Fransalı qonaq Şəki regional ədliyyə şöbəsində olmuşdur

 

2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin Fransaya səfəri zamanı iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış saziş çərçivəsində ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin yeni prioritetləri müəyyən edilmişdir. Bu günlərdə həmin fəaliyyət proqramına uyğun olaraq Fransa Ədliyyə və Azadlıqlar Nazirliyinin Avropa və beynəlxalq məsələlər xidmətinin rəisi Erik Metrpyer Azərbaycanda səfərdə olmuşdur. Ölkəmizdə aparılan çoxşaxəli islahatlara, regionların sosial-iqtisadi inkişafına maraq göstərən Erik Metrpyer mayın 19-da Oğuz və Şəki rayonlarına gəlmişdir. Şəki Regional Ədliyyə Şöbəsində hakim, prokuror və ədliyyə işçiləri ilə görüşən qonaq yerli ədliyyə, prokurorluq və məhkəmə orqanlarının fəaliyyəti ilə maraqlanmış, ətraflı fikir mübadiləsi aparmışdır. Erik Metrpyer Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində yaradılan müasir məhkəmə infrastrukturu, habelə inşa olunan yeni penitensiar komplekslə tanışlıqdan sonra Şəki şəhərini gəzmiş və tarixi abidələrə baxmışdır.

Fransalı qonaq regionda həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, Şəki şəhəri ilə tanışlıqdan məmnun olduğunu bildirmişdir.

 

 

Telman Nəzərli

 

Azərbaycan.- 2011.-21 may.- S. 5.