Sevastopolda azərbaycanlı döyüşçülərin bərpa edilmiş abidəsinin açılışı olmuşdur

 

Sevastopoldakı Sapun-qorada 77-ci Azərbaycan diviziyası döyüşçülərinin şərəfinə ucaldılmış memorial kompleksdə bərpa işləri başa çatmış və kompleksin təntənəli açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Krım Azərbaycanlılar İcmasının (KAİ) sədri Rəhim Hümbətov açılış mərasimində çıxış etmişdir. O, Krımın faşistlərdən azad edilməsində azərbaycanlıların, xüsusən 77-ci Azərbaycan diviziyasının fəal iştirak etməsindən söhbət açaraq bildirmişdir ki, azərbaycanlılar faşistlərə qarşı partizan dəstələri sıralarında da döyüşmüşlər.

Sonra Balaklava rayon dövlət administrasiyasının başçısı Nikolay Xarutaya söz verilmişdir. Abidənin bərpasına xeyli qüvvə sərf etmiş N.Xaruta bildirmişdir ki, bu abidənin qaydaya salınmasını özü üçün şərəf işi hesab edirdi, çünki ölkənin o çətin günlərində müxtəlif millətlərdən olan insanlar, o cümlədən azərbaycanlılar əlinə silah götürüb planeti faşizm taunundan xilas etmişlər.

Ukrayna Azərbaycanlılar Konqresinin Sevastopol təşkilatının sədri Adil Cabbarov memorial kompleksdə bərpa işləri zamanı göstərilmiş operativliyə görə Balaklava rayon dövlət administrasiyasının rəhbərliyinə təşəkkürünü bildirmişdir. O, Balaklava rayonunun rəhbərliyinə təşəkkür məktubu təqdim etmişdir.

Mitinqdə Balaklava rayon dövlət administrasiyası başçısının müavini Sergey Rezniçenko, UAK Sevastopol təşkilatının idarə heyətinin üzvü Hidayət Musayev, Krım Azərbaycanlılar İcmasının idarə heyətinin üzvü, Simferopol Jeleznodarojnı rayon şurasının deputatı Meydan Şamilov, Krım Azərbaycanlıları İcması yanında Krım Azərbaycanlı Gənclər İttifaqının üzvü Nizami Hümbətov, Azərbaycandan gəlmiş qonaqlar və başqaları çıxış etmişlər.

Tədbirin təşkil edilməsində Krım Azərbaycanlıları İcması yanında Krım Azərbaycanlı Gənclər İttifaqının üzvləri fəal iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.-12 may.- S.5.