Ağdaş davamlı inkişafın yeni ünvanıdır

 

Mən çox şadam ki, Ağdaşda işlər yaxşı gedir, gözəl obyektlər istifadəyə verilir. Əminəm ki, növbəti illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin icrası nəticəsində əsas məsələlər, sosial-iqtisadi məsələlər öz həllini tapacaqdır. Bu proqramın 2013-cü ildə başa çatması nəzərdə tutulur. Əminəm ki, o vaxta qədər bütün əsas məsələlər öz həllini tapacaqdır.

Biz sizinlə bundan sonra da görüşəcəyik. Əminəm ki, Ağdaşda gözəl açılışlar hələ çox olacaqdır.

 

İlham ƏLİYEV

 

Ağdaşı həmişə səliqə-sahmanlı görə bilərsən. Küçələrin, yolların təmizliyinə uca çinar ağacları da xüsusi gözəllik qatır. Ağdaşlılar mehribanlığı, qonaqpərvərliyi ilə ilk ünsiyyətdəncə diqqəti çəkirlər. Şəhərin həmişə səliqə-sahmanlı görünməyi yəqin ki, həm də ağdaşlıların təşəbbüskarlığı, zəhmətsevərliyi, eyni zamanda, yaşadıqları torpağa bağlılığı ilə əlaqədardır.

Son illər Ağdaş rayonunda xeyli tikinti-quruculuq, abadlıq işləri görülüb. Həyata keçirilən sosial-iqtisadi layihələr rayonun simasını dəyişdirərək gözəlləşdirib, insanların gün-güzəranı daha da yaxşılaşıb. Hər bir ağdaşlı yaxşı bilir ki, bütün bu nailiyyətlərin arxasında dövlətin, həmçinin dövlət başçısı İlham Əliyevin yetərli diqqət və qayğısı dayanır. Ağdaşlılar da dövlət dəstəyini böyük şükranlıq və minnətdarlıq duyğuları ilə qarşılamaqla yanaşı, daha əzmkar və işgüzar olmağa çalışırlar.

Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin mənafeyi tam nəzərə alınmaqla ədalətli həlli istiqamətindəki fədakar fəaliyyətini ağdaşlılar birmənalı şəkildə dəstəkləməklə yanaşı, ulu öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycanın daha da çiçəklənməsi və tərəqqisi naminə üzərlərinə düşən məsuliyyəti də yaxşı dərk edirlər. Məhz bunun nəticəsidir ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və dəqiq yerinə yetirilməsi üçün bütün lazımi tədbirlər yüksək səviyyədə həyata keçirilir.

Ağdaş rayonunda 2003-cü ildən bəri 5323-ü daimi olmaqla, 14101 iş yeri açılıb. Təhsil, səhiyyə, yol infrastrukturu, abadlıq-quruculuq sahəsində uğurlu işlər görülüb, xeyli sosial-iqtisadi layihələr gerçəkləşdirilib. Ölkəmizdə həyata keçirilən islahatlar, təsdiq olunan dövlət proqramları Ağdaş rayonunun da inkişafında əhəmiyyətli rol oynayır. Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Qəbul edilmiş ən gözəl qərar əgər yerlərdə icra olunmursa, onun heç bir əhəmiyyəti yoxdur. Ona görə də ictimai nəzarət güclü olmalıdır, yerli icra hakimiyyəti orqanları səmərəli işləməli, insanların qayğıları ilə yaşamalı, kömək etməli, yaratmalı, abadlıq-quruculuq işləri aparmalıdır. Bir sözlə, bizim müasir tələblərimizə uyğun şəkildə işləməlidir".

Ağdaş Rayon İcra Hakimiyyəti aparatı fəaliyyətini məhz cənab Prezidentin tövsiyə etdiyi prinsiplərə uyğun qurmağa çalışır. Rayon sakinlərinin qayğıları ilə yerində və vaxtında məşğul olmaq üçün səyyar qəbulların səmərəli təşkil edilməsi, gərəkli tədbirlərin həyata keçirilməsinə ciddi nəzarət, müraciət və ərizələrə operativ reaksiya, işçi-məmur münasibətlərinin şəffaflığı, qarşılıqlı etimad qazanılan uğurları şərtləndirən amillərdir.

Rayonda əməkhaqlarının ödənilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı təbəqələrə pensiya və müavinətlərin çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi, ünvanlı dövlət sosial yardımının təyin olunması kimi məsələlər diqqət mərkəzində saxlanılır, bu sahədə müntəzəm və məqsədyönlü işlər görülür.

2010-cu il fevralın 12-si ölkə Prezidenti İlham Əliyevin Ağdaş rayonuna növbəti səfəri ilə əlamətdar olmuşdur. Həmin səfər zamanı dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Ağdaş Musiqi Məktəbində yaradılmış şəraitlə tanış olmuş, şəhərin su-kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsi çərçivəsində ilkin suyun verilməsini bildirən rəmzi açılış mərasimində, Ağdaş Olimpiya İdman Kompleksinin açılışında, eləcə də mərkəzi rayon xəstəxanasının və Regional Elektrik Yarımstansiyasının təməlqoyma mərasimlərində iştirak etmişdir.

Ağdaş rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edən dövlət başçısı rayonda sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək qeyd etmişdir ki, Ağdaşda işlər yaxşı gedir, gözəl sosial obyektlər tikilib istifadəyə verilir, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının ikinci mərhələsinin icrası nəticəsində problemlər həllini tapır, inkişafın sürəti artır.

Ölkə Prezidenti İlham Əliyev 2011-ci il yanvarın 12-də Ağdaş rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif olunması barədə sərəncamlar imzalayıb. Ağdaşlılar hesab edirlər ki, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öz əməyi ilə fərqlənən şəxslərin yüksək dövlət mükafatları ilə təltif edilməsi dövlət başçısının ümumilikdə rayonda aparılan quruculuq-abadlıq işlərinə, Ağdaşın bütün zəhmətsevər insanlarına göstərdiyi böyük diqqət və qayğısının təzahürüdür. Rayon sakinləri bu sərəncamları böyük sevinc və minnətdarlıq hissləri ilə qarşılamışlar. Bu yüksək qiymət bütün ağdaşlıları daha da ruhlandırıb.

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası istiqamətində Ağdaş rayonunda bir sıra tədbirlər həyata keçirilib. Ağdaş şəhərinin Heydər Əliyev prospekti və 10 küçəsi asfaltlaşdırılıb, küçələrdə 600 ədəd elektrik dirəyi quraşdırılıb. Ləki qəsəbəsinin 2 küçəsi, 10,5 kilometr uzunluğunda Ağdaş-Pirkəkə, Orta Ləkinin və Əmirarx-Güvəkəndin kəndlərarası yollarına da asfalt örtüyü çəkilib.

 Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində suqəbuledici qurğu, nasos stansiyası, su anbarları və xlorator qurğusunun tikintisi, şəbəkəyədək olan magistral boru xətlərinin dəyişdirilməsi, eləcə də su kanal idarəsi üçün yeni inzibati binanın və istehsal bazasının tikintisi başa çatıb. Yaxınlarda layihənin ikinci mərhələsinin icrasına başlanılacaqdır. Əlavə olaraq qeyd edək ki, rayonun 3 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb.

Ağdaşda əhalinin kommunal xidmətlərlə normal təmin olunmasına ciddi fikir verilir. İstehlakçıların elektrik enerjisi və təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə təmir işləri indi də davam edir. 55 km uzunluğunda elektrik verilişi xətləri artıq təmir olunub. Kükəl kəndi ərazisində isə Ağdaş Regional Elektrik Yarımstansiyasının tikintisinə başlanılıb. Bunlardan əlavə, Ağdaş şəhərinin küçələrində, Ləki qəsəbəsində və 5 kənddə müxtəlif ölçülü qaz xətləri dəyişdirilib. Ləki qəsəbəsi ərazisində istismara yararsız hala düşmüş daşıyıcı qaz kəmərinin əvəzinə plastik boru xətti çəkilib, Qəribli kəndinə təbii qaz verilib. Ağdaş şəhərindəki çoxmənzilli yaşayış binalarının su-kanalizasiya xətləri də yenidən qurulub.

Ötən ilin əlamətdar hadisələrindən biri də Ağdaş şəhərində 5,3 hektar ərazidə 100 çarpayılıq xəstəxananın tikintisinə başlanmasıdır. Hazırda tikinti işləri sürətlə davam edir. Xatırladaq ki, dövlət başçısının 5 noyabr 2010-cu il tarixli sərəncamı ilə bu obyektin tikintisi üçün Prezidentin Ehtiyat Fondundan əlavə 1 milyon manat vəsait ayrılıb. Ağdaş Olimpiya İdman Kompleksi və Gürcuva kəndindəki 180 şagirdlik yeni məktəb binası da ötən il istifadəyə verilən obyektlər sırasındadır. Ötən il həmçinin mərkəzi avtomat telefon stansiyası 4192 nömrəlik elektron ATS-lə əvəz olunub. Kəndlərdəki 27 ATS isə elektronlaşdırılır.

Rayonda eyni zamanda, sənaye sahələri inkişaf edir. Yerli xammaldan istifadə edən qum-çınqıl karxanaları, Kükəl kərpic istehsalı müəssisəsi və digər sənaye obyektləri istehsalı getdikcə genişləndirilir. "Orelay" şirniyyat istehsalı müəssisəsində isə yeni istehsal sexi yaradılır. Sənaye məhsulu artımından sözsüz ki, "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" layihəsi çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 35 sahibkarlıq subyektinə 500 min manat güzəştli kreditin verilməsinin xüsusi köməyi olmuşdur. Yerli sahibkarların şəxsi vəsaitləri hesabına da rayonda bir sıra obyektlər tikilib. Bu hesaba 2 şadlıq sarayı tikilib istifadəyə verilib. Çoxmərtəbəli yaşayış kompleksinin və istirahət mərkəzinin tikintisi isə davam edir.

Ağdaş həmçinin BMT nəzdində Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) və İslam İnkişaf Bankı tərəfindən "Kənd yerlərinin kompleks inkişafı" layihəsinə daxil olan rayondur. Həmin layihə çərçivəsində kəndlərdə təsərrüfatdaxili su və şirə kanallarının bərpası ilə əlaqədar hazırlıq işləri görülür. Bundan savayı, "Meliorasiya və Su Təsərrüfatı" ASC ilə birlikdə təsdiq edilmiş plan-qrafikə uyğun olaraq, təsərrüfatlararası kanalların lildən təmizlənməsinə başlanılıb.

Rayonda aqrar sahənin inkişafı ilə bağlı ildən-ilə məqsədyönlü tədbirlərin həyata keçirilməsi, fermerlərə güzəştli kreditlərin ayrılması, məhsul istehsalının artmasına və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan insanların yaşayış şəraitinin daha da yaxşılaşmasına səbəb olub.

2011-ci ilin məhsulu üçün əkilmiş 16148 hektar payızlıq taxıl və 2630 hektar tərəvəz sahələrinə aqrotexniki qulluq davam etdirilir, 2010-cu ildəkindən 234 hektar çox əkin aparılıb. 115 hektar lobya, 510 hektar çəltik, 932 hektar dən qarğıdalı, 3701 hektar yonca, 214 hektar pambıq, 840 hektar kartof, 777 hektar bostan bitkiləri əkilib. Bitkiçilik məhsulları istehsalçılarına güzəştli qiymətlərlə 569,3 ton gübrə satılıb.

 2011-ci ilin məhsulu üçün fermerlərə xaricdən idxal olunan yüksək məhsuldar "Nota", "Tanya", "Kroşka" buğda toxumları satılıb. Dövlət büdcəsinin vəsaiti hesabına 50 faiz güzəştlə satılan 3 ton yüksək reproduksiyalı elit buğda toxumu müfəttişliyin nəzarəti altında 15 hektar sahəyə səpilib. Hazırda taxıl sahələrində olan bitki sıxlığı məhsuldarlığın keçən ilə nisbətən çox olacağına inam verir. Normal becərmə işləri aparılır.

Sahələrin suvarılması üçün suvarma arxlarında təmizləmə işləri vaxtında başa çatdırılıb. Ona görə hazırda heç bir çətinlik olmadan məhsul istehsalçıları əkinlərini suvara bilirlər.

Ağdaş rayonunun təbii-iqlim şəraiti tərəvəzçiliyin, xüsusilə faraş və örtülü tərəvəzçiliyin inkişafı üçün çox əlverişlidir. Tərəvəzçiliyin inkişafı geniş yayılıb. Rayonda iqlim şəraiti tərəvəz sahələrindən ildə iki dəfə (yazlıq və payızlıq kələm) məhsul götürülməsinə imkan verir. Müasir bazar şəraitində isə tərəvəzçiliyin inkişafı aqrar sahədə önəmli yer tutur.

Kənd təsərrüfatı işlərini vaxtında görmək üçün "Aqrolizinq" ASC-nin Ağdaş filialının kifayət qədər texniki imkanları var. Hazırda dünya standartlarına cavab verən təmir emalatxanası, böyük həcmli gübrə anbarı məhsul istehsalçılarının xidmətindədir. Servis lazım olan avadanlıqla tam təmin olunub. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan ağdaşlılar mineral gübrələrin alınması üçün başqa rayonlara üz tutmurlar, rayonda fəaliyyət göstərən "Aqroservis"in bazasından istifadə edirlər.

Ağdaş rayonunda sahibkarlığın inkişafı üçün yaradılan şərait də qənaətbəxşdir. Bu sahəyə göstərilən dövlət qayğısı sayəsində Ağdaşda ötən il istehsal olunmuş sənaye məhsulunun 93,4 faizi, ümumi məhsulun isə 95,6 faizi özəl sektorun payına düşür. Sahibkarlar tərəfindən Ağdaşda 200-dən çox müəssisə və obyekt inşa edilib.

Ağdaşın şəhər, qəsəbə və kəndlərinin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin və yerli icra hakimiyyəti orqanlarının Əlaqələndirmə Şurasının fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Şuranın təşkilatçılığı ilə rayonun sosial-iqtisadi inkişafı sahəsində yerli icra orqanları və bələdiyyə qurumları tərəfindən işlər davam etdirilir. Şəhərətrafı kəndlərin hesabına şəhər ərazisinin böyüməsi nəzərə alınaraq, küçə və yolların asfaltlaşdırılması, istismar müddəti başa çatmış çoxmərtəbəli yaşayış evlərinin əsaslı təmiri, Ləki qəsəbəsinin su-kanalizasiya sisteminin yenidən qurulması, rayon ərazisində şoran torpaqların yuyulması, kənd yaşayış məntəqələrində sutəmizləyici qurğuların quraşdırılması, uyğunlaşdırılmış binalarda yerləşən ümumtəhsil məktəblərinin əsaslı təmiri, o cümlədən, qəza vəziyyətində olan məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin tikintisi, səhiyyə müəssisələrinin təmiri, kəndarası yolların abadlaşdırılması və sair aparılan işlərin əsas istiqamətləridir.

Rayon icra hakimiyyəti başçısı aparatında və ərazi icra nümayəndəliklərində kadrların ixtisasına, qabiliyyətinə və bacarığına uyğun yerləşdirilməsinə xüsusi önəm verilir. Rayonda dövlət qulluğu üçün müasir tələblərə cavab verən kadr potensialının yaradılması, idarə olunması və ondan səmərəli istifadə edilməsi işinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

 Təhsil sahəsində müvafiq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində son 7 il ərzində Ağdaşda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib. Belə ki, dövlət büdcəsi və Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonun Kotavan, Pirkəkə, Kükəl, Yuxarı Ləki, Qaradeyin və Gürcuva kəndlərində ümumilikdə 1564 şagird yerlik, müasir tədris, inventar və avadanlıqlarla təchiz olunmuş 6 yeni məktəb binası tikilib istifadəyə verilib. Maqsud Şeyxzadə adına Texniki Təbiət və Humanitar fənlər təmayüllü Gimnaziya, Müşviq İsayev adına 3 saylı şəhər, Ləki qəsəbə 6 saylı tam orta məktəbləri əsaslı təmir olunub. Yuxarı Ləki kənd məktəbi tam orta, Nehrəxəlil və Yenikənd kənd ümumi orta məktəbləri üçün 840 şagird yerlik 42 əlavə sinif otağı tikilib. Ümumiyyətlə, son 7 il ərzində rayonda 3636 şagirdin təhsil şəraitinin müasir standartlara uyğun şəkildə yaxşılaşdırılması təmin edilib. Ümumtəhsil məktəblərinin 13-də müasir istilik sistemləri quraşdırılıb.

Büdcə vəsaiti hesabına və donor təşkilatlar tərəfindən rayon təhsil müəssisələrinə indiyədək 480 ədəd kompüter verilib. 15 ümumi təhsil məktəbində kompüterlərin internetə bağlantısı təmin edilib. Ötən tədris ili ərzində Ağdaş Dövlət Humanitar Kollecində mövcud olan kompüterlərin bütövlükdə internet şəbəkəsinə qoşulmasının təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilib, bu təhsil müəssisəsində tədrisin informasiyalaşdırılması məqsədilə yeni mərkəzin yaradılması üçün hazırlıq işlərinə başlanılıb. Təhsilin keyfiyyətinə bilavasitə təsir göstərən belə tədbirlərin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirərək ali və orta ixtisas məktəblərinə daxil olmuş məzunların sayı 2002-ci illə müqayisədə 5 dəfədən çox artıb. 2010-cu ildə rayonun ümumtəhsil məktəblərinin ümumi orta təhsil pilləsini bitirmiş 271 məzun orta ixtisas məktəblərinə, tam orta təhsil pilləsini bitirmiş 201 məzun isə ali məktəblərə qəbul olunub.

Məzunların ölkə və beynəlxalq əhəmiyyətli müsabiqə və olimpiadalarda göstərdikləri nəticələr ilbəil yaxşılaşır. Digər təhsil səviyyələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin işində, o cümlədən, kadr hazırlığı sahəsində müsbət keyfiyyət dəyişiklikləri ardıcıl xarakter alır.

Ulu öndər Heydər Əliyevin adını daşıyan 7 hektarlıq parkın müasir tələblər səviyyəsində yenidən qurulmasına 6 ay əvvəl başlanılıb. Tikinti-abadlıq işlərinin qızğın vaxtlarında rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyevlə parkda bir neçə dəfə görüşüb söhbət etmişik. İşin gedişi ilə ciddi maraqlanır, heç nəyin diqqətdən kənarda qalmamasına çalışırdı. Rafiq müəllimlə parkın açılışı ərəfəsində yenə görüşdük. İş üstündə idi. Bildirdi ki, vaxtilə ulu öndər Heydər Əliyevin Ağdaşa çox səfərləri olub. Hər səfərindən sonra da Ağdaşın həyatında yeni bir dirçəliş mərhələsi başlanıb. Bu gün bu möhtəşəm parkı ağdaşlılar ulu öndərimizin xatirəsinə sevgi və ehtiram əlaməti sayırlar. Ağdaş sakinləri indi də ölkə Prezidenti İlham Əliyevdən böyük diqqət və qayğı görürlər. Bunun müqabilində isə çalışırlar ki, tapşırılan işi vaxtında və dəqiq yerinə yetirsinlər.

Nəhayət, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində müasir tələblər səviyyəsində tamamilə yenidən qurulan Heydər Əliyev parkının, Heydər Əliyev Mərkəzinin, həmçinin ulu öndərin abidə kompleksinin açılışı oldu. RİH başçısı R.Niftəliyevin açılış münasibəti ilə giriş sözündən və təbrikindən sonra akademik Bəkir Nəbiyev, xalq şairi Fikrət Qoca, Milli Məclisin deputatları Şəmsəddin Hacıyev və Çingiz Əsədullayev çıxış edərək ümummilli lider Heydər Əliyevin bənzərsiz tarixi xidmətlərindən danışdılar. Ulu öndərin Ağdaşın inkişafına daim diqqət göstərdiyi bir daha böyük minnətdarlıq duyğuları ilə xatırladıldı.

Rayon sakinlərinin sevimli istirahət mərkəzi olan bu parkın girişində 200 metr uzunluğunda istinad divarları tikilərək ağlay və gülbağ daşlarla üzlənib. Dairəvi formada hörülən 400 metr uzunluğundakı hasarlar isə təbii çay daşları ilə bəzədilib. İstirahət guşəsinin ərazisinə 3000 kvadratmetr tamet, 2000 kvadratmetr mərmər üzlük döşənib, rəngli musiqili fəvvarə quraşdırılıb. 5000 ədəd ağac, bəzək və gül kolları əkilib. 5000 kvadratmetr sahədə yaşıllıq salınıb. 120 ədəddən çox müasir işıq dirəyi quraşdırılıb. Parkın mərkəzində möhtəşəm Heydər Əliyev abidə kompleksi yaradılıb. Kompleks boyunca bir-birini əvəz edən mərmər lövhələrin səthini dövlət atributları, tarixi keçmişimizi və milli-mənəvi dəyərlərimizi əks etdirən milli-memarlıq elementləri bəzəyir. Mütəxəssislərin qədim Şərq və müasir memarlıq ənənələrinin incəliklərindən məharətlə istifadə etməsi abidə kompleksinin əzəmətini daha da artırır. Hündürlüyü 40 metr olan dövlət bayrağı meydana xüsusi yaraşıq verir. Parkdakı Heydər Əliyev Mərkəzi əsaslı şəkildə yenidən qurularaq sahəsi 500 kvadratmetr artırılıb. 3 zaldan ibarət olan sarayda kompüter və ideoloji mərkəzlər, muzey, uşaq və gənclərin yaradıcılıq mərkəzi və müxtəlif dərnəklər fəaliyyət göstərir. Mərkəzin muzeyində 9 bölmədə Heydər Əliyevin tarixi fəaliyyəti ilə bağlı 200-dən çox fotoşəkil və qiymətli eksponat nümayiş etdirilir. Burada məktəblilər yüksək ixtisaslı mütəxəssislərin köməyi ilə rəsm, tarix, ədəbiyyat, şahmat dərnəklərində bilik və bacarıqlarını artıracaqlar. Kompüter mərkəzi isə yeniyetmələrin informasiya texnologiyalarına yiyələnməsində mühüm rol oynayacaq.

Parkda bayram gəzintisi zamanı Ağdaşın tanınmış ziyalılarından Tənzilə Şıxıyeva, Lütvi Paşayev və Möysünə Hüseynovanın təəssüratlarını bölüşdük. Hər biri böyük minnətdarlıq hissi ilə dövlətimizin və Prezident İlham Əliyevin regionlara, o cümlədən Ağdaş rayonuna göstərdiyi diqqət və qayğıdan danışdılar. Rayon ağsaqqallar şurasının sədri Rafiq Nəbiyev isə əlavə etdi ki, bütün ağdaşlılar ölkə rəhbərinin daxili və xarici siyasətini ürəkdən bəyənir və əmin edirlər ki, bundan sonra daha əzm və fədakarlıqla çalışacaqlar.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2011.-19 may.- S. 6.