Özbəkistan Azərbaycan ilə hüquqi əməkdaşlığın inkişafında maraqlıdır

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanda səfərdə olan Özbəkistanın baş prokuroru Rəşitjan Kodirov mayın 3-də ədliyyə naziri Fikrət Məmmədov ilə görüşmüşdür.

Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir dövlət başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulamış, mövcud zəngin müqavilə-hüquq bazasının mövcudluğunu qeyd etmiş, məhkəmə və ədliyyə sahəsində demokratiyanın möhkəmlənməsinə xidmət edən islahatlar barədə məlumat vermişdir.

Qonaq ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli dinamik tərəqqiyə nail olduğunu heyranlıqla qeyd etmiş, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığa dair imzalanmış sənədlərin uğurla həyata keçirildiyini bildirmiş, səfərin iki ölkənin hüquq-mühafizə orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu vurğulamışdır. R.Kodirov respublikamızın Avropa Şurasının 10 ildən artıq fəal üzvü olduğunu nəzərə alaraq, Azərbaycanın hüquqi sahədə təcrübəsinə maraq göstərmişdir.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunaraq inzibati və yuvenal ədliyyə, habelə korrupsiya ilə mübarizə, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və digər maraq kəsb edən məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

 

 

Azərbaycan.- 2011.-4 may.- S. 6.