İçərişəhərlə tanışlıq

 

Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 3-də dünya mədəni irs abidələrindən olan İçərişəhəri gəzmişlər.

Gəzinti zamanı Litva Prezidentinə YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Ali qonaq qoruq ərazisində yerləşən Miniatür Kitab Muzeyinə baxdı. Bildirildi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin tapşırığı ilə yaradılan muzeydə 68 ölkədən gətirilən 5100 miniatür kitab saxlanılır. Prezident Dalya Qribauskayte muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

Sonra xanım Dalya Qribauskayte milli mədəni irsimizin incisi sayılan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış oldu. Ali qonağa saray kompleksi barədə ətraflı məlumat verildi.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Litva Prezidenti təndir çörəyinə qonaq edildi. Sonra Buxara karvansarayına gələn ali qonağa orta əsrlərdə Azərbaycanın Hindistan və Orta Asiya ilə ticarət əlaqələri barədə məlumat verildi.

Litva Prezidenti "Bazar meydanı"ndakı əzəmətli Qız qalasını seyr etdi. Bu abidənin yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri ali qonağın marağına səbəb oldu. Sonra Cümə məscidi və burada aparılmış təmir-bərpa işləri barədə ətraflı məlumat verildi.

Daha sonra xanım Dalya Qribauskayte və Mehriban xanım Əliyeva "Kiçik Karvansara" abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı"nda oldular. Litva Prezidenti və Azərbaycanın birinci xanımı burada çay süfrəsi arxasında söhbət etdilər.

Ali qonaq paytaxtımızın qədim guşəsindən xoş təəssüratlarla ayrıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-4 may.- S. 2.