28 may - Respublika Günü ilə əlaqədar milli təhlükəsizlik orqanları veteranlarının iştirakı ilə tədbir keçirilmişdir

 

Azərbaycan Respublikasının qüdrətlənməsi və nüfuzunun artırılması naminə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi məqsədyönlü və praqmatik dövlətçilik siyasətində ölkənin təhsil sisteminin inkişafı prioritet vəzifələrdəndir. Təhsil və tədris prosesində gənc nəslin vətənpərvərlik, azərbaycançılıq, milli adət-ənənəyə, tarixi kökə hörmət və bağlılıq, dövlətçiliyə sədaqət ruhunda yetişdirilməsi və tərbiyələndirilməsi işinin düzgün qurulması mühüm əhəmiyyət kəsb edir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə milli maraqların və mənafelərin etibarlı qorunması kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gələn, xalqa, vətənə, dövlətə sədaqətlə xidmət edən Milli Təhlükəsizlik Nazirliyi (MTN) daim gənclərimiz arasında vətənpərvərlik, tariximizə və mədəniyyətimizə dərindən bağlılıq kimi ülvi amalların, ideyaların gücləndirilməsi işinə xüsusi önəm verir.

MTN-in İctimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, bu nəcib ənənəyə sadiq qalan milli təhlükəsizlik orqanlarının əməkdaşları və veteranları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü ərəfəsində Milli Qəhrəman Faiq Rəfiyevin adını daşıyan Qaradağ rayonundakı 166 saylı orta məktəbin müəllim və şagirdləri ilə görüşmüşlər. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri də iştirak etmişlər. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Azərbaycanın Dövlət himni səsləndirilmişdir.

Bu cür tədbirlərin keçirilməsinin yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində çox böyük önəm daşıdığını qeyd edən məktəbin müəllimi İlhamə Mehdiyeva 28 may Respublika Gününün əhəmiyyəti və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının dövlətçilik tariximizdəki rolu mövzusunda çıxış etmişdir.

Sonra MTN-in Qaradağ rayon idarəsinin rəisi Fariz Göyüşov Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyinin təmin olunmasında milli təhlükəsizlik orqanlarının rolundan danışmışdır.

Təhlükəsizlik orqanlarının veteranları çıxışlarında dövlətimizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, onlara milli-mənəvi dəyərlərimizə hörmət və qayğı hissinin aşılanması işinə daim xüsusi diqqət verdiyini qeyd etmişlər. Müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirən veteranlar bu yolda gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulamışlar. Onların vətənin müstəqilliyi və qüdrətlənməsi üçün bu gün şagird olaraq üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmalarının vacibliyini qeyd etmişlər. Bildirilmişdir ki, hər birimiz müstəqil Azərbaycanın xoşbəxt gələcəyi uğrunda öz bilik və bacarığımızı əsirgəməməli, ərazi bütövlüyümüzün bərpası naminə mübarizəyə daim hazır olmalıyıq.

Sonda məktəblilərin ifasında vətəni, dövləti, müstəqilliyimizi tərənnüm edən şeirlər səslənmiş, oxunan mahnılar, ifa edilən rəqslər tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

 

 

Azərbaycan.- 2011.-25 may.- S. 4.