Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Serbiyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 4-də bu ölkənin parlamentinin sədri, xanım Slavitsa Cukiç-Deyanoviç ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Məmmədyarov Azərbaycanda siyasi, iqtisadi-sosial vəziyyət, demokratik islahatlar, ölkəmizdə siyasi sabitlik, iqtisadi inkişaf və Milli Məclisdə Azərbaycan-Serbiya parlamentlərarası dostluq qrupunun fəaliyyəti, həmçinin Serbiyaya səfəri çərçivəsində keçirdiyi görüşlər barədə ətraflı məlumat vermişdir.

S.Cukiç-Deyanoviç Serbiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcudluğuna baxmayaraq, digər sahələrdə, o cümlədən parlamentlərarası əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu qeyd etmişdir. Sədr ikitərəfli əlaqələrin yeni müstəviyə yüksəldilməsi üçün iki ölkə parlamentləri üzərinə mühüm vəzifələr düşdüyünü vurğulamışdır. O, Serbiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini demişdir. Eyni zamanda, S.Cukiç-Deyanoviç Azərbaycan rəhbərliyinə Serbiyanı Kosovo məsələsində dəstəklədiyinə görə təşəkkürünü bildirmişdir.

E.Məmmədyarov vurğulamışdır ki, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həm də Kosovo problemi ilə bağlı beynəlxalq birliyin ədalətsiz mövqeyi və ikili standartlar siyasəti təəssüf doğurur. Nazir bu və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı Azərbaycanın və Serbiyanın eyni mövqedən çıxış etmələrinin hər iki ölkə üçün qarşılıqlı fayda verəcəyini demişdir. Həmin gün E.Məmmədyarov Serbiyanın Baş naziri Mirko Tsvetkoviç ilə də görüşmüşdür. Baş nazir Serbiyanın Azərbaycan ilə iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini, ilk növbədə, energetika, neft, kimya və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdır.

M.Tsvetkoviç Serbiya ilə Rusiya, Qazaxıstan Ukrayna, Belarus və Türkiyə arasında azad ticarət haqqında sazişlərin imzalandığını demiş, ölkəsinin Azərbaycan ilə də belə bir əməkdaşlıq etmək arzusunda olduğunu qeyd etmişdir.

E.Məmmədyarov Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilən iqtisadi islahatlar, respublikamızın bir sıra, ilk növbədə, enerji sahəsində, iri strateji və regional layihələrin təşəbbüsçüsü və onları reallaşdıran ölkə olması barədə ətraflı məlumat vermişdir. Azərbaycanın da Serbiya ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğu bildirmişdir.

Azərbaycanın xarici işlər naziri Serbiyanın Baş nazirinin birinci müavini və daxili işlər naziri İvitsa Daçiç ilə də görüşmüşdür. İ.Daçiç ölkəsi ilə Azərbaycan arasında vətəndaşların vizasız gediş-gəlişi, həmçinin fövqəladə halların aradan qaldırılması haqqında sazişlər imzalamaq arzusunda olduğunu bildirmişdir.

Görüşdə qloballaşan dünyada beynəlxalq təhlükəsizlik, terrorçuluq, mütəşəkkil cinayətkarlıqla mübarizə və digər aktual məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.

E.Məmmədyarovun növbəti görüşü Serbiyanın müsəlman icmasının liderlərindən biri, Serbiya Sosial-Demokrat Partiyasının sədri, ölkə parlamentində Serbiyanın müsəlman icmasının məskunlaşdığı Sancak bölgəsinin təmsilçisi, Serbiyanın əmək və sosial siyasət naziri Rasim Lyayiç ilə olmuşdur.

R.Lyayiç keçmiş Yuqoslaviya ərazisində müharibə zamanı öz torpaqlarından didərgin düşərək Voyevodina diyarının mərkəzi Novi Sad şəhəri ərazisində məskunlaşan serb qaçqınlara, həmçinin Belqradda yerləşən Körpə, uşaq və yeniyetmələrin rifahı Fondu nəzdində fəaliyyət göstərən kimsəsiz ana və uşaq stasionarına göstərilmiş humanitar yardımlara görə Azərbaycan rəhbərliyinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirmişdir. O vurğulamışdır ki, bu addım Serbiya hökuməti tərəfindən yüksək qiymətləndirilmişdir.

Serbiyalı nazir ölkəsinin Azərbaycan ilə enerji, əmək şəraitinin yaxşılaşdırılması, turizm, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu demiş, bu istiqamətdə əməkdaşlıq haqqında sazişlərin imzalanması təklifi ilə çıxış etmişdir.

E.Məmmədyarov ölkələrimiz arasında bütün sahələrdə hərtərəfli əlaqələrin, həmçinin humanitar sahədə əməkdaşlığın inkişafı və müqavilə-hüquq bazasının genişləndirilməsi üçün imkanların olduğunu bildirmişdir.

Həmin gün Azərbaycanın xarici işlər naziri Yuqoslaviyanın keçmiş lideri İosip Broz Titonun mavzoleyini də ziyarət etmişdir.

E.Məmmədyarov, həmçinin Azərbaycanın Serbiyadakı səfirliyində olmuş, onun əməkdaşları, bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan iqtisadi-ticarət Palatasının üzvləri ilə görüşmüşdür. Azərbaycanın xarici işlər nazirinin Serbiyaya ikigünlük rəsmi səfəri başa çatmışdır.

 

 

Azərbaycan.- 2011.-6 may.- S. 8.