Parlament nümayəndə heyəti MDB iştirakçısı olan dövlətlərin PA-nın iclasında

 

 Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB iştirakçısı olan dövlətlərin PA-nın 36-cı iclasında iştirak etmək üçün mayın 14-16-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olmuşdur.

Səfər çərçivəsində Oqtay Əsədov Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri Boris Qrızlovla görüşdü. Görüşdə Milli Məclisin Sədri bildirdi ki, Azərbaycan rəhbərliyi ölkələrimiz arasındakı əlaqələrin inkişafına xüsusi önəm verir və bu inkişafın intensiv xarakter almasını yüksək qiymətləndirir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin daha da dərinləşməsinə impuls verir və hər bir görüş münasibətlərimizin yüksəlişində yeni mərhələ açır. Qeyd olundu ki, bu vaxta qədər Azərbaycanla Rusiya arasında 160-dan çox dövlətlərarası və hökumətlərarası sənədlər imzalanıb ki, bu da əlaqələrimizin hüquqi bazasının möhkəmlənməsinə xidmət edir. Azərbaycan Rusiya ilə əlaqələrin bundan sonra da genişləndirilməsində maraqlıdır. Mehriban qonşuluq və dostluq münasibətləri xalqlarımızın mənafeyinə xidmət edir. Cənab Oqtay Əsədov ölkələrimiz arasında iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə əlaqələri yüksək dəyərləndirdi və bu münasibətlərin daha da dərinləşməsinin vacibliyini vurğuladı.

Milli Məclisin Sədri qanunverici orqanlarımız arasında da əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirdi. Hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini qeyd edən Oqtay Əsədov deputatlarımızın bir çox beynəlxalq parlament təşkilatlarında uğurlu fəaliyyətini yüksək qiymətləndirdi. Sonra Milli Məclisin Sədri Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələrin inkişafına göstərdiyi xidmətə görə Dumanın Sədri Boris Qrızlova təşəkkürünü bildirdi, onun Milli Məclisin fəxri medalı ilə təltif edildiyini diqqətə çatdırdı və medalı ona təqdim etdi.

Boris Qrızlov onun əməyinə verilən qiymətə görə Milli Məclisin Sədrinə minnətdarlığını ifadə etdi. O, bundan sonra da parlamentlərarası əlaqələrin inkişafına və dövlətlərarası münasibətlərin dərinləşməsinə xidmət edəcəyini söylədi. Duma Sədri Azərbaycanla Rusiya arasında əlaqələrin daha da genişlənməsi üçün yüksək potensial imkanlar olduğunu və bu imkanlardan istifadə etməyin vacibliyini vurğuladı. Qeyd olundu ki, Rusiya Azərbaycanla fəal ticarət əlaqələrini genişləndirməkdədir. Humanitar və digər sahələrdə də əlaqələrimiz yüksək xarakterizə olunur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonra Milli Məclisin Sədri Oqtay Əsədov MDB iştirakçısı olan dövlətlərin PA Şurasının Sədri, Rusiya Federasiyası Federal Məclisinin Sədri Sergey Mironovla görüşdü. MDB iştirakçısı olan dövlətlərin PA-nın növbəti iclasında onunla görüşdən məmnun olduğunu bildirən Milli Məclisin Sədri bu cür görüşlərin parlamentlərarası əlaqələrin dərinləşməsinə və möhkəmləndirilməsinə impuls verdiyini söylədi. Qeyd olundu ki, ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti çox böyük razılıq hissi yaradır. Sevindiricidir ki, siyasi sahədə əməkdaşlığımız son illərdə daha fəal xarakter alıb. Yüksək səviyyədə qarşılıqlı səfərlər Azərbaycan-Rusiya münasibətlərinin inkişafına daha geniş perspektivlər açır. Oqtay Əsədov qeyd etdi ki, iqtisadi sahədəki əməkdaşlığımız da ürəkaçandır. Azərbaycanda Rusiyanın 500-ə yaxın müəssisə və təşkilatları qeydiyyatdan keçib və uğurla fəaliyyət göstərirlər. Dövlətlərimiz bir çox məsələlərdə - xüsusilə terrorizmə və beynəlxalq cinayətkarlığa, silahların və narkotiklərin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizədə eyni mövqedən çıxış edirlər.

Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirakına görə Rusiya tərəfinə təşəkkür etdi.

Bu görüşdən məmnun qaldığını bildirən Sergey Mironov ilk növbədə "Avrovijn" musiqi yarışmasında ən yüksək nəticə əldə edərək qalib gəldiyinə görə Azərbaycan xalqına öz təbriklərini çatdırdı. Qeyd olundu ki, bu, Azərbaycanın bugünkü hərtərəfli inkişafının təsdiqidir.

Federasiya Şurasının Sədri ikitərəfli əməkdaşlığımızdan bəhs edərək bildirdi ki, bu sahədə görülən işlər davam edir və nəticələr sevindiricidir. MDB iştirakçısı olan dövlətlərin PA çərçivəsində həyata keçirilən tədbirlər isə bu sahədə çox mühüm rol oynayır. Sergey Mironov bildirdi ki, dövlət başçılarının səfərləri və bu səfərlər zamanı aparılan danışıqlar, imzalanan sənədlər ikitərəfli əməkdaşlığın daha da dərinləşməsində özül rolunu oynayır. Ölkələrimiz öz siyasətini demokratik dəyərlər əsasında müəyyənləşdirib. Öz gəncliyi ilə qürur duymağa haqqı olan Azərbaycanla Rusiya arasında əlaqələrin bundan sonra da davam edəcəyinə inamını bildirən Sergey Mironov hər kəsin bu işə töhfə verməsini vacib saydı.

Milli Məclisin Sədri Oqtay Əsədovun Tavriya sarayında növbəti görüşü Ukrayna Ali Radasının Sədri Vladimir Litvinlə oldu. Ukraynalı həmkarı ilə görüşdən məmnunluğunu bildirən Milli Məclisin Sədri bu görüşlərin beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi xarakter aldığını söylədi. Qeyd edildi ki, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından bu görüşlər yüksək qiymətləndirilməlidir. Azərbaycan və Ukrayna xalqlarını ənənəvi dostluq əlaqələri birləşdirir. Bu əlaqələr ölkələrimiz müstəqillik əldə etdikdən sonra daha da dərinləşmiş və məzmunca yeni xarakter almışdır.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Ukrayna ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar bu əlaqələri daha da möhkəmləndirir. Bu günə qədər Azərbaycanla Ukrayna arasında 120-yə yaxın dövlətlərarası sənəd imzalanıb. Əməkdaşlığımızın inkişafına iqtisadi əməkdaşlığa dair Hökumətlərarası komissiya böyük töhfələr verir.

Ukrayna və Azərbaycan arasında parlamentlər səviyyəsində yaratdığı əlaqələr yüksək qiymətləndirilməlidir. Parlamentarilərimiz ATƏT PA, MDB PA, NATO PA və digər beynəlxalq təşkilatlarda fəal iştirak edir və bir çox məsələlərin müzakirəsində eyni mövqedən çıxış edirlər.

Bu cür görüşləri yüksək qiymətləndirən Ukrayna Ali Radasının Sədri Vladimir Litvin tarixi ənənələrə söykənən əlaqələrimizin daha da inkişafına hər iki tərəfin önəm verməsini razılıq hissi ilə qeyd etdi. Bildirdi ki, ikitərəfli parlament əlaqələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də inkişaf etməkdədir. O xüsusilə vurğuladı ki, parlamentlərimizin GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onların Parlament Assambleyalarında daha fəal əməkdaşlıq etməlidirlər. Ukrayna ilə Azərbaycan bütün sahələrdə əməkdaşlığa böyük önəm verir. Humanitar sahədəki səylərimizi daha da artırmaq bu sahədə yüksək uğurlar əldə etməyə imkan verər. Vladimir Litvin Azərbaycana səfərlə bağlı Milli Məclis Sədrinin rəsmi məktubuna müsbət münasibətini açıqladı. Bu səfərin əlverişli zamanda reallaşacağını diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Məclisin Sədri Oqtay Əsədovun Sankt-Peterburqda Qırğız Respublikası Jokorqu Keneşinin Sədri Axmatbek Keldıbekovla görüşündə ölkələrimiz arasında əlaqələrin bir çox məqamları müzakirə olundu. Bu yaxınlarda TürkPA-nın Astanada keçirilən növbəti toplantısı zamanı qırğız həmkarı ilə görüşünü məmnunluqla xatırlayan Milli Məclisin Sədri bu cür görüşlərin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, belə görüşlərin intensiv xarakter alması vacibdir və önəmli məsələlərin müzakirəsi üçün geniş imkanlar açır. Qeyd olundu ki, bütün tarix boyu xalqlarımız bir-birinə qardaşlıq duyğuları nümayiş etdirib. Xalqlarımızı bir çox ortaq dəyərlər birləşdirir. Bunlar, ilk növbədə, bizim ümumi dilimiz və mədəniyyətimizdir. Bu gün qədim tarixi köklərə bağlı əlaqələrimizi daha da dərinləşdirmək üçün mövcud potensial imkanlardan istifadə olunmalıdır.

Qırğız parlamentinin rəhbəri Axmatbek Keldıbekov müstəqil Azərbaycan dövləti, onun parlamenti ilə əməkdaşlığa böyük önəm verdiklərini söylədi. Qeyd etdi ki, Qırğızıstan Azərbaycanla münasibətlərin həm ikitərəfli formatda, həm də üzv olduğumuz beynəlxalq təşkilatlar çərçivəsində dinamik inkişafında maraqlıdır və bu istiqamətdə bütün addımları atmaq niyyətindədir. İqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıldı, parlamentlərarası münasibətlər müzakirə edildi. Belə bir inam ifadə olundu ki, kökləri əsrlərin dərinliklərindən qaynaqlanan əlaqələrimiz daha da möhkəmlənəcək və xalqlarımıza daha böyük uğurlar gətirəcək.

Qırğız parlament nümayəndə heyətinin üzvləri mayın 10-da öz ölkəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününü təntənə ilə qeyd etdiklərini məmnunluqla diqqətə çatdırdılar və bunu dostluq və qardaşlığımızın nümunəsi kimi qiymətləndirdilər.

Sankt-Peterburqa səfəri çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun növbəti görüşü Moldova parlamentinin rəhbəri Marian Lupu ilə oldu. Milli Məclisin Sədri qeyd etdi ki, Azərbaycanla Moldova arasında çox yaxşı əlaqələr mövcuddur. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra bu əlaqələr yeni məzmun kəsb etmiş və hərtərəfli xarakter almışdır. Parlamentlərimiz arasında yaranmış səmərəli əməkdaşlıq ölkələrarası əlaqələrə böyük töhfələr verir. Hər iki ölkənin qanunverici orqanında dostluq qrupları fəaliyyət göstərir.

Oqtay Əsədovla görüşdən məmnunluq duyduğunu deyən Moldova Parlamentinin rəhbəri Azərbaycan Parlamentinin 90 illik yubileyi ilə əlaqədar ölkəmizə səfərini xatırlatdı. Azərbaycanın dinamik inkişafının dünyanın bir çox ölkələrinə nümunə olduğunu söyləyən Marian Lupu aparılan daxili və xarici siyasəti yüksək qiymətləndirdi. O, Azərbaycanla Moldova arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırdı.

Xatırladırıq ki, Milli Məclisin Sədri Oqtay Əsədovun keçirdiyi görüşlərdə ölkəmizin ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində üzləşdiyimiz çətinliklər, Ermənistanın təcavüzkar siyasəti, problemin ədalətli, sülh yolu ilə həlli məsələsi diqqət mərkəzində oldu.

Burada keçirilən görüşlərdə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin MDB iştirakçısı olan dövlətlərin PA-da daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər iştirak edirdilər.

Mayın 15-də Sankt-Peterburqdakı Tavriya sarayında MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclası keçirildi. Nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə keçən iclası şuranın Sədri Sergey Mironov açaraq gündəliyi təqdim etdi. Gündəlikdə Azərbaycanda, Moldovada parlament, Belarus və Qazaxıstanda isə prezident seçkilərinin nəticələri, beynəlxalq və milli seçki sistemləri, Rusiya parlamentarizminin 105 illiyi, yollarda təhlükəsizliklə bağlı keçirilmiş beynəlxalq konfransın sənədlərinin müzakirəsi və təşkilati məsələlərə baxılması nəzərdə tutulmuşdu. Gündəlikdəki məsələlərin müzakirəsi zamanı onlara müsbət münasibət bildirildi.

İclasda Azərbaycanda parlament seçkilərinin nəticələri ilə bağlı məsələ xüsusilə diqqət mərkəzində oldu. Bununla əlaqədar olaraq Parlamentlərarası Assambleya Şurasının qərarı açıqlandı. Qərarda göstərilənləri və çıxış edənlərin fikirlərini bir neçə kəlmə ilə ifadə etsək belə bir nəticə hasil olur ki, Azərbaycanda parlament seçkiləri demokratik prinsiplərə uyğun, şəffaf və beynəlxalq standartlara uyğun şəkildə keçirilib. Seçki prosesi zamanı xırda texniki səhvlər müşahidə olunub ki, bu da seçkinin nəticələrinə qətiyyən təsir etmir. Seçkiyə hazırlıq işlərindən başlayaraq səsvermə prosesi və onun nəticəsinədək bütün işlərin yüksək professionallıqla keçirildiyi bildirildi. Hətta bunu nəzərə alaraq MDB iştirakçısı olan dövlətlərin PA gələcəkdə səsvermə zamanı barmağın rənglənməsi prosesinin aradan qaldırılmasını tövsiyə edir və Azərbaycandakı seçki sisteminin digər ölkələr üçün nümunə olduğu bildirilir. Tədbir iştirakçıları bu münasibətlə Milli Məclisin Sədri Oqtay Əsədovu təbrik etdilər. Milli Məclisin Sədri isə müşahidə missiyasının ötən il noyabrın 7-də Azərbaycanda keçirilən parlament seçkilərinə verdiyi yüksək və obyektiv qiymətə görə öz təşəkkürünü bildirdi.

Mayın 16-da MDB iştirakçısı olan dövlətlərin PA-nın növbəti 36-cı iclası öz işinə başladı. İclasa Rusiya Federasiyası Federal Məclisinin və MDB iştirakçısı olan dövlətlərin PA Şurasının Sədri Sergey Mironov sədrlik edirdi. Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti iclasda iştirak edirdi. Sergey Mironov ötən iclasdan indiyədək Parlament Assambleyası çərçivəsində görülən işlər barədə məlumat verdi. Sonra Assambleya Şurasının iclasında müzakirə olunan məsələləri və qəbul olunan qərarları nümayəndə heyətlərinin diqqətinə çatdırdı. Bir sıra təşkilati məsələlərə baxıldıqdan sonra nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək sessiyanın işinə uğurlar arzuladılar.

Sonra MDB iştirakçısı olan dövlətlərin PA-nın daimi komissiyalarının nümayəndələri tərəfindən müzakirəyə bir sıra model qanun layihələri təqdim olundu. Bu layihələrdə elm, təhsil, ekoloji təhlükəsizlik, aqrar sahə, dövlətlərin sosial siyasəti, seçkilər və referendum zamanı aparılan müşahidələrin nəticələri, verilən tövsiyələr və digər vacib məsələlər öz əksini tapmışdı. MDB-yə üzv olan dövlətlərin balıq təsərrüfatı Kodeksi model qanun kimi nəzərdə tutulub. Bu qanun layihəsini Azərbaycan Milli Məclisinin üzvü, MDB iştirakçısı olan dövlətlərin PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya daimi komissiyasının sədr müavini Elton Məmmədov təqdim etdi. Müzakirə olunan bütün qanun layihələrinə müsbət münasibət bildirildi və müvafiq qərarlar qəbul edildi.

İclasın gündəliyindəki məsələlərin müzakirəsi başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə mətbuat konfransı keçirildi. Parlament rəhbərləri jurnalistlərin suallarını cavablandırdılar.

Bununla da MDB iştirakçısı olan dövlətlərin PA-nın 36-cı iclası öz işini başa çatdırdı.

 

 

Akif TƏVƏKKÜLOĞLU,

Milli Məclisin

mətbuat katibi

 

Azərbaycan.- 2011.-19 may.- S. 2.