Fransanın Luvr Muzeyinin direktoru Anri Luaret Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşdur

 

Fransanın Luvr Muzeyinin direktoru Anri Luaret mayın 5-də Bakının yaxınlığındakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşdur.

Qonağa məlumat verilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edir. Burada hələ 1988-ci ildə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu yaradılmışdır. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədərki dövrə aid kurqanlar, sərdabalar, evlər, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. vardır.

Bu abidələrin qorunması, eləcə də Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır. İki hektar ərazisi olan muzey-kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədərki dövrü əhatə edən qayaüstü rəsmlər, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilmişdir.

Luvr Muzeyinin direktoru Anri Luaret muzey kompleksini gəzmiş, buradakı eksponatlarla tanış olmuşdur.

Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunun direktoru Fikrət Abdullayev məlumat vermişdir ki, dünyanın ən qədim insan məskənlərindən olan Azərbaycan ərazisi arxeoloji abidələrlə, maddi-mədəniyyət nümunələri ilə zəngindir. Tarixi abidələr baxımından Abşeron yarımadasının da xüsusi yeri vardır. Yarımadanın şimal-şərqində yerləşən Qala qəsəbəsində və ona bitişik ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur. Abidələrin öyrənilməsinə ötən əsrin 60-cı illərində başlanılmışdır. Qayaüstü rəsmlər mövzusuna və süjetlərinə görə çox rəngarəngdir. Burada ov, insanı qurban vermə, nikah, astronomik rəmzlər və sair səhnələr təsvir olunmuşdur.

Muzey-komplekslə tanışlıq zamanı Azərbaycanın ən qədim sənətkarlıq növlərindən sayılan dulusçuluq, nalbənd emalatxanaları da maraq doğurmuşdur.

Qonaq qədim abidələrdən olan Qavaldaş, Şüvəlan, Ağdaş düzü, Xaşaxuna, Zirə yaşayış məskənlərinin planına, qədim toyxana yerinə, tacir evinin maketinə, dəvələrə, Dübəndi və digər ərazilərdə arxeoloji qazıntılar zamanı aşkar olunmuş tapıntılara, qədim qəbiristanlıqdakı abidələrə də baxmış, muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonra qonaq Mərdəkan qalalarına böyük heyranlıqla tamaşa etmişdir.

 

 

Azərbaycan.- 2011.- 6 may.- S. 12.