Avropa İttifaqı ilə Azərbaycan azadlıq, inkişaf və rifah sahəsində sahib olduğumuz eyni dəyərləri paylaşırlar

 

Avropa İttifaqı ilə Azərbaycan azadlıq, inkişaf və rifah sahəsində sahib olduğumuz eyni dəyərləri paylaşırlar.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Avropa Parlamentinin sədri Yeji Buzek mayın 20-də Milli Məclisdə keçirdiyi mətbuat konfransında söyləmişdir.

O demişdir ki, biz, eyni zamanda, iqtisadiyyat, ticarət və enerji sahəsində də faydalı əməkdaşlıq edirik və Avropa İttifaqı bu əməkdaşlığın daha da genişlənməsində maraqlıdır.

Azərbaycana səfərinin məqsədindən danışan qonaq bildirmişdir ki, Avropa Parlamenti ilə Milli Məclis arasında əməkdaşlığın inkişafı üçün yaxşı zəmin yaranmışdır. Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində yaradılmış Avronest Parlament Assambleyası (PA) da bu baxımdan mühüm rol oynayır.

Yeji Buzek demişdir: "Əməkdaşlıq sahəsində qəbul etdiyimiz qərarların üzərində parlament nəzarətini gücləndirə bilərik. Biz iqtisadi sahədə də əməkdaşlığımızı genişləndirməliyik. Hər iki tərəfdə qarşılıqlı inamın gücləndirilməsi üçün müxtəlif tədbirləri həyata keçirməliyik. Mən xüsusilə qeyd etməliyəm ki, Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaş ölkədir".

Milli Məclisin sədri Oqtay Əsədov isə demişdir ki, Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində inkişaf edir. Avronest PA çərçivəsində əməkdaşlığımız əlaqələrimizin daha da genişlənməsi üçün imkanlar yaradır. Biz bir sıra birgə layihələr reallaşdırırıq. Ümid edirik ki, əməkdaşlığımız bundan sonra daha da genişlənəcəkdir.

Sonra Oqtay Əsədov və Yeji Buzek jurnalistlərin suallarını cavablandırmışlar.

 

 

Azərbaycan.- 2011.-21 may.- S. 2.