Milli Aviasiya Akademiyasında Rusiya Qəhrəmanı Sergey Treşşov ilə görüş olmuşdur

 

Təyyarəçi-kosmonavt, Rusiya Qəhrəmanı Sergey Treşşovun və "Roskosmos"un təmsilçilərinin daxil olduğu nümayəndə heyəti Yuri Qaqarinin kosmosa uçuşunun 50 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində Bakıya gəlmişdir. Səfər "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmişdir.

AzərTAc xəbər verir ki, Rusiya nümayəndə heyətinin üzvləri mayın 17-də Milli Aviasiya Akademiyasında akademiyanın müəllimləri və kursantları, Azərbaycan Milli Elmlər Akademiyasının, Milli Aerokosmik Agentliyin və gənclər təşkilatlarının nümayəndələri ilə görüşmüşlər.

Görüş iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin akademiyada ucaldılmış büstü önünə tər çiçəklər qoymuşlar.

İnsanın kosmosa ilk uçuşu haqqında tematik fotosərginin açılışı olmuş, Sergey Treşşovun "Endevaour" şattlında uçuşuna həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.

Görüşdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Rusiya Qəhrəmanı Sergey Treşşov, "Azərbaycan Hava Yolları" QSC-nin baş direktorunun müavini İlham Əmirov, Bakı Slavyan Universitetinin tələbəsi İlya Malışev, Milli Aerokosmik Agentliyi baş direktorunun birinci müavini Tofiq Süleymanov çıxış etmişlər.

Çıxışlarda kosmosun öyrənilməsi sahəsində Rusiya və sovet elminin nailiyyətləri, Azərbaycan alimlərinin kosmik fəzanın öyrənilməsinə töhfəsi qeyd edilmişdir.

Sergey Treşşov qeyd etmişdir ki, bu gün Rusiyanın kosmik sənayesində fəaliyyət göstərən onlarca konstruktor bürosu və müvafiq müəssisələr növbəti kosmonavtın uçuşunu hazırlayırlar. Onun sözlərinə görə, azərbaycanlılar hələ SSRİ dövründə də kosmosun öyrənilməsi işinə böyük töhfə vermişlər. Əfsanəvi şəxsiyyət, Sosialist Əməyi Qəhrəmanı, Stalin, Lenin və SSRİ Dövlət Mükafatları Laureatı, 1961-1991-ci illərdə Pilotlu Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri, uzun müddət "məxfi adam" olmuş general-leytenant Kərim Kərimovu kim tanımır?! Əslən Bakıdan olan, hazırda Baş Kosmos İdarəsində işləyən Sovet İttifaqı Qəhrəmanı Musa Manarov öz vətənini daim xatırlayır.

Kosmonavt Rusiya ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığın indiki vəziyyətindən söhbət açaraq qeyd etmişdir ki, bu məsələlər dövlət və hökumət başçılarının diqqət mərkəzindədir. Azərbaycanda Milli Aerokosmik Agentlik, Milli Aviasiya Akademiyası səmərəli fəaliyyət göstərir. Burada yüksək ixtisaslı mütəxəssislər çalışır, yaxşı uçuş kadrları hazırlanır. Rusiya və Azərbaycanın qarşısında, o cümlədən kosmos sahəsində də ümumi vəzifələr çoxdur.

Sergey Treşşov kursantların və ali məktəb müəllimlərinin çoxsaylı suallarına cavab vermişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin baş direktorunun müavini İlham Əmirov qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 15 iyun tarixli qərarına əsasən, aviasiya kadrlarının hazırlanması, onların ixtisas səviyyəsinin artırılması və yenidən hazırlanması üçün zəruri şərait yaradılması məqsədilə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin ixtisasartırma və kadrların yenidən hazırlanması üzrə təlim-məşq mərkəzinin (TMM) əsasında Milli Aviasiya Akademiyası yaradılmışdır. Burada bir sıra başqa fakültələrlə yanaşı, aerokosmik fakültə fəaliyyət göstərir.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd etmişdir ki, bu görüş Azərbaycanda Yuri Qaqarinin uçuşunun 50 illiyinə həsr edilmiş ilk tədbir deyildir. "Biz şadıq ki, bu hadisəni belə geniş qeyd edə bilirik" - deyən diplomat daha sonra əlavə etmişdir: "SSRİ tarixində yaxşı məqamlar da, pis məqamlar da çox olmuşdur. Tarixi düzgün qiymətləndirmək çox vacibdir. İnsanın kosmosa ilk uçuşu dövlətimizin tarixində əlamətdar hadisə idi və mən çox şadam ki, hər hansı siyasi konyunkturlara rəğmən, Azərbaycanda bu hadisəni layiqincə qeyd edirlər. Bu görüş keçmişlə bağlı yaxşı məqamlar haqqında söhbət etmək, onlara qiymət vermək üçün yaxşı fürsətdir".

Tədbirdə qeyd edilmişdir ki, Azərbaycan bu gün də kosmosun öyrənilməsinə böyük diqqət yetirir. Gələn il Azərbaycanın ilk kosmik peykinin buraxılması nəzərdə tutulur.

Tədbirin sonunda Milli Aviasiya Akademiyasının rəhbərliyi adından Sergey Treşşova və digər qonaqlara xatirə hədiyyələri təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2011.- 18 may.- S.7.