"Heydər Əliyev və Azərbaycanın müasirləşmə strategiyası"

 

Yeni Azərbaycan Partiyası mayın 7-də "Gülüstan" sarayında partiyanın yaradıcısı, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanın müasirləşmə strategiyası" mövzusunda konfrans keçirmişdir.

AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, dünya şöhrətli siyasi xadimin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üstünə gül-çiçək düzülmüşdür.

Prezident Administrasiyasının məsul işçilərinin, nazirlərin, dövlət komitələrinin, şirkətlərin və agentliklərin rəhbərlərinin, Milli Məclisin deputatlarının, tanınmış ziyalıların iştirak etdiyi konfransı giriş sözü ilə YAP sədrinin müavini-icra katibi, parlamentin deputatı Əli ƏHMƏDOV açmışdır.

O bildirmişdir ki, 2003-cü ildən başlayaraq, Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin zəngin irsinin ətraflı öyrənilməsi və təbliği məqsədi ilə hər il onun anadan olduğu gün ərəfəsində çoxsaylı tədbirlər, həmin günə həsr edilmiş konfrans keçirir. Bu il də əvvəlki illərdə olduğu kimi, müxtəlif tədbirlər təşkil edilir, konfransın materialları isə partiyanın icra katibliyi tərəfindən toplanaraq eyni adlı kitab şəklində çap olunmuşdur.

YAP sədrinin müavini qeyd etmişdir ki, xalqımız ulu öndərin doğum gününü ümummilli bayram kimi qeyd edir. Ölkəmizin hər yerində, dünyanın azərbaycanlıların yaşadığı hər bir ölkəsində ulu öndərin xatirəsi bu il də geniş şəkildə anılır, ona insanların dərin hörmət və ehtiramı bir daha vurğulanır.

Əli Əhmədov bildirmişdir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün özünün müsbət nəticələrini verməkdədir. Ölkəmizin sürətlə inkişaf etdiyini deyən YAP sədrinin müavini qeyd etmişdir ki, artıq Azərbaycan yeniləşir, müasirləşir və modernləşir.

Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın müasirləşməsi məsələsi onun fəaliyyətində əhəmiyyətli yer tutmuşdur. Ulu öndərin baxışları prizmasından yanaşsaq, müasirləşmə, modernləşmə Azərbaycanın iqtisadiyyatından tutmuş həyatımızın bütün sferalarının müasir tələblər baxımından yeniləşməsi məfkurəsini və təcrübəsini özündə ehtiva edir. Modernləşmə hər şeydən əvvəl iqtisadiyyatın sürətli inkişafının etibarlı və əzəmətli resursu kimi qavranılır. Eyni zamanda, modernləşmə dedikdə, istehsalın müasir rəqabət tələblərinə uyğunlaşmasını təmin edən amillər nəzərdə tutulur. Digər tərəfdən, modernləşmə insan fəaliyyətinin bütün sferalarında elmin və yeni texnologiyaların tətbiqini özündə ehtiva edir.

Həmçinin modernləşmə ictimai kommunikasiyanın ən müasir yeni formalarının tətbiq edilməsi kimi başa düşülür. Nəhayət, modernləşmə təbii ki, insanın yeni həyat keyfiyyətinin təmin edilməsi amillərinin məcmusudur.

Azərbaycanın müasirləşmə strategiyasının həyata keçirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldığını, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini deyən YAP sədrinin müavini bildirmişdir ki, bu strategiya dövlətimizin daha da güclənməsinə, insanların yüksək rifahına xidmət edir.

Əli Əhmədov əmin olduğunu bildirmişdir ki, bu konfransın keçirilməsi, tədbirdə səslənən dəyərli ideyalar qarşıdakı dövrlərdə ictimai fikrimizdə Azərbaycan cəmiyyətinin müasirləşməsi məsələlərini ciddi araşdırmalar və tədqiqatlar obyektinə çevirəcəkdir.

Sonra konfransda baş nazirin birinci müavini, YAP Siyasi Şurasının üzvü Yaqub EYYUBOV "Heydər Əliyev iqtisadi modeli, müasir inkişafımızın əsasıdır" mövzusunda məruzə ilə çıxış etmiş, ümummilli liderlə bağlı xatirələrini bölüşmüşdür. Talenin onun həyatını ulu öndər Heydər Əliyevlə bağladığına görə özünü xoşbəxt hiss etdiyini vurğulayan Y.Eyyubov hələ tələbə olduğu zaman dahi şəxsiyyətin daim Azərbaycanın gələcəyini düşünərək gəncliyə göstərdiyi böyük diqqət və qayğının şahidi olduğunu bildirmişdir. Həyatımın müxtəlif sahələrində, təhsildə, dövlət qulluğunda ulu öndərlə birgə işləmək mənə nəsib olmuşdur. Bu gün də bu yola sadiq qalan ulu öndərin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışıram.

Azərbaycan xalqının ümummilli lideri haqqında danışmağın heç də asan məsələ olmadığını qeyd edən Y.Eyyubov vurğulamışdır ki, "Mən fəxr edirəm ki, azərbaycanlıyam" deyib mənalı ömrünü xalqına bəxş etmiş bir insan haqqında söz demək həm şərəfli, həm də məsuliyyətlidir. Onun fəaliyyət dairəsi o qədər geniş və əhatəlidir ki, bu haqda nə qədər də danışsaq, azdır.

Ulu öndər Heydər Əliyev son bir neçə əsrdə xalqımızın yetirdiyi ən nadir şəxsiyyət və qüdrətli dövlət xadimi kimi Azərbaycanın tarixində çox dərin izlər qoymuşdur. Ümummilli lider hakimiyyətdə olduğu bütün zamanlarda var qüvvəsi ilə ölkəmizin gələcək inkişafı, firavanlığı və müstəqilliyi naminə yorulmadan çalışmışdır.

Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu dövrdə sosial-iqtisadi sahədə əldə edilən uğurlar barədə konkret faktlarla danışan baş nazirin birinci müavini qeyd etmişdir ki, dövlət idarəçiliyində ulu öndərin özünəməxsus dəst-xətti, dəmir prinsipiallığı, proseslərə müntəzəm şəxsi nəzarəti, tələbkarlığı və obyektivliyi tezliklə öz nəticələrini verirdi. 1970-80-ci illərdə Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələri sürətli inkişaf yoluna qədəm qoymuş, sənaye məhsulunun artım sürətinə görə Azərbaycan keçmiş SSRİ-də öncül yerlərdən birinə cıxmış, 1985-ci ildə isə əsas istehsal fondlarının dəyəri 1969-cu illə müqayisədə 2 dəfə artmış, əsas fondların 69 faizi tamamilə yenilənmişdi.

Ulu öndər sanki Azərbaycanın gələcək müstəqillik günlərini görür və dirçəlişin təməlini qururdu.

Y.Eyyubov qeyd etmişdir ki, çox qısa zamanda, 1976-82-ci illər ərzində Azərbaycanda 15 mühüm sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, 12 iri müəssisənin istehsal gücü artırılmış, buraxılan məhsulun nomenklaturu xeyli genişlənmiş, fəaliyyətdə olan bir çox maşınqayırma zavodları texniki cəhətdən müasirləşdirilmişdi. Xüsusilə Heydər Əliyevin şəxsi təşəbbüsü və daimi nəzarəti altında Bakı məişət kondisionerləri zavodunun qısa vaxt ərzində - cəmi 2 ilə ərsəyə gətirilməsi o zaman bütün keçmiş İttifaq respublikalarında nadir hadisə kimi qarşılanmış, respublikanın şöhrətini daha da artırmışdı. Azərbaycanda etilen və polietilen istehsalı, sintetik kauçuk, mineral gübrələr, yuyucu tozlar və digər məhsullar istehsal edən iri komplekslər istifadəyə verilir, Sumqayıtdakı müəssisələrin demək olar ki, hamısı köklü surətdə yenidən qurulurdu. Respublikada ilk dəfə çoxsahəli əlvan və qara metallurgiya kompleksi yaradılmış, boru-prokat zavodu texniki cəhətdən tamamilə yenidən qurulmuşdu.

Baş nazirin birinci müavini vurğulamışdır ki, bütün bu işlər yalnız Heydər Əliyevin fenomenal uzaqgörənliyinin və bacarığının, şəxsi əzmkarlığının, əlbəttə ki, Vətənə böyük sevgisi sayəsində mümkün olmuş, reallığa çevrilmişdi. Əminliklə deyə bilərik ki, məhz həmin dövrlərdə yaradılan iqtisadi potensial çox sonralar özünün dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın inkişafı üçün yaxşı təməl idi.

Baş nazirin birinci müavini məruzəsində ulu öndərin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının müstəqillik illərində də qazandığı uğurları qeyd etmiş, sosial-iqtisadi inkişaf ilə bağlı qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişdir.

Y.Eyyubov inamla vurğulamışdır ki, Azərbaycanın güclənən mövqeləri, iqtisadiyyatının inkişafı, beynəlxalq nüfuzunun artması, xüsusən, Prezident İlham Əliyevin siyasi iradə nümayiş etdirməsi, xalq-iqtidar birliyi 2011-ci ildə qarşıda duran vəzifələrin uğurla yerinə yetiriləcəyinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tələbləri səviyyəsində və ölkəmizin maraqları çərçivəsində həll olunacağına əsas yaradır. Əminliklə demək olar ki, 2011-ci il də ölkəmizin inkişafı üçün uğurlu olacaqdır.

Bu həm də o deməkdir ki, ulu öndərin sosial-iqtisadi inkişaf konsepsiyası məhz onun arzuladığı kimi uğurla davam etdirilməkdədir. İndi bu böyük siyasəti xüsusi əzmkarlıq və iradə ilə yeni düşüncəli, müasir tipli bir rəhbər davam etdirir.

Ölkənin davamlı inkişafına, milli maraqlarımıza, xalqın rifahının yaxşılaşdırılmasına xidmət edən iqtisadi-sosial strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilərək, onun ardıcıl, məqsədyönlü və praqmatik siyasəti sayəsində müvəffəqiyyətlə reallaşdırılmaqdadır.

Biz tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf xəttini inamla davam etdirərək ölkəni irəliyə, intibaha doğru aparacaqdır.

Konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü Əli HƏSƏNOV "Heydər Əliyev və Azərbaycanın müasir geosiyasi inkişafı" mövzusunda çıxış edərək müasir dövrdə ölkəmizin dünyada və bölgəmizdəki mövqeyi barədə geniş məruzə etmişdir.

Müasir müstəqil dövlətimizin formalaşması, inkişafı və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açan şöbə müdiri bildirmişdir ki, qısa zaman kəsiyində Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa edilməsi, ardıcıl milli dövlət quruculuğu və sosial-iqtisadi siyasətin həyata keçirilməsi, bazar iqtisadiyyatı mexanizmlərinin yaradılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi və biznes mühitinin liberallaşdırılması həyata keçirildi. Beynəlxalq aləmlə hərtərəfli işgüzar münasibətlərin qurulması, respublika iqtisadiyyatına xarici investisiya və texnologiyaların cəlb edilməsi, Xəzər dənizinin milli sektorundakı neft-qaz yataqlarının birgə istismarı, inkişaf etmiş Qərb dövlətləri və onları təmsil edən şirkətlərlə bərabərhüquqlu, qarşılıqlı-faydalı, müştərək tərəfdaşlıq əlaqələrinin yaradılması ölkənin gələcək geosiyasi uğurlarının müvəffəqiyyətli sonluğunu şərtləndirdi.

Şöbə müdiri qeyd etmişdir ki, Cənubi Qafqazda reallaşdırılan transmilli enerji, nəqliyyat-kommunikasiya və dəhliz layihələrinin işə düşməsi faktiki olaraq Azərbaycanı Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın lider dövlətinə çevirdi.

Ümummilli lider Heydər Əliyevin geosiyasi təlimindən çıxış edən Əli Həsənov hazırkı onillikdə və növbəti yüz ildə Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələri, ölkənin gələcək geosiyasi uğurlarını təmin edəcək milli strateji xəttin təsnifatını vermişdir. Bildirmişdir ki, buraya birinci növbədə Cənubi Qafqazın lider dövləti geosiyasi statusunun qazanılması, möhkəmləndirilməsi və qorunub saxlanması daxildir.

Şöbə müdiri vurğulamışdır ki, Azərbaycan öz iqtisadi inkişaf potensialına və milli resurslarına görə faktiki olaraq regionun lider ölkəsinə çevrilmişdir.

Natiq bildirmişdir ki, növbəti addım Avropa və dünyanın enerji təhlükəsizliyi sahəsindəki mövqeləri qorumaq, gücləndirmək və ölkənin milli maraqları ilə sıx əlaqələndirməkdən ibarətdir. Vurğulanmışdır ki, Avropa Birliyinin enerji təhlükəsizliyində həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi tanınması XXI əsrdə Azərbaycanın geosiyasi dəyərini artırması üçün geniş perspektivlər yaradır.

Qeyd olunmuşdur ki, növbəti geostrateji xətt enerji ixracı marşrutlarının şaxələndirilməsi və yeni satış bazarları axtarışının davam etdirilməsindən ibarətdir. Azərbaycan Avropa və Asiyanın nəqliyyat-kommunikasiya dəhlizlərinin və neft-qaz ixracatı marşrutlarının üzərində yerləşir.

Ölkənin dünyada önəmli rol oynayan dövlətlərlə geoiqtisadi münasibətlərinin taktikasının düzgün müəyyənləşdirilməsi, neft-qaz ixracı marşrutlarının şaxələndirilməsi və səmərəli istifadəsinin təşkili, xarici aləmlə mövcud nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi, dünyada yeni satış bazarlarının axtarılması və orada möhkəmlənməsi Azərbaycanın 2010-2020-ci illərdə reallaşdıracağı əsas geosiyasi və geoiqtisadi vəzifələr sırasına daxildir.

Natiq bildirmişdir ki, növbəti geostrateji xətt geosiyasi mövqelərin möhkəmləndirilməsi taktikasının çevikləşdirilməsi və sistemli təminatından ibarətdir.

Qeyd olunmuşdur ki, Dağlıq Qarabağ probleminin həllinə dinc yolla nail olunması növbəti geosiyasi xətti təşkil edir. Hazırda Azərbaycan özünün və ümumilikdə regionun geosiyasi, geoiqtisadi maraqları və perspektivi baxımından, bütün daxili və xarici münaqişələrin tezliklə, yeni müharibəyə əl atmadan sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi çıxış edir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinin 20 ildən artıq davam etməsi və beynəlxalq aləmin buna ikili standartlar çərçivəsində yanaşması Azərbaycanın təkcə səbrini tükətmir, həm də getdikcə müharibəyə başlamaq ehtimalını artırır.

Şöbə müdiri vurğulamışdır ki, növbəti geosiyasi vəzifələrə Qərblə əməkdaşlığı zəiflətmədən, Türkiyə ilə strateji münasibətlərin dərinləşdirilməsi, Rusiya və İranla qarşılıqlı maraqlara söykənən tərəfdaşlıq münasibətlərinin yaradılması və inkişaf etdirilməsi; ABŞ-İran geosiyasi ziddiyyətləri fonunda hər iki dövlətlə dostluq və tərəfdaşlıq münasibətlərinin qorunması; yeni geosiyasi reallıqlara və bundan irəli gələn qlobal çağırışlara operativ reaksiya verilməsi, strateji tərəfdaşlarla geosiyasi münasibətlərə xələl gətirmədən daha praqmatik siyasət yürüdülməsi; dünyada baş verən son qlobal dəyişikliklərin mahiyyəti, Cənubi Qafqazda formalaşmış geosiyasi reallıqlar və onun yeni təzahür formalarının ciddi təhlil olunması, proseslərə təsir göstərən amilləri, onların meydana gəlməsi səbəblərini və digər məsələlərin araşdırılması, mövcud şəraitdə Azərbaycanın geosiyasi və geoiqtisadi addımlarını, transmilli layihələrlə bağlı prioritet vəzifələrini, onların təmin olunması yollarını və vasitələrini praqmatik şəkildə dəyərləndirməkdən ibarətdir.

Professor Əli Həsənov bildirmişdir ki, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətinin ifşa edilməsi və dünyada effektli antierməni siyasətinin aparılması da geosiyasi vəzifələr sırasında xüsusi yer tutur.

Şöbə müdiri xüsusi qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş bu geosiyasi vəzifələr onun böyük tarixi xidmətlərindəndir və həmin xətt bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar MURADOVA "Müasir Azərbaycan: Heydər Əliyev ideyaları ilə uğurlu inkişaf yolunda" mövzusunda məruzə ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, bu gün ölkəmizin qazandığı nailiyyətlərin əldə olunması, müasir Azərbaycanın ərsəyə gəlməsi, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı ulu öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu xəttinə əsaslanır. Azərbaycanın müstəqilliyinin əbədi olacağını vurğulayan B.Muradova qeyd etmişdir ki, Heydər Əliyevin yaratdığı iqtisadi model bu gün uğurla həyata keçirilməkdədir.

 

* * *

 

Fasilədən sonra konfrans işini "Heydər Əliyev siyasəti və müasirləşmə", "Modern cəmiyyət quruculuğu: nəzəri və praktik varislik" və "İqtisadi modernləşmə: reallıqlar və perspektivlər" mövzularında bölmə iclaslarında davam etdirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-8 may.- S. 4, 5.