"İsrafildən ibrət alın"

 

Müharibə dövründə belə deyirdilər

 

Bu hadisə 1941-ci il dekabr ayının 3-də baş vermişdir. Kiçik leytenant İsrafil Məmmədovun taqımı Novqorod yaxınlığında, Pustınka kəndinin yanında mühüm bir qərargahı qoruyurdu. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, gəncəli döyüşçü şəxsən özü yetmiş nəfərə yaxın alman əsgərini və zabitini öldürərək qərargahı xilas etdi. Bu hünərə görə o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Dekabr ayının 15-də Şimal-Qərb cəbhəsinin komandanı general-leytenant P.Kuroçkin Novqoroda gələrək təntənəli surətdə İsrafil Məmmədova Lenin ordenini və qəhrəmanın Qızıl ulduzunu təqdim etdi. Sonra igid döyüşçüyə öz döyüş avtomatını bağışladı.

Gəncə bahadırının adı sovetlər diyarının hər yanına yayıldı. Ölkənin ən nüfuzlu qəzetləri İsrafil Məmmədov haqqında yazılar verirdi. Onlardan biri - "Krasnaya zvezda" qəzeti eloğlumuzu hamıya nümunə göstərir, döyüşçüləri ondan dərs almağa çağırırdı. Qəzet yazırdı ki, "Bilmək istəsəniz, cəbhə dostluğu, döyüşdə əsl qayğı, kömək nədir, iftixarla deyə bilərik: Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova baxın və ondan ibrət götürün!"

O təntənəli günlərdə bütün Azərbaycan bayram edirdi. Ulu öndər Heydər Əliyev demişkən: "Müharibənin ilk illərində Gəncənin yetirməsi, bizim ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov Azərbaycan xalqına nə qədər böyük sevinc gətirdi!"

Gəncədə keçirilən mitinqlərdə ölkəmizin görkəmli elm və mədəniyyət xadimləri iştirak edirdilər. Mərkəzi meydanda keçirilən ümumxalq mitinqində adam əlindən tərpənmək olmurdu. Alovlu vətənpərvər Səməd Vurğunun, ölməz Üzeyir Hacıbəylinin ürək sözləri hamının qəlbindən xəbər verirdi.

1942-ci ilin may ayında ilk dəfə yaralanıb yenicə dirçələn İsrafil Məmmədov Azərbaycana gəldi. Qəhrəmanın qədəmlərinə hər yerdə gül-çiçək səpilirdi. Təcili ona Caparidze küçəsində (indi Mirzə Abbas Abbaszadə adlanır) üçmərtəbəli binanın birinci mərtəbəsində üçotaqlı mənzil ayrıldı. Xırda-para təmir-bərpa işləri aparıldı. Qab-qacaq, mebel, məişət avadanlığı gətirildi. Həmin ev sonralar əldən-ələ keçsə də, səksəninci illərdə yenidən bərpa edilərək İsrafil Məmmədovun mənzil-muzeyinə çevrildi.

Gəncənin iftixarı olan Xan bağında xalqımızın iki incisi, iki uca zirvəsi qoşa addımlayırdı. Səməd Vurğun ilhamla danışır, İsrafil Məmmədov isə sakitcə, hörmətlə dinləyirdi.

- Ayə, igid bala, bir bəri dur.

Qəfildən şair onu kölgəyə sarı çəkdi.

- Gəlsənə bir şəkil yapdıraq, bilmək olmaz bu dünyanın işini...

Yanaşı oturdular. Şəkil çəkənlər də ki bir himə bənddilər. Sonra şair əlini qəhrəmanın çiyninə qoydu. Qartal gözləri qıyıldı. Sanki incilər bir-bir sapa düzüldü.

 

Oxu bu şeirimi, al salamımı,

Gözümdə qoymadın mənim kamımı.

İnan ki, aləmdə nə qədər sağam,

Sənin dastanını mən yazacağam.

 

İsrafil Məmmədov 1943-cü ilin mayında ikinci dəfə yaralandı. Bakıda komsomolun mərkəzi komitəsində ona iş verdilər. Dayanmadı, ərizə yazıb cəbhəyə getdi. Bu dəfə "Qırmızı ulduz" ordeninə layiq görüldü.

Qələbəyə az qalmış yenidən qartal qanadı qırıldı. 1945-ci ilin fevral ayında üçüncü dəfə ağır yara aldı. Qəhrəmanın səhhəti tamam ağırlaşdı. Elə bu yaradan da 1946-cı ilin may ayının 1-də Yaltadakı hərbi hospitalda dünyasını dəyişdi.

1985-ci il may ayının 6-da qələbənin qırx illiyi ilə əlaqədar olaraq Gəncədə mənzil-muzeyin rəsmi açılışı oldu. Qəhrəmanın həyat yoldaşı Yevdokiya İvanovna da gəlmişdi. Elimizin igid oğlunun ciyərparaları - Qalina və Svetlana da. İsrafil Məmmədovun çox sevdiyi Xan bağında abidəsi ucaldıldı. Nə yaxşı ki, indi Gəncədə aparılan geniş abadlıq-quruculuq işləri ilə əlaqədar onun mənzil-muzeyi də əsaslı bərpa olundu, abidəsi də.

Bu da vətənin mərd oğullarına olan hörmət və ehtiramının bir nişanəsidir. Muzeyin fəaliyyəti ilə ətraflı tanış olan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev deyir ki, qədim Gəncənin tarixində xüsusi yeri və rolu olan insanları, elimizin mənəvi çıraqlarını, xalqımızın müqəddəs yerlərini daha dərindən tanıtmalıyıq. Ulu Nizaminin məqbərəsi yenidən qurulur. Şəhidlər xiyabanı yaradılır. İmamzadə kompleksində qızğın iş gedir. İstiqlal meydanı güllər diyarına çevrilib. Sənətkar Bəndər, igid Cavad xan, cümhuriyyətin ölməz liderlərinin, İsrafil Məmmədov kimi elin adını əbədi ucaldan digər oğulların xatirəsinin əbədiləşdirilməsi müqəddəs borcumuzdur.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.-8 may.- S. 10.