Polşanın Sosial Sığorta Təşkilatının təcrübəsi Azərbaycan üçün çox vacibdir

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov mayın 20-də Azərbaycanda səfərdə olan Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin sədri, Polşa Respublikası Sosial Sığorta Təşkilatının prezidenti Zbiqnev Derdzyukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Tədbirdə Azərbaycanın üzv olduğu BSTA-nın Avropa Şəbəkəsinin yaxın gələcəkdəki fəaliyyəti, DSMF ilə Polşa Respublikasının Sosial Sığorta Təşkilatı arasında gələcək əməkdaşlıq məsələləri, sosial sığorta və pensiya təminatı sahəsindəki islahatlar barədə müzakirələr aparılmışdır.

DSMF sədri Səlim Müslümov demişdir ki, Polşanın Sosial Sığorta Təşkilatının təcrübəsi bu gün Azərbaycan üçün çox vacibdir. Biz ölkəmizdə sığorta islahatlarını apardığımız zaman Polşanın təcrübəsindən yararlanmışıq. Polşa qısa müddətdə bu sahədə böyük irəliləyişlər əldə etmişdir. Bu gün Polşada tam gücü ilə fəaliyyət göstərən gözəl bir sığorta pensiya sistemi qurulmuşdur. Bir ay sonra Azərbaycanda BSTA-nın Əlaqələndirmə şöbəsi açılacaqdır.

Zbiqnev Derdzyuk qeyd etmişdir ki, səfərimizin məqsədi Azərbaycanın Dövlət Sosial Fondu ilə Polşa Sığorta Təşkilatı arasında əlaqələrimizi gücləndirməkdir. Ümumiyyətlə, qarşılıqlı səfərlər əlaqələrimizin yaxşılaşdırılmasına xidmət edir.

Qonaq vurğulamışdır ki, Dövlət Sosial Müdafiə Fondunun gördüyü işlər nəinki Avropa, hətta dünya səviyyəsində əhəmiyyət kəsb edir.

Görüşdə sosial sığorta və pensiya təminatı sahəsindəki islahatlar, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, kadr potensialının inkişaf etdirilməsi, Avropada çalışan Azərbaycan vətəndaşlarının sosial təminat hüquqlarının qorunması, Azərbaycanda çalışan Polşa vətəndaşlarının sosial təminat hüquqları və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

Nümayəndə heyəti Dövlət Sosial Müdafiə Fondunun aparatı və yerli şöbələrinin fəaliyyəti ilə tanış olmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-21 may.- S. 6.