Azərbaycan tələbələrindən ermənilərə ağır zərbə

 

Estoniyanın paytaxtı Tallin şəhərində Avropa Tələbələr Birliyi İdarə Heyətinin 60-cı iclası keçirilir. İclasa 38 ölkədən 45 milli tələbələr birliyinin 100-ə yaxın nümayəndəsi qatılmışdır.

ATB-dən AzərTAc-a bildirmişlər ki, idarə heyətinin iclası ilə yanaşı, mayın 2-dən 4-dək tələbə birliklərinin iştirakı ilə ali təhsilin maliyyələşdirilməsi mövzusunda seminarlar təşkil olunmuşdur. Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov hər iki tədbirdə iştirak etmişdir.

Ali təhsillə bağlı keçirilən seminarda ali təhsildə sosial aspektlər, tələbə hüquqları, ali təhsildə gender və s. mövzular ətrafında müzakirələr aparılmışdır. Müzakirələrə beynəlxalq təşkilatların nümayəndələri də qonaq və ekspert qismində qatılmışlar.

İdarə heyətinin iclasında Avropa Tələbələr Birliyinə sədr, müavin vəzifələrinə seçkilər keçirilmişdir. Bundan başqa, Avropa Tələbələr Birliyinə yeni üzvlərin qəbul edilməsi də müzakirə olunmuşdur.

İdarə heyətinin iclasının ilk günü Ermənistan Milli Tələbələr Assosiasiyasının üzvlük məsələsi müzakirə edilmişdir. Azərbaycan Tələbələr Birliyinin rəhbəri Elvin Aslanov Ermənistandakı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin xəyanətkarlığını və digər məsələləri tutarlı faktlarla Avropa Tələbələr Birliyinin üzvlərinin nəzərinə çatdırmış və nəticədə səsvermə ilə Ermənistan Milli Tələbələr Assosiasiyası Avropa Tələbələr Birliyinə qəbul edilməmişdir.

Həmçinin Elvin Aslanovun Avropa Tələbələr Birliyinin yeni nəşr edilmiş "Heç bir tələbə kənarda qalmayıb" adlı kitabında Azərbaycandakı tələbə hüquqlarının təcrübəsi, ATB-nin bu sahədə həyata keçirdiyi "Azərbaycanda tələbə hüquqlarının təbliği" layihəsi və bu sahədə Azərbaycan təcrübəsi barədə məqaləsi dərc olunmuşdur.

İdarə heyətinin iclasının keçirildiyi günlərdə Azərbaycan Tələbələr Birliyinin sədri E.Aslanov bir neçə ölkənin milli tələbələr birliyinin nümayəndələri ilə əməkdaşlıqla bağlı müzakirələr keçirmişdir.

 

 

Azərbaycan.- 2011.- 7 may.- S. 11.