Məcburi köçkünlərin sosial problemləri uğurla həll olunur

 

Dinamik sosial-iqtisadi inkişaf yolunda qazandığı nailiyyətləri davamlı olaraq genişləndirən Azərbaycan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində də böyük uğurların müəllifi kimi çıxış edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yerlərini tərk etmək məcburiyyətində qalan bu insanların dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin konkret nəticəsi olaraq həyat səviyyəsinin yüksəldilməsi, xüsusən də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərin miqyası son illər daha da genişlənmişdir. Azərbaycanın iqtisadi cəhətdən getdikcə qüdrətli dövlətə çevrilməsi, əhalinin maddi rifah halının mütəmadi qaydada yüksəlməsi qaçqın və məcburi köçkünlərin də yaşayış şəraitinin yaxşılaşması ilə müşayiət olunmuş, onların sosial problemlərinin kompleks həlli üçün geniş imkanlar yaratmışdır. Tarixə çevrilən 2010-cu ildə də bu sahədə böyük işlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və sonradan həmin Dövlət Proqramına 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrası ötən dövr ərzində uğurla davam etdirilmişdir. Fəaliyyətini dövlət başçısının qaçqın və məcburi köçkünlərlə bağlı imzaladığı müvafiq fərman və sərəncamlardan, xüsusilə sözügedən Dövlət Proqramından irəli gələn vəzifələr əsasında quran Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu müddətdə üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışmışdır.

Ötən il ərzində məcburi köçkün həyatı yaşamağa vadar edilmiş soydaşlarımızın məşğulluq və digər sosial problemlərinin həllində, yaşayış səviyyəsinin yüksəldilməsində, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında genişmiqyaslı tədbirlərin icrası uğurla davam etdirilmişdir. Müxtəlif ərazilərdə yeni-yeni qəsəbələr salınmış, gözəl evlər, hündürmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Həmişəki kimi qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ölkə Prezidenti cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahə olmuşdur. Dövlət başçısının mütəmadi olaraq müxtəlif bölgələrdə məcburi köçkünlərlə görüşməsi, yeni salınmış qəsəbələrin açılış mərasimlərində iştirakı və dərin məzmunlu çıxışları, məcburi köçkünlərlə birbaşa ünsiyyətdə olması, onların problemləri ilə yerində maraqlanması deyilənləri özlüyündə bir daha təsdiqləyir.

Həyata keçirilən tədbirlərin nəticəsi kimi 2010-cu il fevralın 27-də Qəbələ rayonu ərazisində 155 məcburi köçkün ailəsi üçün tikilmiş beşmərtəbəli yaşayış binalarından ibarət məhəllənin, 2010-cu il noyabrın 10-da Yevlax şəhərində 615 məcburi köçkün ailəsi üçün inşa edilmiş yaşayış binaları kompleksinin, 2010-cu il noyabrın 11-də Füzuli rayonunda Horadiz İdman Kompleksinin, Tibb Mərkəzinin, Ağdam rayonunda 689 məcburi köçkün ailəsi üçün salınmış, bütün sosial-texniki infrastruktura malik qəsəbənin və Ağdam Rayon Mərkəzi Xəstəxanasının açılış mərasimləri olmuşdur. İl ərzində həmçinin Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün 3, Qəbələ rayonunda isə 40 məcburi köçkün ailəsi üçün 1 beşmərtəbəli yaşayış binası istifadəyə verilmişdir.

Bütövlükdə, 2010-cu ildə 1566 ailə, yəni 7047 məcburi köçkün üçün 93,79 min kvadratmetr sahəsi olan 3 yeni qəsəbə salınmış, 1240 şagird yerlik 3 məktəb, 3 uşaq bağçası, 2 klub-icma mərkəzi, 2 inzibati bina istifadəyə verilmiş, 23 kilometr yol, 27 kilometr su xətti, 66 kilometr elektrik hava xətti, 44 kilometr qaz xətti, 3 kilometr istilik xətti, 4 kilometr kanalizasiya xətti çəkilmiş, 11 artezian quyusu qazılmış, müxtəlif həcmə malik 8 su anbarı, 4 nasos stansiyası, 17 komplekt transformator yarımstansiyası inşa edilmiş, 7 ədəd yüksəkgərginlikli transformator quraşdırılmışdır. Məcburi köçkün ailələrinin həmin çoxmərtəbəli binalardakı mənzillərə və qəsəbələrdəki evlərə köçürülməsi təmin edilmişdir.

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 44 obyektdə cari təmir işləri aparılmış, Sabirabad, Saatlı, Şəmkir və Ağcabədi rayonlarında məskunlaşmış Axısxa türkləri üçün tikintisi yarımçıq qalmış 54 evin inşası başa çatdırılmışdır. Dövlət Proqramının və ona əlavələrin icrası ilə əlaqədar şəhər və rayonlarda fin tipli qurma evlərdən ibarət qəsəbələrdə, eləcə də respublikanın ayrı-ayrı şəhər və rayonlarındakı məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrin, binaların, evlərin layihələndirilməsi və tikintisi ilə bağlı aşağıdakı işlər görülmüşdür:

- İmişli rayonunun ərazisində 500 məcburi köçkün ailəsi üçün qəsəbə salınması məqsədi ilə 100 hektar torpaq sahəsi ayrılmışdır;

- Göygöl rayonunun ərazisində 500 məcburi köçkün ailəsi üçün qəsəbə salınması məqsədi ilə 20 hektar torpaq sahəsi ayrılmışdır;

- Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün ayrılmış 8 ha torpaq sahəsinə texniki şərtlər alınmış və layihə işlərinin aparılması üçün layihəçi təşkilatla müqavilə bağlanmışdır. Layihə-smeta sənədlərinin hazırlanması başa çatmışdır;

- Şəki şəhərində 423 məcburi köçkün ailəsi üçün ayrılmış 84 ha torpaq sahəsinə texniki şərtlər alınmış, layihə-smeta sənədlərinin hazırlanması üçün müqavilə bağlanmışdır. Obyektdə mühəndis-axtarış işləri başa çatmış, hazırda qəsəbənin baş planı, evlərin layihələri və smetaları hazırlanmışdır;

- Ağcabədi rayonunda 1108 ailə üçün ayrılmış torpaq sahəsinə texniki şərtlər alınmışdır;

- Balakən rayonundakı məktəb binalarında müvəqqəti məskunlaşmış 43 məcburi köçkün ailəsinə beşmərtəbəli evin tikintisi məqsədi ilə torpaq sahəsi ayrılmış, texniki şərtlərin alınması üçün müvafiq müraciətlər edilmişdir;

- Ağdam rayonunun "Dördyol" adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 932 məcburi köçkün ailəsi üçün həmin rayonun Bənövşələr (30 hektar) və İmamqulubəyli (70 hektar) qəsəbələri ərazisində torpaq sahələri ayrılmış, texniki şərtlər alınmış və inşaat pasportu hazırlanmışdır;

- Bakı Dövlət Universitetinin 7 yataqxanasında müvəqqəti məskunlaşmış 758 məcburi köçkün ailəsinin çoxmərtəbəli yaşayış binaları tikilməklə köçürülməsi üçün Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 12 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmışdır, inşaat pasportunun hazırlanması və layihə ilə bağlı hazırlıq işləri görülür;

- Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşmış və köçürülməyə ehtiyacı olan 1410 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni məhəllənin layihələndirilməsi və tikintisi ilə bağlı Qaradağ rayonu ərazisində 22 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış və inşaat pasportu hazırlanmışdır.

Doğma yurdlarına qayıdana qədər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2010-cu ildə ümumilikdə 123,35 milyon manat həcmində vəsait (Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon manat, Dövlət Neft Fondundan 105 milyon manat, investisiya vəsaiti 4,35 milyon manat) ayrılmışdır ki, bu da 2003-cü illə müqayisədə 6,1 dəfə çoxdur.

Dövlət Proqramına əlavələrə uyğun olaraq 2010-cu ildə:

- Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən il ərzində Ağdam rayonunda 6, Ağcabədi rayonunda 5, Füzuli rayonunda 3, Xocavənd rayonunda 2, Bərdə rayonunda 2 ədəd subartezian quyusu qazılmış və beləliklə, nəzərdə tutulmuş 105 ədəd suvarma quyusu son 3 ildə qazılaraq məcburi köçkünlərin istifadəsinə verilmişdir;

- "Azərsu" Səhmdar Cəmiyyəti tərəfindən Ağdam rayonunun Quzanlı qəsəbəsində bir ədəd artezian quyusu qazılmış, 500 kubmetr həcmə malik bir ədəd su anbarı inşa edilmiş, həmçinin həmin rayonda 1000 metr, Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində 1700 metr uzunluğunda su xətləri çəkilmişdir;

- Füzuli rayonunda nəzərdə tutulmuş 1500 evdən 158-i bərpa edilərək istifadəyə verilmiş, modul tipli su elektrik stansiyasının inşası davam etdirilmişdir;

- Xocavənd rayonu Tuğ kənd orta məktəbinin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilmiş, 220 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir;

- Füzuli rayonunun Babı kəndinə içməli su xətti çəkilmişdir;

- Nəqliyyat Nazirliyi tərəfindən Ağdam rayonunda 2 km kəndarası yola asfalt döşənmişdir;

- Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd və ətraf yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişinə başlanılmış və 2011-ci ilin 2-ci yarısında yekunlaşdırılması nəzərdə tutulmuşdur. Həmçinin Füzuli və Ağdam rayonlarının kəndlərinə də təbii qaz xəttinin çəkilməsi davam etdirilmişdir.

Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2010-cu ildə təsdiqlənmiş 80,3 milyon manat vəsaitdən 77,1 milyon manatı müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinətin həcmi 15 manat müəyyən edilmiş, dövlət büdcəsindən bu məqsədlə təsdiqlənmiş 92,1 milyon manat vəsaitdən 90,9 milyon manatı məcburi köçkünlərə bankomatlar vasitəsilə verilmişdir. Soba yanacağının alınması üçün təsdiqlənmiş 7,5 milyon manat vəsaitdən 7,1 milyon manat hesabına 80 min məcburi köçkün ailəsinin hər biri payız-qış mövsümündə ayda 40 litr ağ neftlə təmin olunmuşdur. Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfərədək məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilmişdir. Şəhər və rayonlara təhkim edilmiş nazirlik, komitə, şirkət və digər mərkəzi təşkilatlar tərəfindən il ərzində bayramlar ərəfəsində məcburi köçkünlərə 3,3 milyon manatdan çox həcmdə müxtəlif çeşiddə yardımlar göstərilmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 24 şəhər və rayon icra hakimiyyətinə 772,9 min manat, daxil olmuş müraciətlər əsasında isə 198 məcburi köçkün ailəsinə 18,8 min manat, cəmi 791,7 min manat məbləğində humanitar yardım verilmişdir.

"Azərenerji" ASC tərəfindən nəzərdə tutulmuş 83730 elektrik sayğacından 2010-cu il ərzində fərdi evlərdə 45360, yığcam məskunlaşma obyektlərində isə 23300, ümumilikdə 68660 ədəd (82 faiz) sayğac quraşdırılmışdır. "Bakıelektrikşəbəkə" ASC tərəfindən isə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları fərdi və yığcam yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması tam başa çatdırılmışdır. Respublikanın bütün ərazilərində nəzərdə tutulmuş yığcam məskunlaşma obyektlərinin elektrik təchizatının sərbəstləşdirilməsi, "Bakıelektrikşəbəkə" ASC üzrə 570 obyekt, "Azərenerji" ASC üzrə isə 1055 obyekt olmaqla, tamamilə başa çatdırılmışdır.

Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən fərdi evlərdə və yığcam məskunlaşma yerlərində nəzərdə tutulan 47194 sayğacın quraşdırılması tam təmin edilmişdir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yaşayış məntəqələri və qəsəbələr sürətlə qazlaşdırılır. Yeni yaşayış binaları istismara verilərkən sayğaclaşdırılır. Hazırda respublika üzrə məcburi köçkün ailələrinin təxminən yarısı təbii qazla təchiz olunur.

Son illərdə məcburi köçkünlər üçün tikilmiş çoxmərtəbəli yaşayış binalarında mənzillərin qızdırılması üçün müasir istilik sistemi quraşdırılır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif rayonlar üzrə 74 məskunlaşma obyektinə 35 ədəd müxtəlif markalı güc transformatoru, 48 ədəd su nasosu, 2200 metr güc kabeli, 67900 metr elektrik naqili verilmiş və quraşdırılmışdır.

2010-cu ildə məcburi köçkünlərin sosial problemlərinin həllinə 339,1 milyon manat vəsait sərf edilmişdir (14 milyon manat Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun, 193,1 milyon manat büdcə, 105 milyon manat Dövlət Neft Fondunun, 27 milyon manat isə beynəlxalq humanitar və bu sahədə inkişaf təşkilatlarının vəsaiti). Bu da 2003-cü illə müqayisədə (109 milyon manat) 3,1 dəfə çoxdur. Ümumiyyətlə, 2001-2010-cu illər ərzində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan (17 milyon manat), Dövlət Neft Fondundan (717,9 milyon manat) və digər mənbələrdən (32,03 milyon manat) ayrılan 766,93 milyon manat vəsait hesabına:

- 20 min ailə - 100 min nəfərdən çox qaçqın və məcburi köçkün üçün 1110,6 min kvadratmetr sahəsi olan 67 qəsəbə və fərdi evlər inşa edilmiş;

- 126 məktəb, 4 musiqi məktəbi, 40 uşaq bağçası, 45 tibb müəssisəsi, 33 rabitə evi tikilmiş, 564 kilometr yol, 672 kilometr su, 1073 kilometr elektrik, 149 kilometr qaz, 37,1 kilometr kanalizasiya, 4,3 kilometr istilik xətləri çəkilmiş, 559 müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.

Məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması üzrə tədbirlər davam etdirilmiş, 2360 nəfər, o cümlədən məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə 735 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində isə 1625 nəfər məcburi köçkün daimi, 4458 nəfər müvəqqəti işlə təmin olunmuş, 104 nəfərə işsiz statusu verilmiş, 123 nəfərə işsizlik müavinəti təyin edilmiş, 363 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 312 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərində müvəkkil kredit təşkilatları vasitəsilə 33 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 1 milyon 222 min manat, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə 32 məcburi köçkünə 417 min manat məbləğində güzəştli kredit vəsaiti ayrılmışdır. İsveçrə Hökuməti tərəfindən maliyyələşdirilən, BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) tərəfindən həyata keçirilən və 2009-2012-ci illəri əhatə edən "Ağdam rayonunun yeni salınmış qəsəbələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün kəndin inkişafı və ərzaq təchizatı üzrə imkanların artırılması" layihəsinin (ümumi dəyəri 1,75 milyon ABŞ dolları) ikinci fazasının icrası davam etdirilir.

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılmış kredit sazişi ("Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi") üzrə 2010-cu ildə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 97 icma mikrolayihəsi (ümumi dəyəri 5,5 milyon manat) başa çatdırılmış, bu layihələrdən 56120 nəfər, o cümlədən 47140 nəfər (84 faiz) məcburi köçkün faydalanmışdır. Dünya Bankının və Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu vasitəsilə müxtəlif rayon və şəhərlərdə 2383 nəfərə, o cümlədən 1906 nəfər məcburi köçkünə 2,8 milyon manat mikrokredit verilmişdir. Bundan 9,5 min nəfər faydalanmışdır ki, onların da 80 faizi, yəni 7,6 min nəfəri məcburi köçkündür.

Məcburi köçkünlər üçün salınmış 25 yeni qəsəbədə Dünya Bankı və Azərbaycan Hökuməti arasında 2007-ci ilin oktyabr ayında imzalanmış, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən "Azərbaycan: Məcburi Köçkün Gənclərin Dəstəklənməsi Layihəsi" çərçivəsində Yaponiya Sosial İnkişaf Fondu xətti ilə ayrılan 2 milyon ABŞ dolları məbləğində qrant vəsaiti hesabına tender əsasında seçilmiş 4 vasitəçi qeyri-hökumət təşkilatı vasitəsilə məcburi köçkün gənclər üçün müxtəlif idman-sağlamlıq, mədəniyyət, kompüter mərkəzlərinin yaradılmasına başlanılmışdır.

Ağdam və Füzuli rayonları ərazisində yeni salınmış qəsəbələrdə "Caspian İnvest" MMC tərəfindən 1600 məcburi köçkünə 1,1 milyon manat, Bakı, Goranboy, Beyləqan şəhər və rayonları ərazisində sıx müvəqqəti məskunlaşma yerlərində "Kömək Kredit" MMC-nin xətti ilə 1150 məcburi köçkünə 1,5 milyon manat, "Avrasiya Kredit" MMC vasitəsilə isə Füzuli və Tərtər rayonları ərazisində 2060 məcburi köçkünə 1,1 milyon manat məbləğində mikrokreditlər verilmişdir. Biləsuvar rayonu ərazisində salınmış yeni qəsəbələrdə 2010-cu il ərzində "Aqroinvest" Kredit İttifaqı tərəfindən 1500 məcburi köçkünə 1,65 milyon manat kredit verilmişdir.

Fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası vasitəsilə vahid mərkəzdən, şəffaf şəkildə əlaqələndirilən 59 beynəlxalq, 43 yerli humanitar və bu sahədə inkişaf təşkilatlarının özləri tərəfindən 2010-cu ildə məcburi köçkünlərin və aztəminatlı əhalinin sosial problemlərinin həlli ilə bağlı təxminən 27 milyon manat həcmində müxtəlif humanitar və inkişaf layihələri həyata keçirilmişdir. Görülən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 7 ildə 3 dəfə -74 faizdən 25 faizədək azalmışdır.

2010-cu ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 684 manat (855 ABŞ dolları) təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü illə müqayisədə (121 manat) 5,6 dəfə çoxdur.

Bütün bunlar Azərbaycan Respublikası Prezidentinin və dövlətin məcburi köçkünlərə qayğısının həqiqətən də yüksək səviyyədə olduğunun və Azərbaycanın bu səpkidə nümunəvi bir dövlət kimi çıxış etdiyinin əyani təsdiqidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə müntəzəm olaraq müvafiq tədbirlər həyata keçirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan kitablar, qısametrajlı filmlər səfirliklər vasitəsilə dünya ölkələrinə yayılır. Bu məqsədlə il ərzində xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar və bu sahədəki inkişaf təşkilatlarının nümayəndələri ilə 160-dan çox görüş keçirilmiş, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin, ölkədə rəsmi səfərdə olan nüfuzlu beynəlxalq qurumların nümayəndə heyətlərinin məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərinə səfərləri təşkil edilmişdir.

2010-cu il yanvarın 19-da "Euronews" telekanalının ölkəmizdə səfərdə olan müxbirinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, ölkədə yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmiş, yanvarın 20-21-də Füzuli, Ağdam, Beyləqan və Goranboy rayonları ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə və təmas xəttində məcburi köçkünlərlə görüşləri təşkil edilmiş, nəticədə onun hazırladığı "Dağlıq Qarabağ: Azərbaycandakı qaçqınlar düşərgəsində" adlı reportajı "Euronews" telekanalında yayımlanmışdır. Ölkəmizdə səfərdə olan BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi cənab Valter Kalin ötən ilin mayın 21-də məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bölgələrə səfər etmiş, Füzuli rayonunda salınmış qəsəbələrə baxış keçirmiş, Beyləqan rayonunda salınmış yeni qəsəbədə və Ağcabədi rayonunun Taxtakörpü ərazisində yeraltı qazmalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olmuşdur.

BMT Baş katibinin müavini xanım Aşa Rouz Migiro Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, 2 saylı Evtikmə Kombinatının ərazisində yeni salınmış yaşayış məhəlləsində olmuşdur. Fransa Senatının üzvü xanım Natali Quli Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, Xocavənd rayonundan olan məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış yeni qəsəbəyə səfər etmişdir. Almaniyanın kütləvi informasiya vasitələrinin təmsilçiləri Ağcabədi, Ağdam, Tərtər və Yevlax rayonlarına səfər edərək, məcburi köçkünlərin vəziyyəti ilə tanış olmuşlar. Oktyabrın 19-da Ukraynanın "1+1" telekanalı müxbirinin Füzuli rayonu ərazisində yeni salınmış qəsəbələrdə məcburi köçkünlər üçün yaradılmış şəraitlə tanış olmaq məqsədi ilə həmin rayona səfəri təşkil edilmişdir.

Ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, onun amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fondda yaradılmış "Azərbaycan" internet portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, erməni vəhşilikləri barədə geniş, dolğun məlumatlar yerləşdirilmişdir. Hər il Xocalı soyqırımı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən dünyanın müxtəlif ölkələrində soyqırımı qurbanlarının fotoşəkilləri yayımlanır, beynəlxalq mətbuatda soyqırımı haqqında yazılar dərc etdirilir, "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgilər keçirilir, uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün mütəmadi olaraq Yeni il şənlikləri təşkil olunur, hər il sentyabr ayında qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə məktəbli ləvazimatından ibarət hədiyyələr təqdim olunur, müvəqqəti məskunlaşma obyektlərində mütəmadi olaraq məcburi köçkünlərlə görüşlər keçirilir, Fondun maliyyə dəstəyi ilə yeni məktəb binaları tikilib istifadəyə verilir.

Ermənistanın törətdiyi Xocalı soyqırımının müntəzəm olaraq dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da yaxından iştirak edir. Onun təşəbbüsü ilə 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümündə irəli sürülmüş "Xocalıya ədalət" kampaniyası hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilir. Bununla yanaşı, "Xocalıya ədalət" kampaniyası çərçivəsində rus yazıçısı və tarixçisi Yuri Pompeyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dəqiq tarixi faktları əks etdirən "Qarabağ gündəliyi" kitabı nəşr olunmuş, tanınmış amerikalı rep ifaçısı xanım Toni Bləkmənin yazdığı mahnı üçün çəkilmiş klipin təqdimat mərasimi keçirilmişdir.

2010-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqın, məcburi köçkün və "qaçqın" statusu almaq niyyətində olan sığınacaq axtaran şəxslər tərəfindən daxil olmuş 39642 yazılı və şifahi müraciətə baxılmış, 7557 nəfər qəbul edilmiş, müraciətlərin 80 faizi müsbət həll edilmişdir.

Cari il ərzində də məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər daha geniş miqyas alaraq davam etdirilməkdədir. Məlumat üçün bildirim ki, Ağcabədi rayonu ərazisində fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 2484 nəfərdən ibarət 552 ailəlik yeni qəsəbənin tikintisinə 2010-cu ilin dekabrında başlanılmış, hazırda tikinti işləri başa çatmaq üzrədir. Qəsəbədə həmçinin 360 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina (anbar ilə birlikdə), 2 çıxışlı yanğınsöndürmə deposu, klub-icma mərkəzi və ambulatoriya da tikilir. Tikintinin başa çatdırılması 2011-ci ilin iyul ayına planlaşdırılır.

Naftalan şəhəri ərazisindəki sanatoriya binalarında müvəqqəti məskunlaşmış (2358 nəfərdən ibarət 524 ailəlik) məcburi köçkünlərin yerləşdirilməsi üçün Goranboy rayonu ərazisində 9 ədəd 5 mərtəbəli, Bakı şəhəri, Nərimanov rayonu ərazisində "Səttarxan adına maşınqayırma zavodu" TASC-yə məxsus tikinitisi yarımçıq qalmış binada müvəqqəti məskunlaşmış 80 məcburi köçkün ailəsinin köçürülməsi məqsədilə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində texniki infrastrukturu ilə birlikdə 80 mənzilli 5 mərtəbəli yaşayış binalarının tikintisinə cari ilin aprel ayında başlanılmışdır. İl ərzində həmin binaların tikintisinin başa çatdırılması planlaşdırılır.

Mingəçevir şəhəri ərazisində fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış 2006 nəfərdən ibarət 502 ailənin müvəqqəti məskunlaşdırılması məqsədilə 10 ədəd 9 mərtəbəli yaşayış binalarının və həmçinin 360 şagird yerlik məktəb binasının, 50 yerlik uşaq bağçasının, inzibati bina və klub-icma mərkəzinin də tikilməsi nəzərdə tutulur. Məhəllənin tikintisi 2011-ci ilin iyun ayında başlanılacaqdır. Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Bakı Dövlət Universitetinin 7 yataqxanasından 2 yataqxanada müvəqqəti məskunlaşmış 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdırılması məqsədilə 4 ədəd 5 mərtəbəli 55 mənzilli yaşayış binalarının (bütün sosial-texniki infrastruktur obyektləri ilə birlikdə) tikinitsi üçün tender elan edilmiş, layihə təşkilatı müəyyən olmuşdur. Məhəllənin tikintisinin başlanması 2011-ci ilin IV rübündə nəzərdə tutulmuşdur.

Görülən tədbirlərə baxmayaraq, məcburi köçkünlərin müəyyən hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda, sağlamlıq düşərgələrində və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və ciddi sosial problemlərlə üzləşir. Bu sahədə mövcud problemlərin əksəriyyəti Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr, həmçinin 2011-ci il 21 fevral tarixli sərəncamları ilə həmin dövlət proqramına edilmiş əlavələrdə öz əksini tapmışdır və onların icrasının təmin edilməsi ilə bağlı konkret tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

 

 

Əli HƏSƏNOV,

Baş nazirin müavini,

Qaçqınların və Məcburi

Köçkünlərin İşləri üzrə

Dövlət Komitəsinin sədri

 

Azərbaycan.- 2011.-22 may.- S. 3.