Əli Həsənov: Ölkə rəhbərliyi söz və fikir azadlıqlarının tam təmin olunması üçün "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırdır

 

Hazırda Azərbaycanda müzakirə olunan "Diffamasiya haqqında" qanunun qəbulu respublikada söz və fikir azadlıqlarının tam təmin olunmasına imkan verəcək. Bu barədə trend.az-in xüsusi müxbirinə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Əli Həsənovun sözlərinə görə, bu qanun layihəsi artıq Azərbaycan Mətbuat Şurası tərəfindən ATƏT-lə birgə hazırlanıb. Mayın 1-də Bakıda "Qanunvericiliyə dəyişikliklər etmək yolu ilə diffamasiyanın dekriminalizasiyası" mövzusunda konfrans keçirilib. Tədbiri ATƏT-in Bakı ofisi Azərbaycan Mətbuat Şurası ilə birgə təşkil edib. Dövlət səviyyəsində belə qanunun qəbul edilməsinə dair qərar mövcuddur. Bundan əlavə, respublikada üç il ərzində peşə fəaliyyətinə görə jurnalistlərin həbsinə moratorium qüvvədədir", - Ə.Həsənov daha sonra deyib ki, Prezident İlham Əliyev Mətbuat Şurasının idarə heyəti ilə görüşdə bildirib ki, ölkə rəhbərliyi respublikada söz və fikir azadlıqlarının tam təmin olunması üçün bu qanunu qəbul etməyə hazırdır. Bununla yanaşı, Prezident qanunun qəbulunun jurnalistika sahəsində qarışıqlığa səbəb olmaması ilə bağlı şərt qoyub. Bunun üçün jurnalistlər öz peşəkarlıq səviyyələrini, məsuliyyətlərini artırmalıdırlar. Təsadüfi deyil ki, ATƏT-in Bakı ofisinin rəhbəri Mətbuat Şurasının jurnalistlərin etik davranışının daha dəqiq çevrəsinin müəyyən edilməsi məqsədilə "Jurnalistlərin etik davranış kodeksi"nə yenidən baxılması barədə qərarını alqışlayıb.

Ə.Həsənov daha sonra qeyd edib ki, hələlik söhbət "reket" jurnalistikasına qarşı sərt tədbirlərin hazırlanmasından getmir. "Fikrimcə, əvvəlcə digər dövlətlərin hüquqi aktlarının modellərini əsas götürməklə, "Diffamasiyalar haqqında" qanunun qəbul edilməsi, sonra isə müdafiə tədbirlərinin işlənməsi vacibdir.

Prezident Administrasiyasının şöbə müdiri Azərbaycanda müstəqilliyin bərpasının 20 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə də münasibət bildirib. O qeyd edib ki, əsas tədbir Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən təntənəli iclas olacaq. İclasda Azərbaycanın sosial-iqtisadi inkişafının 20 illiyi barədə məruzə oxunacaq, respublikanın ən yaxşı yaradıcı kollektivlərinin iştirakı ilə böyük konsert veriləcək. Bundan əlavə, respublika səviyyəsində və yerli hakimiyyət strukturlarında bu tarixə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcək, kitablar nəşr olunacaq, Azərbaycanın iqtisadi və mədəni inkişafına böyük töhfə vermiş, ən müxtəlif təbəqələrin nümayəndələri respublika sakinləri qarşısında çıxış edəcəklər.

Hazırda zəngin bayram proqramı hazırlanır və bu proqram Azərbaycanın unikallığı və özünəməxsusluğunun daha bir təsdiqi olacaq. Tarix baxımından 20 il elə də böyük dövr deyil, lakin bu qısa zaman kəsiyində Azərbaycan çox böyük uğurlar qazanıb, regionda ən sürətlə inkişaf edən ölkəyə çevrilib.

 

 

Azərbaycan.- 2011.- 22 may.- S. 4.