Türkiyənin nüfuzlu "Cümhuriyyət" qəzetində ulu öndər Heydər Əliyevin xarici siyasətindən bəhs edən geniş məqalə dərc olunmuşdur

 

Türkiyənin nüfuzlu "Cümhuriyyət" qəzetində Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətindən bəhs edən "Bir öndərin xarici siyasət xətti" sərlövhəli məqaləsi dərc olunmuşdur.

Məqalədə Azərbaycan iqtisadiyyatının dünyada ən böyük templə inkişaf etdiyi və ölkəmizdə hər bir sahədə tərəqqinin hiss olunduğu qeyd edilir. Bütün bu nailiyyətlərin memarının isə ulu öndər Heydər Əliyev olduğu vurğulanır.

Yazıda qeyd olunur ki, hakimiyyətə gəldikdən sonra ölkədə xaos, vətəndaş müharibəsi təhlükəsi və iqtisadi böhrana son qoyan dahi şəxsiyyət Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı inkişaf yoluna çıxartdı. Lakin bütün bu hadisələrin fonunda xarici siyasətdə əngəllərin aradan qaldırılması üçün bir strategiya müəyyən olunmalı idi. Azərbaycan xalqının ümummilli lideri bu strategiyanı aşağıdakı kimi dəyərləndirirdi: "Xarici siyasətimizin əsası bölgəmizdə və dünyada sülhün təmin olunması məqsədi daşıyır. Azərbaycanın dünyada daha yaxşı tanıdılması, müstəqilliyin və ərazi bütövlüyünün beynəlxalq hüququn normaları çərçivəsində təmin edilməsi, bütün dövlətlərlə qarşılıqlı faydalı, sülhsevər əməkdaşlığın qurulması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi, elm və mədəniyyətin inkişafı bizim əsas məqsədlərimizdir".

Müəllif yazır ki, xarici siyasətdə ilk addım qonşu Rusiya və İran ilə münasibətlərin normallaşdırılması idi. Belə ki, ulu öndər Heydər Əliyev bu məqsədlə ilk səfərlərindən birini Rusiyaya etmişdir. MDB-yə üzv olduqdan sonra Rusiya ilə 60, Ukrayna ilə 15, Gürcüstan ilə 69, Orta Asiya ölkələri və Türkmənistan ilə 79 müqavilə imzalanmışdır. Bu çərçivədə Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi sahəsində də irəliləyişlərə nail olundu.

Dahi şəxsiyyət Heydər Əliyevin Türkiyəyə olan sevgisinin xüsusi vurğulandığı məqalədə bildirilir ki, ulu öndərin hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu zaman qardaş ölkə ilə səmimi dialoq qurulmuşdu. Türkiyə ilə münasibətlər onun üçün dünyadakı dövlətlər arasında daha fərqli və bənzəri olmayan xarakter daşıyırdı. Bu münasibətlər və sevgi "bir millət, iki dövlət" kəlamı ilə həyata keçirilmiş real layihələrdə öz əksini tapmışdır.

Məqalədə Heydər Əliyevin ABŞ, Avropa və Uzaq Şərq ölkələri ilə əməkdaşlığın inkişafından, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" ilə enerji sahəsində nəhəng layihələrin həyata keçirilməsini ehtiva edən strategiyanın əhəmiyyətindən, 1996-cı ildə isə ATƏT-in Lissabon Sammitində ölkəmizin ədalətli mövqeyinin dünya ölkələri tərəfindən təsdiq olunmasından bəhs edilir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-21 may.- S. 2.