Əli Əhmədov: Azərbaycan gəncləri ulu öndər Heydər Əliyev irsinə dərin hörmətlə yanaşırlar

 

Gənclərin ulu öndər Heydər Əliyev irsini dərindən öyrənməsi, ümummilli liderin siyasətinin həyata keçirilməsi, bu dahi şəxsiyyətin Azərbaycan xalqına gətirdiyi faydalarla bağlı informasiyaların yenilənməsinə və genişlənməsinə böyük ehtiyac vardır.

Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icraçı katib, Milli Məclisin deputatı Əli Əhmədov jurnalistlərə müsahibəsində demişdir.

Ə.Əhmədov bildirmişdir ki, bu gün Azərbaycan gəncliyinin qayğısız, firavan böyüməsinin fundamental əsası ulu öndər Heydər Əliyev siyasətinin nəticəsində mümkün olmuşdur. Ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunmasının əsası bu zəmin üzərində respublikamızın iqtisadi və sosial baxımdan sürətlə inkişaf etməsidir. Azərbaycan gəncləri Heydər Əliyevin irsinə dərin hörmətlə yanaşır, ölkəmizin bugünkü inkişafını Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin əsası ümummilli lider tərəfindən qoyulmuş konsepsiyanın davamı sayır. Azərbaycanın dünəni, bü günü ulu öndər Heydər Əliyev siyasəti ilə bağlı olduğu kimi, ölkəmizin firavan gələcəyi də birbaşa bu siyasətin respublikamızda reallaşması ilə əlaqədardır.

Əli Əhmədov vurğulamışdır ki, biz ulu öndərin vəsiyyətinə əməl edərək həmişə gənclərlə işimizi genişləndiririk. Bu siyasət YAP-ın fəaliyyətinin əhəmiyyətli bir istiqamətini təşkil edir. Dövlətimizin başçısı bir müddət əvvəl gənclərlə bağlı siyasətin genişləndirilməsi və bu istiqamətdə dövlət proqramının qəbul edilməsi ilə əlaqədar çox əhəmiyyətli sərəncam imzalamışdır. Dövlətimizin həyata keçirdiyi siyasətə uyğun olaraq gənclərlə işləmək, onların qayğılarını öyrənmək və asudə vaxtlarının səmərəli təşkil olunmasına kömək etmək bizim üzərimizə düşən vacib öhdəliklərdən biridir. Bu, ona görə öhdəlik kimi qəbul olunur ki, partiyamızın yarım milyondan çox üzvünün təxminən 40 faizi gənclərdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 4 may.- S. 2.