Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Bakıda möhtəşəm Gül bayramı təşkil edilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev Gül bayramında olmuşdur

 

 Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olmuşlar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına məlumat verdi ki, səhər tezdən başlayaraq paytaxt sakinləri dünyanın 50-dək ölkəsindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parka gəlirlər.

Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş, postament ağ güllərlə hörülmüşdür.

Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini ziyarət etdilər, başdan-başa bahar ətirli güllərə qərq olmuş parkın gözəlliyini seyr etdilər.

Müxtəlif güllərdən yığılmış "xalça"lar və türk dünyasının böyük oğlu Heydər Əliyevin tər çiçəklərdən "toxunmuş" portret xalçası orijinallığı ilə göz oxşayırdı. Cürbəcür çiçəklərdən yığılmış "88" rəqəminin təsvir olunduğu kompozisiya da diqqəti cəlb edirdi.

Bu gün xüsusi görkəm almış parkda diqqəti çəkən kompozisiyalardan biri də tarixi abidələrimizin təsviridir. Bu baxımdan Qız qalasının güllərdən hazırlanmış maketi xüsusi fərqlənir. Park həm də nağıllar aləmini xatırladırdı. Burada əlvan güllərdən hazırlanmış "Tıq-tıq xanım", "Göyçək Fatma" və digər nağıl qəhrəmanları vardır.

Rəngarəng kompozisiyalardan, pannolardan ibarət sərgilər Gül bayramına gələnləri biri digərindən cəlbedici olan bu gözəlliyin önündə dönə-dönə ayaq saxlamağa vadar edirdi.

Fəvvarələrin ətrafından tutmuş hər tərəf bir-birindən gözəl, bahar təravətli gül-çiçək içində idi. Bir-birini əvəz edən musiqi nömrələri bayram ovqatını daha da yüksəldirdi.

Mehriban xanım Əliyevaya və ailə üzvlərinə xüsusi növdən olan ağ zanbaqlardan buketlər təqdim edildi. Məlumat verildi ki, bu ağ zambaqlar Holland-Azərbaycan Dostluq Cəmiyyəti ilə Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası tərəfindən dünyada ilk dəfə olaraq Mehriban xanımın adına yetişdirilmiş və bundan sonra onun ismini daşıyacaqdır.

Dövlətimizin başçısı, Mehriban xanım Əliyeva və ailə üzvləri Holland-Azərbaycan Dostluq Cəmiyyətinin direktoru Marion van der Vegtlə xatirə şəkli çəkdirdilər.

M.van der Vegt Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyasının yeni zanbaq növünə verdiyi sertifikatı imzalamaq üçün Mehriban xanım Əliyevaya təqdim etdi.

Azərbaycanın birinci xanımı yeni zanbaq növünün yetişdirilməsi münasibətilə cəmiyyətin direktorunu təbrik etdi, onlara müvəffəqiyyətlər arzuladı.

Qeyd edək ki, əsası 1860-cı ildən qoyulmuş Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası dünyada müxtəlif növ zanbaqların yetişdirilməsi ilə məşhurdur. İki il əvvəl belə zanbaq növlərindən birinə ümummilli lider Heydər Əliyevin adı verilmişdir. Bu zanbaq növünün adı digərləri kimi dünyanın məşhur gül kataloqlarına düşmüşdür. Ulu öndər Heydər Əliyevin adına yetişdirilmiş bənövşəyi rəngli zanbaq növü öz gözəlliyi ilə göz oxşayır. Hər il bayram ərəfəsində istirahət parklarında, meydanlarda əkilən bu zanbaqlar şəhərimizin görkəminə xüsusi yaraşıq verir.

Prezident İlham Əliyev və ailə üzvləri gül kompozisiyalarına maraqla tamaşa etdilər. Güllərdən hazırlanmış müxtəlif mənzərələr, orijinal lövhələrdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərinə aid fotoşəkillər böyük maraq doğurdu.

Üzərində ulu öndərin portreti, müxtəlif çiçəklər əks olunmuş 30 metr hündürlüyündə iki hava şarı da maraqla qarşılandı. Bildirildi ki, onlar bu gün axşam havaya buraxılacaqdır.

Gül bayramı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunduğu üçün nümayiş etdirilən hər bir gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə məhəbbət hissi diqqəti cəlb edir.

Gül və müxtəlif nağıl qəhrəmanları kimi bəzənmiş, bayramı daha da gözəlləşdirən uşaqlar Prezident İlham Əliyevi və ailə üzvlərini özlərinə xas səmimiyyətlə salamladılar.

Dövlətimizin başçısı və ailə üzvləri uşaqlarla söhbət etdilər, ulu öndər Heydər Əliyevin gül-çiçəyə qərq olmuş abidəsi önündə fidan balalarla xatirə şəkli çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 11 may.- S. 1, 2.