Üçüncü minilliyin nəhəng mühəndis qurğusu

 

6 il əvvəl BTC-nin Azərbaycan hissəsi istismara verildi

 

2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə Səngəçal terminalından ilk neft vuruldu. Bununla da kəmərin Azərbaycan hissəsi işə düşdü. Bu münasibətlə Səngəçalda və sonra da Bakıda təntənəli mərasimlər keçirildi. Təntənələrdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı daha üç ölkənin - Türkiyənin, Gürcüstanın, Qazaxıstanın dövlət başçıları iştirak edirdilər.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin BTC-nin Azərbaycan hissəsinin istifadəyə verilməsi və kəmərə ilk neftin axıdılmasına həsr olunmuş tədbirdə dediyi sözlər hamının fikrini ifadə edirdi: "Xatırlamaq istəyirəm ki, bu layihənin müvəffəqiyyəti çox böyük, dahi bir şəxsiyyətin nailiyyətidir və o, bizim qəlblərimizdə həmişə yaşayacaqdır. Onun haqqında bizim xatirələrimiz zəngindir və həmişə onu yada salacağıq. Bu dahi şəxsiyyət Heydər Əliyevdir. Mən onun işini bütün bu illər ərzində müşahidə etmişəm. Biz çox yaxşı bilirik ki, o, nə kimi səylər, cəhd göstərmişdir ki, bu boru kəməri layihəsi həyata keçirilsin".

"Əgər Heydər Əliyev olmasaydı, BTC də olmazdı". Bu fikri dünyanın bir sıra görkəmli şəxsiyyətləri ayrı-ayrılıqda, təbii ki, bir-birindən xəbərsiz söyləmişlər. Təsadüfi deyil ki, BTC-nin inşası başa çatandan sonra onun araya-ərsəyə gəlməsində iştirak edənlərin hamısı belə qərara gəldi ki, kəmər ulu öndərin adını daşısın. Türkiyə dövlətinin və xalqının istəyi ilə Aralıq dənizinin sahilindəki Ceyhan terminalına da Heydər Əliyevin adı verildi. Bu etimadı layiqincə doğruldan BTC ahəngdar və təhlükəsiz işləyir. O, üç ölkənin ərazisində 1768 kilometr məsafə qət edərək altı ildir Azərbaycan neftini Səngəçaldan Ceyhana aparır.

2005-ci ilin may ayında BTC-nin borularına ötürülən "Mərkəzi Azəri" platformasının verdiyi neft idi. Məlum olduğu kimi, "Azəri" yatağı üç hissədən ibarətdir. Növbəti ildə "Qərbi Azəri"dən və "Şərqi Azəri"dən də neft alındı. Daha sonra isə "Dərinsulu Günəşli"dən hasilata başlandı. İndi BTC dünya bazarlarına "Azəri-Çıraq-Günəşli" neftini, "Şahdəniz" kondensatını daşıyır. Bundan əlavə, BTC ilə Türkmənistan nefti də nəql olunur.

Layihələşdirilərkən ötürmə qabiliyyəti gündə 1 milyon barel olan boru xəttinin gücü sonradan 20 faiz də artırılıb. İndiyədək kəmərin bir gün üçün ən yüksək göstəricisi 1,044 milyon barel olub. Bu ilin aprel ayında BTC vasitəsilə 2,8 milyon ton Azərbaycan nefti nəql edilib. Yanvar-aprel aylarında kəmərlə 11,4 milyon ton neft ötürülüb. Keçən ay boru xəttinə həmçinin 797 min ton Türkmənistan nefti qoşulub.

Bu il aprel ayının 17-də Ceyhan limanından BTC nefti ilə yüklənmiş 1500-cü tanker dünya bazarlarına yola salınıb. Xatırladaq ki, Ceyhandan ilk tanker 2006-cı il iyunun 4-də yola düşmüşdü. Həmin vaxtdan bu ayın 15-dək BTC nefti ilə yüklənmiş tankerlərin sayı 1525-ə çatıb. İndiyədək BTC ilə 159 milyon tona yaxın (təxminən 1188 milyon barel) neft nəql edilib.

Bu məlumatı "bp Azərbaycan" şirkətindən almışıq. BTC layihəsinin əməliyyatçısı bp (Böyük Britaniya) şirkətidir. Burada onunla ARDNŞ (Azərbaycan), "Şevron" (ABŞ), "Statoyl" (Norveç), TPAO (Türkiyə), "Eni" (İtaliya), "Total" (Fransa), "İtoçu" (Yaponiya), "İnpeks" (Yaponiya), "KonokoFilips" (ABŞ) və "Hess" (ABŞ) şirkətləri tərəfdaşlıq edirlər.

İndi ekoloji problemlərin həllinin bütün dünya üçün önəm daşıdığı bir zamanda BTC və ətraf mühit məsələsindən yan keçmək olmaz. Məlumdur ki, müasir dövrdə karbohidrogenlərin nəqli üçün ən etibarlı vasitə boru kəməridir. Xüsusilə borular torpaq altında basdırılanda. BTC məhz belə kəmərdir. O, bütün marşrut boyu torpağa basdırılıb.

BTC ölkəmizdə 13 bölgənin ərazisindən keçir. BTC-nin varlığı barədə torpağın üstündə yalnız marşrut boyu hərdənbir rast gəlinən lövhələr xəbər verir. Onlar BTC-nin öz "yol"unun neçənci kilometrində olduğunu göstərir. Azərbaycanda bu kəmərin iki iri yerüstü obyekti var. Onlardan biri Səngəçaldakı birinci və baş nasos stansiyasıdır. Buradan, yəni Qaradağ rayonundan sonra BTC Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş bölgələrindən keçir. İkinci böyük yerüstü obyekt - nasos stansiyası Yevlaxın ərazisindədir. Bu bölgədən Azərbaycan-Gürcüstan sərhədinə doğru istiqamət götürən kəmər daha beş bölgədən - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçir.

Vaxtilə tikinti zamanı ətraf mühitə dəyən ziyan da indi aradan qaldırılıb. Torpağa öz əvvəlki görkəmi qaytarılıb. Hazırda boruların üstündəki torpaqlarda əkin-biçin aparılır, bağ-bağat salınır. BTC-nin işə düşməsi ilə Bosfor boğazındakı çoxsaylı tankerlərin sayı azalıb və buradakı nəqliyyat sıxlığı aradan qalxıb.

Bundan əlavə, kəmərin keçdiyi ərazilərdə onun səhmdarlarının həyata keçirdiyi sosial proqramlar da davam edir. BTC-nin sosial sərmayəsi ilə kəmər boyu yaşayış məntəqələrində təhsil və səhiyyə müəssisələri təmir edilir, yollar və su xətləri çəkilir, yeni infrastruktur yaradılır. Bu proqramlar həmçinin kiçik və orta sahibkarlığın inkişafına, kəndli gənclərin peşə yönümünə dəstək verir.

Bütün bunlar vaxtilə Azərbaycanın yeni neft strategiyası, o cümlədən BTC haqqında bədgüman olanlara və onların reallaşmasına maneçilik törədənlərə tutarlı cavabdır. Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycan çox böyük sınaqlardan şərəflə çıxdı və qarşıda duran bütün vəzifələri uğurla həll etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə əks etdirir".

İndi BTC-dən əldə olunan vəsait ölkəmizdə ən təxirəsalınmaz problemlərin həllinə yönəldilib. BTC-nin gəlirləri ilə qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınıb. Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası üçün vəsait də bu layihənin gəlirlərindən ayrılıb. O, həmçinin tranzit ölkələr üçün sanballı gəlir imkanı yaradıb.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2011.-25 may.- S. 2.