Strasburqda Azərbaycanla bağlı fotosərgi açılmışdır

 

Azərbaycanın Fransadakı səfirliyinin və ölkəmizin Avropa Şurası yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə Azərbaycan-Fransa Gənclik Assosiasiyası Strasburqda fəaliyyət göstərən Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası ilə birlikdə ölkəmizin müstəqilliyinin 20 illiyi münasibətilə Fransada keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Strasburqda "Qədim, müasir və gələcək Azərbaycan" adlı fotosərgi açılmışdır.

Mayın 23-də Strasburq Universiteti sarayında sərginin təntənəli açılışı olmuşdur. Fransa ictimaiyyətinin, bu ölkədəki diasporumuzun təmsilçilərinin və tələbələrimizin iştirak etdiyi tədbirdə nümayəndəliyin rəhbəri, səfir Arif Məmmədov çıxış edərək sərginin Azərbaycanı onun hüdudlarından çox uzaqda yerləşən Fransa kimi bir ölkədə tanıtmaq baxımından mühüm əhəmiyyətini vurğulamış, bu sahədə tələbələrin xüsusi rolunu qeyd etmiş, ölkəmizin milli-mənəvi dəyərlərinin təbliği və tanıdılması baxımından yüksək qiymətləndirmiş, tələbələrimizi bu istiqamətdə daha fəal olmağa, yaşadıqları ölkələrdə və təhsil aldıqları ali məktəblərdə Azərbaycanla bağlı vaxtaşırı tədbirlər keçirməyə çağırmışdır.

Mayın 25-dək davam edəcək sərgidə Azərbaycanın tanınmış fotoqrafları ilə yanaşı, həvəskar fotoqraflar, habelə ölkəmizdə turist səfərində olmuş fransızların çəkdikləri 50-dək əsər nümayiş etdirilmişdir. Sərgidə Azərbaycanın zəngin tarixini, mədəniyyətini, insanlarını, gündən-günə simasını dəyişən Bakının görməli yerlərini, neft buruqlarını, mənzərəli təbiətini, o cümlədən gələcək inkişafını göstərən fotolar nümayiş etdirilmişdir.

Sərginin Fransanın bir çox şəhərlərində də təşkil edilməsi nəzərdə tutulmuşdur.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.- 25 may.- S. 2.