Çexiyanın birinci xanımı Liviya Klausova Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur

 

Azərbaycanda rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klausun xanımı Liviya Klausova mayın 17-də Beynəlxalq Muğam Mərkəzinə gəlmişdir.

AzərTAc xəbər verir ki, burada Çexiyanın birinci xanımına gül dəstəsi təqdim olunmuşdur.

Daha sonra qonağa Dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir.

Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Mərkəz ilə yaxından tanış olan xanım Liviya Klausova burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxmışdır.

Çexiya Prezidentinin xanımı gənc muğam ifaçılarının çıxışlarını dinləmişdir. İfaçılarla söhbət edən xanım Liviya Klausova onlara ölkəsinin klassik musiqilərindən ibarət disk hədiyyə etmişdir.

Xanım Liviya Klausovaya Heydər Əliyev Fondunun nəşri olan "Muğam aləmi" musiqi albomu hədiyyə olunmuşdur. Çexiyanın birinci xanımı da Muğam Mərkəzinə hədiyyəsini təqdim etmişdir.

Çexiyanın birinci xanımı Beynəlxalq Muğam Mərkəzindən xoş təəssüratlarla ayrılmışdır.

 

 

Azərbaycan.- 2011.-18 may.- S. 7.