Azərbaycanın müasirləşməsi Heydər Əliyevin adı ilə bağlıdır

 

Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, ictimai-siyasi və sosial həyatda tərəqqinin - müasirləşmənin otuz ildən artıq bir dövrünün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi həqiqətdir. Heydər Əliyev 1969-cu ilin ikinci yarısında Azərbaycana rəhbərlik etməyə başlayanda respublika həyatın bütün sahələrində tənəzzül dövrünü yaşayırdı. Xüsusilə iqtisadiyyatı bürümüş dərin böhran hər bir sahədə özünün mənfi nəticələrini göstərirdi. Sosial-iqtisadi baxımdan digər müttəfiq respublikalardan geridə qalan Azərbaycan SSRİ rəhbərliyinin nəzərində ölkənin perspektivsiz əyalətlərindən biri sayılırdı. Moskva hesab edirdi ki, respublikanın məşhur neft yataqları artıq öz əhəmiyyətini itirib və Azərbaycanın əsasən bu sahə ilə bağlı olan iqtisadiyyatının perspektivi yoxdur.

Sovet dövlətinin yarandığı ilk vaxtdan başlayaraq bütün ötən illərdə İttifaqı neft və neft məhsulları ilə təmin edən, xüsusilə, İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə, sözün həqiqi mənasında, həlledici töhfəsi olan (1941-1945-ci illərdə respublikamız ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdi) Azərbaycana qarşı bu cür laqeyd münasibət, yumşaq desək, ən azı çox böyük ədalətsizlik idi.

Respublikanı belə ağır vəziyyətdən çıxarmaq tamamilə yeni konseptual səviyyədə yanaşma tələb edirdi. Çünki yüngül və yeyinti sənayesi müəssisələrini çıxmaq şərti ilə, əslində, Azərbaycanın o vaxtkı iqtisadiyyatı bilavasitə neft sənayesi ilə bağlı idi. Belə vəziyyət respublikada ənənəvi təsərrüfat sahələrinin şöhrətini və səmərəliliyini bərpa etməklə yanaşı, çoxşaxəli istehsal müəssisələrinin yaradılmasını, bütövlükdə iqtisadiyyatın sənaye bazasının genişləndirilməsini və müasirləşdirilməsini nəzərdə tutan dolğun iqtisadi konsepsiyanın işlənib hazırlanmasını tələb edirdi.

Məhz Heydər Əliyevin gərgin səyləri sayəsində belə bir iqtisadi konsepsiya - Azərbaycanın dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks proqramlar işlənib hazırlandı. Azərbaycanın yeni rəhbəri SSRİ hökumətinin respublika iqtisadiyyatının hərtərəfli tərəqqisini və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərarının qəbul edilməsinə nail oldu. Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirən bu qərarların respublikanın gələcəyi baxımından çox böyük tarixi əhəmiyyəti var idi. Həmin qərarların icrası sənayenin yeni sahələrinin yaranması, çoxsaylı iş yerlərinin açılması, kənd təsərrüfatı istehsalının artırılması, elm və mədəniyyətin inkişafına təkan verilməsi, ən başlıcası isə əhalinin sosial vəziyyətinin yüksəldilməsi demək idi.

1969-cu ilin ikinci yarısı və 1970-ci il Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı oldu. Sonrakı illərdə isə respublikada bütün sahələrdə dinamik inkişaf müşahidə edilirdi. Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonrakı ilk beşillikdə - 1971-1975-ci illərdə 64 yeni iri müəssisə tikilmişdi. Sənaye məhsulu artımının 76 faizi əmək məhsuldarlığının yüksəldilməsi hesabına əldə olunmuşdu ki, bu da ilk növbədə, texniki tərəqqinin sürətlənməsi, əməyin elmi təşkili ilə bağlı idi. Sənayenin strukturundakı keyfiyyət dəyişiklikləri Bakı məişət kondisionerləri zavodu, Sumqayıt kompressor zavodu kimi iri müəssisələrin, habelə respublika üçün tamamilə yeni olan elektron sənayesinin yaranması, neft emalı zavodlarının yenidən qurulmasına və modernləşdirilməsinə başlanması ilə səciyyələnirdi. Sonrakı beşillikdə SSRİ-də məhsul istehsalının həcmi 29 faiz, milli gəlir 25 faiz artmışdısa, Azərbaycanda bu göstəricilər müvafiq surətdə 46 faiz və təqribən 70 faiz təşkil edirdi. Şirvanda məişət cihazları zavodu, Bakıda ayaqqabı fabriki, Gəncədə əlvan metallar zavodu və digər iri müəssisələr istifadəyə verilmiş, Şəmkir SES-in və Azərbaycan DRES-in tikintisinə başlanmışdı. Bakının neftayırma zavodlarında müasir texnoloji qurğuların işə salınması neftayırma sənayesinin inkişafında yeni mərhələnin başlanması demək idi.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikanı müasirləşdirmək siyasətində paytaxtdan kənarda yeni sənaye müəssisələrinin yaradılması xüsusi yer tuturdu. Həmin illərdə təkcə Bakı və Sumqayıtda deyil, digər şəhər və qəsəbələrdə yeni fabriklər, zavodlar istifadəyə verilmişdi. Sənayenin strukturu və yerləşdirilməsindəki bu mütərəqqi irəliləyiş bölgələrin inkişafına təkan verir, iş yerləri açılır, eyni zamanda, həmin yerlərə yeni istehsal mədəniyyəti gətirir, əvvəllər mövcud olmayan peşələrə yiyələnən kadrların hazırlanmasına şərait yaradırdı. Məhz bu siyasətin sayəsində Azərbaycanda sənaye məhsulu istehsalının üçdəbirindən çoxu paytaxtdan kənarda yerləşən müəssisələrin payına düşürdü.

Respublika iqtisadiyyatının əsas sahələrindən olan kənd təsərrüfatının inkişafındakı uğurlar xüsusilə diqqətəlayiq idi. Əsas kənd təsərrüfatı məhsullarının istehsalı tam mexanikləşdirilmişdi. 1980-ci ildə respublikanın tarixində rekord miqdarda məhsul yetişdirilmiş, 1136,2 min ton (1970-ci ildə 723,4 min ton) dənli bitkilər, 883,5 min ton pambıq (1970-ci ildə 335,6 min ton), 824,4 min ton tərəvəz (1970-ci ildə 409,9 min ton), 1508 min ton üzüm (1970-ci ildə 351,7 min ton) yığılmışdı. Kənd əməkçilərinin gəlirləri ildən-ilə artır, yaşayış səviyyəsi yüksəlir, rayon mərkəzlərinin və kəndlərin siması getdikcə dəyişirdi.

Xalqın iqtisadi azadlığının onun siyasi müstəqilliyini şərtləndirməsi konsepsiyasının incəliklərinə dərindən bələd olan Heydər Əliyev yaxşı bilirdi ki, milli dirçəliş ideyalarını, azərbaycançılıq ideologiyasını yalnız iqtisadiyyatın inkişafındakı uğurlar fonunda həyata keçirmək mümkündür. Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovet İttifaqının digər respublikalarında aşkar şəkildə hiss olunduğu bir vaxtda, Heydər Əliyev Azərbaycanda yaradıcı adamlar üçün elə bir şərait yaratmışdı ki, bu, sərbəst düşünməyə və cəmiyyətdə, mədəniyyətdə, ədəbiyyatda gedən prosesləri necə başa düşdüyünü açıq ifadə etməyə, əslində isə, milli-mənəvi idealların bərqərar edilməsinə doğru aparan yolları axtarmağa imkan verirdi.

Həmin illərdə xalqımızın görkəmli şəxsiyyətlərinin yubileylərinin ittifaq və respublika miqyasında qeyd edilməsi, milli ruhumuzun ifadəçiləri olan görkəmli xadimlərə abidələr ucaldılması, Azərbaycan dilinə göstərilən qayğı, Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili, müttəfiq respublikalarda və bir sıra xarici dövlətlərdə Azərbaycan mədəniyyəti və incəsənəti günlərinin keçirilməsi, o vaxt Kirovabad adlanan qədim şəhərimizin təzə salınmış yaşayış massivlərindən birinin "Yeni Gəncə" adlandırılması (bu, əslində şəhərin əsl adının necə olmasına işarə idi), mədəni sərvətlərimizin təbliği, qorunub saxlanması, ittifaqda və xaricdə tanıdılması sahəsində görülən əvəzsiz işlər idi.

Bu baxımdan Azərbaycan sovet dramaturgiyasının banisi, əsərlərində ustalıqla incə məsələlərə toxunan Cəfər Cabbarlının və Vətənimizin və xalqımızın düşmənlərinin məkrli əməlləri nəticəsində "millətçi" damğası vurulmuş Nəriman Nərimanovun yubileylərinin keçirilməsinin və Bakıda onlara əzəmətli abidələrin ucaldılmasının, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan ilk ali təhsil ocağımızın Bakı Dövlət Universitetinin 50 illiyinin məhz 1969-cu ildə qeyd olunmasının, respublikanın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunun təsbit edilməsinin, Hüseyn Cavidin nəşi uzaq Sibirdən gətirilərək, şairin doğma yurdu Naxçıvanda dəfn edilməsinin çox böyük rəmzi mənaları vardı.

Özünün bütün fəaliyyətində xalqımızın taleyini düşünən Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın gələcəyi müasir biliklərə yiyələnmiş, geniş dünyagörüşünə malik, milli-mənəvi dəyərlərin daşıyıcısı olan kadrlardan asılıdır və onlar gənclər arasından yetişməlidir. Buna görə də o, gənclərə çox böyük qayğı göstərirdi. Respublikanın kadr korpusunun istedadlı gənclər hesabına təzələnməsi üçün əvvəllər görünməmiş səviyyədə tədbirlər həyata keçirilirdi. Müasirləşməkdə olan Azərbaycanın elmi-texniki və mədəni potensialının yüksəldilməsindən, ən zəruri ixtisaslara tələbatın ödənilməsindən ötrü gənclər SSRİ-nin mötəbər ali məktəblərinə göndərilirdi.

Həmin illərdə Sovet İttifaqının 170 ali məktəbinə Azərbaycandan 3500 gənc göndərilmişdi. Eyni zamanda, iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi də genişləndirilirdi. 1980-ci ildə Azərbaycanda ali məktəblərin sayı 12-dən 17-yə, tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdı. Bu sahədə Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri milli hərbçi kadrların hazırlanması idi. Onun respublikaya rəhbərliyinin ilk illərində yaradılan ixtisaslaşdırılmış internat məktəb (indiki Cəmşid Naxçıvanski adına hərbi lisey) bu işin başlanğıcını qoydu. Hər il həmin məktəbin yüzlərlə məzunu SSRİ-nin ali hərbi təhsil müəssisələrinə daxil olurdu. Azərbaycan rəhbəri gənclərimizin Bakıdakı Ümumqoşun Komandirləri Məktəbində, Sovet İttifaqının ali təyyarəçilik məktəblərində təhsil almağa göndərilməsini xüsusi nəzarətə götürmüşdü. Məhz həmin dövrdə ali hərbi təhsil almış gənclər müstəqilliyin ilk illərində milli ordumuzun zabit korpusunun əsasını təşkil etmişdir.

Heydər Əliyev hər il ittifaqın ali məktəblərinə göndərilən gənclərlə görüşərək dəyərli məsləhətlərini verir və xüsusi vurğulayırdı ki, onlar yüksək səviyyəli təhsil almaqla yanaşı, həm də xalqımızı, Azərbaycan gəncliyini təmsil etməli, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi təbliğ etməli, respublikamızın şərəfini uca tutmalıdırlar.

O illərdə Heydər Əliyevin elm, mədəniyyət, təhsil, ədəbiyyat, incəsənət sahəsində gördüyü əzəmətli işlər həqiqətən milli özünüdərkin oyanmasının, öz kökümüzə qayıdışın yeni mərhələsinə doğru aparan proseslərin başlanğıcı oldu. Qətiyyətlə deyə bilərik ki, 1969-1982-ci illərdə Azərbaycan sürətli sosial-iqtisadi inkişafla yanaşı, həm də müəyyən mənada milli hisslərin əsl intibah dövrünü yaşamışdır.

Azərbaycanın modernləşməsinin, müasirləşməsinin XX əsrin 70-ci illərini - 80-ci illərinin əvvəllərini əhatə edən birinci mərhələsindəki tərəqqi, yüksəliş heç də asan başa gəlməmişdi və ilk növbədə Heydər Əliyevin istedadı və cəsarətinin nəticəsi idi.

Azərbaycanın modernləşməsinin birinci mərhələsinin bütövlükdə nəticələrini ümumiləşdirərək deyə bilərik ki, müasir Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, xarici əlaqələrinin müntəzəm surətdə genişlənməsi və dünya iqtisadiyyatına daha dərin inteqrasiyası prosesi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır. Ulu öndər Heydər Əliyev özü də sonralar vurğulayırdı ki, Azərbaycanın sovet dönəmində inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır. Şübhəsiz ki, bunda məhz haqqında söhbət gedən illərdə görülmüş işlər həlledici rol oynamışdır.

Tədqiqatçılar belə bir cəhəti də vurğulayırlar ki, həmin dövrdə Azərbaycanda müşahidə edilən sürətli inkişaf prosesi bütövlükdə Sovet İttifaqında iqtisadiyyatda inkişafın ləngidiyi, bəzi sahələrdə isə tənəzzülün olduğu bir vaxtda gedirdi. Ölkədə yaranmış durğunluğu sovet rəhbərliyinin özü də etiraf edirdi və Mixail Qorbaçovun "yenidənqurma" siyasəti də bu durğunluqdan xilas olmağa yönəldilmişdi. Lakin bunun nə ilə nəticələndiyi məlumdur.

Mərkəzləşdirilmiş sovet iqtisadi sistemində nəinki durğunluqdan özünü qorumaq, həm də respublikada bu cür inkişaf potensialı axtarıb tapmaq və onu hərəkətə gətirmək heyrətamiz dərəcədə ağlasığmaz bir iş olsa da, həqiqət idi. Ancaq bu uyğunsuzluğun, təzadlı mənzərənin səbəbləri üstündən iyirmi il keçdikdən sonra üzə çıxdı. Bu səbəbləri isə yalnız və yalnız şəxsiyyətin - Heydər Əliyevin müstəsna rolundan savayı, heç bir başqa amillə izah etmək mümkün deyil. Lakin Mərkəz özünün ümumi siyasətindən, mövcud meyillərdən, qanunauyğunluqlardan kənara çıxmağı, Azərbaycanın istisna təşkil etməsini görməyə və ən nəhayət, bağışlaya bilməzdi. M.Qorbaçovun Azərbaycana qarşı xəyanətkar mövqeyinin, bu yolda ilk addım kimi artıq o vaxt Moskvada işləyən və özünün nadir şəxsi keyfiyyətlərinə görə ölkənin ali rəhbərliyində açıq-aşkar seçilən Heydər Əliyevi Kremldən uzaqlaşdırmaq niyyətinin köklərini də bununla izah etmək olur.

Heydər Əliyev özü sonralar bu barədə belə demişdir: O illərdə - 80-ci illərin ortalarında biz ayrı-seçkiliyə məruz qalırdıq. Mən həm Azərbaycanı, həm də Orta və Mərkəzi Asiyanın bəzi digər respublikalarını nəzərdə tuturam... Özbəkistan və Azərbaycan xalqlarının milli azadlığı və dövlət müstəqilliyi üçün şərait yetişməyə başlayan vaxtlarda son dərəcə çox əngəllər törədilirdi. 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün başlanması da nəinki Ermənistandakı ayrı-ayrı millətçilərin və özgə ərazisini ələ keçirməyə can atan şəxslərin əməlləri idi, həm də böyük bir siyasətin - artıq baş vermiş müsbət proseslərə maneçilik törətməyə yönəldilmiş siyasətin bir hissəsi idi.

Yalnız ümummilli lider Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra Azərbaycanın müasirləşdirilməsinin yeni mərhələsinə başlamağın əsası qoyuldu. Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi, 1990-cı illərin ortalarında isə həqiqi mənada müstəqil dövlət yaradılması və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatda durğunluq və tənəzzül prosesinin dayandırılması məqsədi daşıyan sosial-siyasi və iqtisadi dəyişikliklərə başlandı.

1994-cü ilin sentyabrında aparıcı beynəlxalq neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın modernləşdirilməsinin müasir mərhələsinin başlanğıcı oldu. Heydər Əliyevin respublika Prezidenti kimi fəaliyyətinin ilk günlərindən xarici siyasət Azərbaycanın iqtisadi tənəzzüldən çıxmasının təmin olunmasına yönəldilmişdi. Bu baxımdan Azərbaycana xarici sərmayələrin cəlb olunması üçün göstərilən ilk cəhd kimi, son dərəcə böyük geosiyasi və iqtisadi əhəmiyyəti olan "Əsrin müqaviləsi" xüsusi yer tuturdu.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul olunmuş ilk Konstitusiyası ölkədə yeni iqtisadi sistemə keçidin hüquqi əsası oldu və o vaxtdan respublikanın iqtisadi həyatının yeni mərhələsi başlandı.

Heydər Əliyev bazar iqtisadiyyatına keçidi təmin edəcək islahatların dərinləşdirilməsində özəlləşdirməyə həlledici yer verirdi. Kiçik özəlləşdirmə adlanan proses - xidmət sahələrinin, ticarətin, tikinti və nəqliyyatda bir sıra sahələrin özəlləşdirilməsi bazar münasibətlərinə keçidi təmin etdi. Bu sahədəki təcrübə orta və iri müəssisələrin özəlləşdirilməsi prosesini uğurla davam etdirməyə imkan verdi.

Lakin ölkə əhalisinin 40 faizdən çoxunun yaşadığı kənd yerlərini bazar münasibətlərinə cəlb etmədən yeni iqtisadiyyatın yaradılması təmin oluna bilməzdi. Bu isə, ilk növbədə, torpağın şəxsi mülkiyyətə verilməsi, kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi - yəni aqrar islahatın aparılması nəticəsində mümkün idi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda çox cəsarətli, keçmiş SSRİ məkanında bənzəri olmayan torpaq islahatının həyata keçirilməsi, əslində, Azərbaycan kəndində bütün təsərrüfat ukladını, kəndin həyat tərzini kökündən dəyişdi.

Heydər Əliyevin iqtisadi strategiyasında ölkəyə xarici sərmayələrin cəlb edilməsi xüsusi yer tuturdu. İlk vaxtlar əsasən Azərbaycanın yeni neft strategiyasının reallaşdırılması ilə bağlı qoyulan xarici sərmayələr getdikcə iqtisadiyyatın digər sahələrinə, infrastruktur layihələrinə də yönəldilirdi. Ölkədə əlverişli sərmayə mühitinin yaradılması, o cümlədən xarici sərmayələrin qorunması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür, müvafiq qanunvericilik bazası yaradılırdı. 1995-2003-cü illərdə ölkə iqtisadiyyatına qoyulmuş 16 milyard dollardan artıq sərmayənin 12,3 milyard dolları və ya 77 faizi xarici sərmayənin payına düşürdü. Təkcə 2000-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 7,5 milyard dollardan çox xarici sərmayə qoyulmuşdu ki, bu da adambaşına götürdükdə bütün MDB məkanında ən yüksək göstərici idi.

Mülkiyyət, maliyyə-bank, valyuta, vergi, məhkəmə-hüquq sahələrində qəbul olunmuş qanunlar iqtisadi münasibətlərin və mexanizmlərin əhəmiyyətli dərəcədə liberallaşmasına, təsərrüfat həyatının dövlət tərəfindən tənzimlənməsinin azalmasına gətirib çıxardı. Ölkədə həyata keçirilən islahatlar artıq 1998-ci ildə hissedilən müsbət nəticələr verməyə başladı. 1991-1995-ci illərdə ümumi daxili məhsulun həcmi 58 faiz, sənaye istehsalı 67 faiz, kənd təsərrüfatı istehsalı 48 faiz azalmışdısa, inflyasiyanın illik səviyyəsi 1400-1800 faiz təşkil edirdisə, 1996-2006-cı illərdə ÜDM 89 faiz, sənaye məhsulu təqribən 32 faiz, kənd təsərrüfatı məhsulları 50 faiz artmış, inflyasiyanın səviyyəsi 23 faizə düşmüşdü.

Heydər Əliyevin yeni neft strategiyasının reallaşdırılması sahəsindəki uğurları Azərbaycanın intensiv inkişafına yol açdı. Ölkəmiz iri transmilli layihələrin həyata keçirilməsi üçün mühüm geoiqtisadi və geosiyasi məkana çevrilməyə başladı.

Ümummilli lider Heydər Əliyev müasir dövlət yaratmaqla bərabər, onun gələcək illərə hesablanmış inkişaf strategiyasını da müəyyən etmiş, öz zəmanəsini qabaqlayaraq, Azərbaycanın qarşısında duran strateji vəzifələri dəqiq göstərmişdi. O, Azərbaycanı mühüm strateji meydan və dünya dövlətləri birliyinin sərfəli iqtisadi tərəfdaşı kimi görürdü.

Bu məqsədlərə nail olmağın yolu isə XXI əsrdə ölkəmizin siyasi, iqtisadi və sosiomədəni gerçəkliyini modernləşdirməkdən keçir. Son illərdə daxili və xarici siyasətdə qazanılmış çox böyük uğurlar indi inkişafın Azərbaycan modeli haqqında danışmağa əsas verir. Ölkənin mövcud reallıqları və perspektivləri sübut edir ki, modernləşmənin Azərbaycanın timsalında çox böyük inkişaf ehtiyatları vardır və onların hərəkətə gətirilməsi ölkənin sürətli tərəqqisinə birbaşa təsir göstərir. Ötən illərdə Azərbaycan iqtisadiyyatının üç dəfə, dövlət büdcəsi gəlirlərinin on dəfədən çox artması düşünülmüş şəkildə, konkret proqramlar əsasında həyata keçirilən iqtisadi və infrastruktur layihələri nəticəsində yaranmış yeni iqtisadi münasibətlərin səmərəli fəaliyyətinin inkaredilməz reallığıdır.

İnkişafın Azərbaycan modelindən bəhs edərkən regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş nəhəng işləri xüsusi vurğulamaq lazımdır. Bu sahədə həyata keçirilən dövlət proqramları inkişaf səviyyəsi baxımından təkcə paytaxtla bölgələr arasında deyil, həm də ayrı-ayrı bölgələr arasında fərqləri tədricən aradan qaldırdı, yüz minlərlə yeni iş yeri açıldı. Qeyri-neft sektorunun sürətli inkişafına güclü təkan verən bu tədbirlər Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, ölkənin tarazlı şəkildə müasirləşdirilməsi baxımından da çox böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən bəri ölkədə 900 mindən çox, o cümlədən 700 minə qədər daimi iş yeri açılmışdır ki, bunun da əksəriyyəti bölgələrin payına düşür. İqtisadiyyatda özəl bölmənin payı 80 faizdən çoxdur.

Prezident İlham Əliyev Azərbaycanın müasirləşdirilməsinin başlıca məqsəd olduğunu dəfələrlə bildirmişdir. Dövlət başçısı 2011-ci ilin fevralında respublikamızın qərb bölgəsinə səfəri zamanı bunu bir daha vurğulayaraq demişdir ki, biz ölkəmizi hər cəhətdən müasirləşdirməliyik. Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkəyə çevrilməlidir, bu, bizim məqsədimizdir. Dünyada inkişaf etmiş ölkələrin sayı çox deyil və Azərbaycanın bütün meyarlar üzrə bu sıraya daxil olmağa imkanları vardır.

Qlobal transformasiyaların baş verdiyi müasir dövrdə Azərbaycanın daxili və xarici siyasətinin gündəliyində əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən xətt - modernləşdirilmiş iqtisadiyyatı, vətəndaş cəmiyyəti və liberal ənənələri olan suveren dövlət qurmaq xətti öz ifadəsini tapır. Bu isə postindustrial cəmiyyətə, informasiya cəmiyyətinə aparan yoldur.

 

 

Aslan ASLANOV,

Azərbaycan Dövlət Teleqraf

Agentliyinin (AzərTAc-ın) baş direktoru

 

Azərbaycan.- 2011.-5 may.- S. 4.