Onların bu mövqeyi isə Azərbaycanı istəməyən düşmən qüvvələrin, antiazərbaycançı şəbəkənin maraqları ilə tam olaraq üst-üstə düşür. Beləliklə də radikal müxalifətin və ölkəmizə qarşı olan qüvvələrin maraqlar sistemi Azərbaycanın milli maraqları ilə tam ziddiyyət təşkil edir. Mahiyyət etibarilə isə radikalların və antiazərbaycançı qüvvələrin maraqları sırf düşmənçilik xarakteri daşıyır.

- Azərbaycanın beynəlxalq səviyyədə də açıq etiraf edilən sürətli inkişafı, o cümlədən insanların maddi rifah halının davamlı şəkildə yüksəlməsi, öz hüquqlarını qanunvericilik səviyyəsində rahat bir şəkildə reallaşdırması bu gün ölkədə hər hansı kütləvi etirazın olmasına zəmin yaratmır. Lakin radikal müxalifət ehtiyac, sosial bazası olmadığı halda kütləvi etiraz aksiyaları keçirməyə can atır. Bu, nədən irəli gəlir?

- Bu gün Azərbaycan, sözün həqiqi mənasında, ən sabit və dinamik inkişaf edən ölkələr sırasındadır. Ötən illərdə dünyanı bürüyən maliyyə və iqtisadi böhran Azərbaycana hər hansı ciddi təsir göstərə bilmədi. Dünyanın aparıcı maliyyə institutlarının etiraf etdiyi kimi, inkişafın bir Azərbaycan modeli, fenomeni meydana çıxdı. Bu model Azərbaycanın iqtisadi və maliyyə sisteminin kifayət qədər dayanıqlı olduğunu ortaya qoydu. Azərbaycanın bu dayanıqlı inkişafının əsas səbəbi təbii ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.

Ölkəmizdə yaşanan tərəqqini hər bir azərbaycanlı ailəsi öz üzərində hiss edir. Bu səbəbdən ölkəmizin sosial-iqtisadi inkişafının dinamik xarakter daşıması, Azərbaycanda demokratik proseslərin davamlı inkişafı, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, təkmilləşməsi, bir sözlə, bəşəri dəyərlər əsasında respublikamızın inkişafı bir faktdır. Bunu dünyanın nüfuzlu təşkilat və dövlətləri, siyasi xadimləri də etiraf edirlər. İndi qarşıda duran əsas vəzifə qazanılan nailiyyətlərin göz bəbəyi kimi qorunub saxlanması və hər bir Azərbaycan vətəndaşının bu nailiyyətlərə öz töhfəsini verməsidir. Azərbaycan xalqı bunu edir. Lakin xalqın kifayət qədər cüzi bir hissəsi olan ultra radikal müxalifət cəmiyyətin mütləq əksəriyyətinin istəyinin əksinə olaraq əldə edilən nailiyyətlərə töhfə vermək əvəzinə qazanılan uğurların alt-üst edilməsinə, beləliklə, Azərbaycanı 1990-cı illərin əvvəllərində mövcud olan çətin, xaotik vəziyyətə sürükləməyə çalışır.

Müasir Azərbaycan reallığı belə bir mənzərəni aydın nümayiş etdirir: bir tərəfdə xalq və onun iradəsi əsasında seçilmiş Prezident var. Bu birlik kifayət qədər monolit və möhkəmdir. Digər bir qütbdə isə xalqdan aralanan, xalqın maraqlarını ifadə edə bilməyən, indiki iqtidarın siyasətinə alternativ layihə meydana qoymağı bacarmayan, düşüncələri 1990-cı illərin əvvəllərində ilişib qalan, baxışlar sistemində heç bir yenilik ifadə olunmayan dağıdıcı müxalifət yer alır. Bu qütblər arasında indi müqayisə aparmağın özü belə lüzumsuzdur. Çünki qüvvələr nisbətən olduqca böyük bir fərqlə xalq və onun tam dəstəklədiyi Prezidentin lehinədir. Bu mənada, ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətləri davam etdirmək, onu daha da irəliyə aparmaq hər bir Azərbaycan vətəndaşının borcudur.

Digər tərəfdən, mövcud hakimiyyət öz fəaliyyətində hansı çatışmazlıqların olduğunun fərqindədir və bu təbiidir. Çünki fəaliyyət, iş olan yerdə uğurlarla bərabər müəyyən çətinliklər, nöqsanlar da olur. Onların səbəbləri müxtəlifdir və bəziləri obyektiv, digərləri isə subyektiv amillərlə bağlıdır. Lakin Azərbaycan dövləti, onun başçısı ölkədə xalqı düşündürən neqativ cəhətlərin, problemlərin üzərinə özü gedir. Məsələn, son vaxtlar ölkə Prezidentinin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin yeni mərhələsi kimi bu problemlərə qarşı bir müharibə elan etməsini yada salaq. Çıxışlarında, konkret tapşırıqlarında korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə elan etməsi ölkə Prezidentinin, sözün həqiqi mənasında, vətənpərvərliyindən, xalqına və millətinə sevgisindən, Azərbaycan dövlətinin güclənməsinə, demokratik cəmiyyətin yüksək sürətlə inkişafına sədaqətindən xəbər verən məqamlardır.

Açığı mən gözləyirdim ki, Azərbaycandakı bütün siyasi qüvvələr, o cümlədən radikal müxalifət dövlət başçısının korrupsiyaya qarşı mübarizənin yeni mərhələsinə start verməsini dəstəkləyəcəklər. Lakin radikal müxalifət bunun əvəzində nə edir? Radikal müxalifət ölkə Prezidentinin korrupsiyaya və rüşvətxorluğa qarşı açmış olduğu cəbhədə özünün dağıdıcı bayrağını qaldırır, şüarlarını səsləndirir. Halbuki radikal müxalifət bəyan etməli idi ki, bütün Azərbaycan xalqı kimi biz də ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə Prezidentlə bərabərik və onu müdafiə edirik. Onlar bildirməli idilər ki, Prezidentin atdığı addımlar düzgündür, Azərbaycanın bugününə və gələcəyinə hesablanmış olan islahatların tərkib hissəsidir. Lakin radikal müxalifət bunu deməyə, etiraf etməyə özündə cəsarət tapmadı. Əksinə, radikal düşərgənin təmsilçiləri ölkə Prezidentinin səsləndirdiyi və üzərinə getdiyi problemləri öz əlində bayraq edərək ondan bəhrələnməyə çalışırlar. Onların real durumu və mahiyyəti bundan ibarətdir.

- Radikal müxalifət kütləvi aksiyalar keçirərkən birmənalı şəkildə qanunvericiliyin pozulmasına, belə tədbirlərin qadağan olunduğu yerlərdə mitinqlər, nümayişlər keçirməyə cəhd edir. Fəaliyyətində qanunvericiliyin pozulmasına, qarşıdurmanın yaranmasına xüsusi diqqət yetirən müxalifət bununla hansı məqsədləri güdür?

- Müxalifətin sözügedən qanadı təşkil etmək istədiyi mitinq və digər kütləvi aksiyaları hər zaman çalışır ki, ya metro stansiyalarının önündə, ya da insanların daha çox cəmləşdiyi yerlərdə keçirsin. Hətta bəzən insanların alış-veriş məqsədilə üz tutduğu bazarların önləri də radkial müxalifətin kütləvi aksiyalar keçirmək istədiyi ünvanlar siyahısına daxil edilir. Əslində, radikal müxalifətin nəyə görə belə ünvanlar seçməsi heç kimə sirr deyil və sözügedən düşərgənin sosial bazasının yoxluğundan irəli gəlir.

Əgər hər hansı qüvvənin, siyasi partiyanın ətrafında kifayət qədər güc və sosial baza varsa, həmin qüvvə istədiyi kütləvi aksiyanı keçirə bilər. Müxalifətin isə belə sosial bazası mövcud olmadığından müvafiq icra strukturları tərəfindən təklif edilən məkanlarda aksiyalar keçirmək istəmir. Yada salaq. Bir vaxtlar Müsavat Partiyasına kütləvi aksiya keçirmək üçün Ukrayna meydanı təklif olundu. Bu meydan Bakının elə də ucqar yeri deyil. Nəqliyyat sisteminin qovuşduğu əsas məkanlardan biridir, metrostansiyasına da çox yaxındır. Lakin belə bir yerdə Müsavat Partiyasının keçirdiyi mitinqə cəmi 200 nəfər gəldi. Bu, bir daha müxalifətin sosial bazasının yoxluğunu faktiki sübuta yetirən hal oldu. İndi radikal müxalifətə kütləvi aksiya keçirmək üçün əsas ünvanlardan biri kimi Bibiheybət futbol stadionu təklif olunur. Lakin radikal müxalifət bəyan edir ki, bu stadionun vəziyyəti yaxşı deyil. Mən başa düşə bilmirəm, müxalifət burada mitinq keçirmək, yoxsa futbol oynamaq istəyir. Mitinq keçirmək üçün stadionun örtüyünün yaşıl və yaxud torpaq olmasının əhəmiyyəti yoxdur. Bununla da müxalifətin yalnız bəhanələr uydurduğu aydın görünür.

Yeni Azərbaycan Partiyası son prezident seçkiləri zamanı bir nümunə göstərərək Bibiheybət stadionunda möhtəşəm bir mitinq keçirdi. Lakin müxalifət həmin stadionda belə mitinq keçirmək iqtidarında deyil. Çünki sosial bazadan və cəmiyyətin dəstəyindən məhrumdur. Bu səbəbdən radikal müxalifətin nümayəndələri insanların daha çox toplaşdığı, hərəkət etdiyi yerləri seçirlər ki, tərəfdarlarının saynıın çox olduğuna dair bir görüntü yaratsınlar. Əslində, bununla onlar həm də xarici qüvvələrə nümayiş etdirməyə çalışırlar ki, tərəfdarlarının sayı çoxdur və onlara maliyyə yardımları davam etdirilsin. Yeri gəlmişkən qeyd edim ki, məndə olan məlumata görə, artıq ölkədə radikal müxalifəti hərəkətə gətirmək, Azərbaycanda sabitliyi pozmaq, süni gərginliyə, vətəndaş qarşıdurmasına zəmin yaratmaq üçün xaricdən təxminən 40 milyon dollar vəsait ayrılıb. Təbii ki, bu informasiyanın müvafiq dövlət strukturları tərəfindən dəqiqləşdirilməsi vacibdir. Və bu pulun kim tərəfindən konkret kimə verilməsi də dəqiqləşdirilməsi vacib olan məqamlar sırasındadır.

Sosial bazası olmayan radikal müxalifət aksiyalar keçirmək üçün, qeyd etdiyim kimi, insanların gur toplaşdığı məkanları seçir. Bu, radikal müxalifətin çoxdan seçmiş olduğu, lakin indiyə qədər heç bir effekt verməyən köhnə taktikasıdır. Aprelin 2-nə radikal müxalifətin təyin etdiyi yeni mitinq də bu mənada hər hansı effekt verməyəcək. Bunu da qeyd etməliyəm ki, radikal müxalifət qanunla qadağan edilmiş yerlərdə kütləvi aksiyalar keçirməklə və beləliklə, asayiş keşikçiləri ilə bilərəkdən qarşıdurmaya getməklə özünə dünyanın diqqətini cəlb etməyə çalışır. İndiyə qədər radikal müxalifətin fəaliyyətində belə halların dəfələrlə şahidi olmuşuq. Aprelin 2-də istisna etmirəm ki, radikal müxalifət növbəti dəfə belə bir təxribata gedəcək. Lakin qanunvericiliyə uyğun olaraq belə qanunsuz aksiyaların qarşısı alınmalıdır. Çünki qanunun aliliyinin təmin olunması hamı üçün vacib və zəruridir. Heç bir siyasi partiya qanunun pozulması üçün xüsusi imtiyaza malik deyil.

- Son illərdə radikal müxalifətin onsuz da cüzi olan elektoratı əhəmiyyətli dərəcədə seyrəlib. İndi xəyanətkar mövqe tutan bu düşərgənin üzərindən cəmiyyətin birdəfəlik xətt çəkməsi mümkündürmü?

- Əslində, cəmiyyət son parlament seçkilərində radikal müxalifətin üzərindən birdəfəlik xətt çəkdiyini aydın göstərdi. Bununla xalq radikalizmi qəbul etmədiyini növbəti dəfə nümayiş etdirdi. Son parlament seçkilərinin ən mühüm nəticələrindən biri bu oldu ki, Azərbaycan xalqı təkamülə söykənən, liberal dəyərləri özündə ehtiva edən, cəmiyyətdə Azərbaycanın dövlət maraqlarına zidd addımlar atmayan siyasi qüvvələrə üstünlük verir. Əli Kərimli, İsa Qəmbər və onların ətrafında olan bir qrup şəxsin parlament seçkilərində namizədliyi irəli sürüldü və qeydə alındı. Onların seçkilərə qatıldığı dairələrdə də bütün ölkədə olduğu kimi, azad və şəffaf seçkilər keçirildi. O da yada salınmalıdır ki, həmin dairələr seçkiləri izləyən beynəlxalq təşkilatların, eləcə də bu şəxslərin nümayəndələrinin xüsusi nəzarətində oldu.

Lakin İsa Qəmbər, Əli Kərimli bu seçkilərdə məğlubiyyətə düçar oldular. Onlar bunun səbəblərini özlərində analiz edib siyasətdən getmək barədə qərar qəbul etməli idilər. Lakin etmədilər. Görünür, onlar siyasətə bir biznes forması kimi yanaşır, siyasətdən həyat şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edirlər. Ola bilsin, digər səbəblər də mövcuddur. İstisna etmirəm ki, onları indiyə qədər yaşadan, maliyyə yardımları edən xaricdəki himayədarları bu şəxslərə siyasətdən getmək barədə hələ göstəriş verməyib. Bununla onlar idarə olunan durumda olduqlarını göstərirlər. Lakin bu, birmənalı həqiqətdir ki, nə bu gün, nə də gələcəkdə isa qəmbərlərin, əli kərimlilərin düşüncəsi ilə ölkədə siyasi fəaliyyətlərini quranlara Azərbaycan xalqı heç zaman etimad göstərməyəcəkdir.

 

 

Müsahibəni apardı: Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-31 mart.- S. 6.