Antonio Quterreş: Azərbaycan qaçqınların və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün böyük işlər görmüşdür və bu işlər yüksək qiymətə layiqdir

 

Azərbaycanda səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş mayın 18-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşmüşdür.

Əli Həsənov qonağı yenidən Azərbaycanda salamlamağından məmnunluğunu ifadə etmiş, xatırlatmışdır ki, o, 2006-cı ildə Azərbaycana səfərindən sonra ölkəmiz, burada görülən işlər barədə ədalətlə danışmış, olduğu ölkələrdə Azərbaycan həqiqətlərindən söz açmışdır.

Baş nazirin müavini qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülmüş işlər barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev indiyədək bu məsələ ilə bağlı üç sərəncam imzalamışdır. 2004-cü il 1 iyul tarixli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı", həmin proqrama edilmiş əlavələr uğurla icra olunur. Komitə sədri məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər barədə Prezidentin 2011-ci il 21 fevral tarixli sərəncamından irəli gələn məsələlər barədə də ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüşdür. 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir. Bu gün siz yeni salınmış məhəllə ilə yanaşı, yataqxanalardan birində də oldunuz. Vəziyyət o qədər də ürəkaçan deyildir. Hazırda 400 min məcburi köçkün həmin şəraitdə yaşayır. İndiyədək qaçqın və məcburi köçkünlərə 3,7 milyard manat vəsait sərf olunmuşdur. Bunun 2,1 milyard manatı dövlət büdcəsindən, 860 milyon manatı Dövlət Neft Fondundan, 740 milyon dolları isə beynəlxalq humanitar təşkilatlar tərəfindən ayrılan vəsaitdir. Azərbaycan dövləti sülh müqaviləsi imzalanandan sonra "Böyük qayıdış" proqramının icrasına başlayacaqdır.

Əli Həsənov bu proqramın parametrləri barədə məlumat vermişdir.

Antonio Quterreş qonaqpərvərliyə, təmsil etdiyi qurumun və özünün ünvanına deyilən səmimi sözlər üçün minnətdarlığını bildirmişdir. Demişdir ki, gözəl ölkənizə budəfəki gəlişim iki məsələ ilə bağlıdır. Birincisi, sizə bundan sonra da yardım etməyə hazır olduğumuzu bildirmək, ikincisi isə, qaçqınlarla bağlı ən uğurlu layihəni sizin ölkənizin həyata keçirdiyini etiraf etməkdir. Azərbaycan qaçqınların və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün böyük işlər görmüşdür və bu işlər yüksək qiymətə layiqdir. Əlbəttə, bölgələrdə qəsəbələr salmaq asan məsələ deyildir. Lakin məni bu qəsəbələrdə məskunlaşmadan sonrakı vəziyyət maraqlandırır. Bu sahədə sistemli qərarlar qəbul edilməlidir. Bizim iştirakımızla hazırlanıb qəbul olunan qərarların icrasında da iştirak etmək istəyirik. Sülh müqaviləsi imzalanandan sonra məcburi köçkünlərin geri qayıtmasında əlimizdən gələn köməyi əsirgəməyəcəyik.

Qonaq xatırlatmışdır ki, bu il BMT-nin iki konvensiyasının yubileyi qeyd ediləcəkdir. Bu sənədlərdən birinin qəbulundan 60, digərininkindən isə 50 il keçir. Mən sizi yubiley konfransında görmək, qonaqlar qarşısında çıxış etməyinizi istərdim. Sizin qaçqınlar və məcburi köçkünlərlə bağlı təcrübəniz hamı üçün maraqlı olardı.

Antonio Quterreş miqrasiya xidməti məmurlarının maarifləndirilməsinə xidmət edən "Keyfiyyət təşəbbüsü"nə Azərbaycanın da qoşulmasını arzulamışdır. Bildirmişdir ki, hazırda Avropa İttifaqının 13 ölkəsi bu təşəbbüsün iştirakçısıdır.

Görüşdə Milli Məclisin deputatı Ayaz Orucov, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 may.- S. 5.