Azərbaycan ilə Serbiya arasında münasibətlər yüksək səviyyədədir

 

Mayın 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Serbiyanın xarici işlər nazirinin müavini Zoran Vuyiç ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Məmmədyarov bu yaxınlarda Serbiyaya səfərini xatırlatmışdır. Azərbaycan ilə Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan nazir bunun həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlıqda öz əyani təzahürünü tapdığını bildirmişdir. Bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilmişdir.

Qonaq ölkəmizə səfərinin Serbiya ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyini vurğulamışdır. Z.Vuyiç Serbiyanın Azərbaycan ilə yalnız neft sahəsində deyil, eyni zamanda, qeyri-neft sektorunda da əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu demişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 12 may.- S. 3.