Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində "Heydər Əliyev və məcburi köçkün gənclər" mövzusunda tədbir keçirilmişdir

 

Mayın 5-də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (QMKİDK) ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı qaçqın və məcburi köçkün məktəbliləri arasında keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılmış və "Heydər Əliyev və məcburi köçkün gənclər" mövzusunda müzakirələr aparılmışdır.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, idman və gənclər nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri iştirak etmişlər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, büstü önunə gül dəstələri düzmüşlər.

Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini, QMKİDK-nın sədri Əli Həsənov müsabiqənin Heydər Əliyev Fondu ilə birgə təşkil olunduğunu bildirmişdir. Ə.Həsənov demişdir ki, şagirdlər müsabiqəyə 73 rəsm işi, 65 şeir və hekayə təqdim etmişlər. Müsabiqəyə təqdim olunmuş materiallar Azərbaycan Rəssamlar İttifaqı və Yazıçılar Birliyinin mütəxəssisləri tərəfindən qiymətləndirildikdən sonra 20 şagirdə pul mükafatları və diplomların verilməsi qərara alınmışdır.

Ə.Həsənov qaçqın və məcburi köçkün məktəblərinin müsabiqədə birinci yeri tutmuş şagirdlərinə 300 manat, ikinci və üçüncü yerlərə layiq görülənlərə 200 və 150 manat məbləğində pul mükafatları və diplomlar təqdim etmişdir.

Sonra tədbir iştirakçıları "Heydər Əliyev və məcburi köçkün gənclər" mövzusunda müzakirələr aparmışlar. Əli Həsənov ümummilli lider Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi inkişafı, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulamışdır. O, qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev hələ sovetlər dövründə azərbaycanlı gənclərin daim irəli çəkilməsinə çalışmış, onların Sovet İttifaqına inteqrasiyasina nail olmuşdur. Komitə sədri bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən gənclərimizin Avropaya inteqrasiyası istiqamətində davam etdirildiyini önə çəkmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycanın son 20 ildə parçalanmaq təhlükəsi ilə üz-üzə qalan ölkədən regionun enerji mərkəzinə çevrildiyini vurğulamışdır. O, bunu görkəmli dövlət xadimi Heydər Əliyevin fədakar əməyinin, uzaqgörən siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirmişdir.

E.Aslanov ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyalarının ölkəmizin inkişafına böyük təkan verdiyini diqqətə çatdırmışdır. O, Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında Azərbaycan gəncləri ilə bağlı dövlət proqramının hazırlanması istiqamətində işlərin görüldüyünü qeyd edərək gəncləri bununla bağlı rəy və təkliflərini, arzu və istəklərini təqdim etməyə çağırmışdır.

Tədbirdə işğal olunmuş rayonların gənclər təşkilatlarının nümayəndələri çıxış edərək ulu öndər Heydər Əliyevin inkişaf strategiyasına daim sadiq qalacaqlarını vurğulamışlar.

Sonda tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevə həsr edilmiş videoçarxa baxmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 6 may.- S. 8.