İmişlidə Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir

 

Prezident İlham Əliyev mayın 5-də İmişli Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı kompleksin açılışını bildirən lenti kəsdi.

Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə bildirdi ki, bu, ölkədə istifadəyə verilən sayca 31-ci Olimpiya İdman Kompleksidir. İmişli şəhərinin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ilin oktyabrından başlanmışdır. Bu nəhəng idman qurğusunun inşası üçün 5 hektar torpaq sahəsi ayrılmışdır. Tikinti işləri ən yüksək səviyyədə aparılmış və mayın əvvəlində başa çatdırılmışdır. İkimərtəbəli kompleksin binasında universal idman zalı, üzgüçülük hovuzu, boks, güləş, trenajor, şahmat və konfrans zalları, eləcə də yeməkxana və mehmanxana fəaliyyət göstərir.

Bildirildi ki, kompleks İmişlidə idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunmuşdur. Kompleksin həyətindəki futbol, basketbol və voleybol meydançaları da idmançıların ixtiyarına verilmişdir. Olimpiya İdman Kompleksinin ərazisində 11 min kvadratmetrlik sahədə abadlıq və yaşıllaşdırma işləri aparılmış, ağac və gül kolları əkilmişdir. İdman qurğusu qazanxana, transformator yarımstansiyası, su anbarı, artezian quyuları ilə təmin olunmuş, mühafizə və yanğınsöndürmə sistemi quraşdırılmışdır.

Bildirildi ki, tikinti sahəsi 12 min kvadratmetr olan əsas bina 5 hissədən ibarətdir.

Dövlət başçısı birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostendlərə baxdı.

Prezident İlham Əliyev kompleksin birinci mərtəbəsində boks və güləş zalları ilə tanış oldu. Bildirildi ki, zallar bütün lazımi idman avadanlıqları ilə təchiz olunmuşdur.

Prezident İlham Əliyev burada idmançıların məşq prosesini izlədi və idmançılarla söhbət etdi.

Dövlət başçısı dedi: Yaxşı nəticələr olmalıdır. Medallar, qələbələr. İdmanla məşğul olmaq üçün gözəl şərait yaradılıb. Bu, bölgənin gözəl idman komplekslərindən biridir. Sağ olun.

İdmançılar: Çox sağ olun.

Prezident İlham Əliyev üzgüçülük hovuzuna baxdı. Hovuzun uzunluğu 25, eni isə 12,5 metrdir. Burada xüsusi nəmalma qurğusu quraşdırılmışdır. Hovuzdakı yarışları isə 120 nəfər izləyə biləcəkdir.

Binanın ikinci mərtəbəsində trenajor zalı, şahmat otağı və inzibati otaqlar yerləşir. Bu otaqlarda da hər cür şərait yaradılmışdır.

Kompleksin yeməkxanasından eyni vaxtda 100 nəfər istifadə edə biləcəkdir. 60 nəfərlik konfrans zalı da ikinci mərtəbədədir.

Prezident İlham Əliyev kompleksin mehmanxanası ilə də yaxından tanış oldu. Bildirildi ki, 15 otaqdan ibarət mehmanxana 32 yerlikdir. Burada həm idmançılar, həm də qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır.

Açıq havada quraşdırılan idman qurğuları ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada inşa edilmiş futbol, basketbol və voleybol meydançalarında həm rayon, həm də respublika səviyyəli yarışlar keçirmək mümkündür.

Universal idman zalı ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, idmanın müxtəlif növləri üzrə beynəlxalq səviyyəli yarışların da keçiriləcəyi zalın uzunluğu 48, eni 36 metrdir. Burada yarışları izləyəcək tamaşaçılar üçün 845 oturacaq quraşdırılmışdır. Zalda həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək üçün hər cür şərait yaradılmışdır. Kompleksdə mini kafe də fəaliyyət göstərəcəkdir.

Dövlət başçısı görülən işlərdən razılığını bildirdi.

Prezident İlham Əliyev burada İmişli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-7 may.- S. 2.