Daşkəsən yüksəlişin yeni mərhələsini yaşayır

 

Dağlar diyarı Daşkəsənin səfalı guşələrdən birində bayraq meydanı düzəldilir, ətraf sahmana salınır, səkilər, yollar təmizlənir, ağaclar, gül-çiçək əkilir. Dağlar diyarının ən baxımlı guşəsində üçrəngli bayrağın ucaldılmasına az qalır. Başqa sözlə desək Daşkəsənin siması dəyişir, gözəlləşir. Rayonun bir sıra yerlərində geniş miqyaslı abadlıq-quruculuq işləri görülür. Sosial problemlər həll olunur. Xoşbulaq bölgəsinə qaz çəkilib. İndi evlərdə sayğaclar qurulur. Rayonun su probleminin həlli üçün konkret tədbirlər görülür.

Xüsusən təbii qaz, elektrik enerjisi, su təchizatı və yolların təmiri işləri həmişə diqqət mərkəzindədir. Qəsəbə və kəndlərin qazlaşdırılmasına xüsusi diqqət yetirilir. İndi ən ucqar kəndlərə qaz xətləri çəkilir, köhnə sayğaclar yeniləri ilə əvəz olunur. Telekommunikasiya qovşağının səyi ilə Yuxarı Daşkəsən ATS-də daha müasir avadanlıq quraşdırılıb. Təbii fəlakətin nəticəsi olaraq yararsız hala düşmüş rabitə dirəkləri dəyişdirilib, səkkiz kilometr məsafədə yeni kabel çəkilib. Əhmədli, Dəstəfur və Zəylik kəndlərində olan ATS-lər müasirləri ilə əvəz olunub.

Rayonda aqrar sahənin inkişafına da xüsusi diqqət yetirilir. Burada dörd kartofçuluq və taxılçılıq, habelə damazlıq arıçılıq və mal-qara təsərrüfatı fəaliyyət göstərir. Maldarlığın inkişafı ilə əlaqədar ayrı-ayrı bölgələrdə süni mayalanma məntəqələri yaradılıb, otuzdan artıq damazlıq düyə gətirilib. Diaqnostika mərkəzi, baytarlıq idarəsi və Dəstəfur kəndində baytar sahəsi üçün inzibati binalar istifadəyə verilib.

Qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün ikimərtəbəli on altı mənzilli yaşayış binası tikilir. Rayonda statistika idarəsinin, hidrometeroloji stansiyanın, MTN-nin rayon şöbəsinin inzibati binalarının inşasına ilkin hazırlıq işləri görülür. Cümə məscidində yenidənqurma işləri gedir. Səhiyyə, maarif, mədəniyyət obyektlərində təmir işləri aparılır. Rayonun mərkəzində müasir xəstəxana kompleksi inşa edilir.

Daşkəsən əsasən filizsaflaşdırma ASC və Əhəng daş mədəni ilə tanınır. Son vaxtlarda bu yerlərdə sənayenin daha bir mühüm sahəsinin təməli qoyulur. Çovdar qızıl yatağının istismarı üzrə hazırlıq tədbirləri görülür. Bu mühüm obyekt işə düşəndə üç yüz nəfərdən artıq adam işlə təmin olunacaq.

Bu günlərdə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın birinci ilinin yekunları icra hakimiyyətinin başçısı yanında müzakirə olunub. Dövlət Proqramında Daşkəsən rayonu üçün nəzərdə tutulmuş iyirmi tədbirin on doqquzunun əsas icraçısı nazirliklər və səhmdar cəmiyyətləri sayılır. Təəssüf ki, onların dağlar diyarına köməyi hələ də qədərincə hiss olunmur. Buna görə də rayon icra hakimiyyəti aidi təşkilatlara işlərin sürətləndirilməsi üçün iş vacibliyi barədə məktublar göndərib.

Alınan ilkin məlumatlar göstərir ki, cari ildə "Azərsu" Səhmdar Cəmiyyətinin köməyi ilə Daşkəsən şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasına, habelə uzunluğu 22 kilometr olan Xoşbulaq-Daşkəsən içməli su kəmərinin bərpasına başlanılacaqdır. Bununla da altı yaşayış məntəqəsinin su ilə təchizatının yaxşılaşdırılması, 20 kəndin su təchizatının bərpa olunması gözlənilir. Bundan əlavə, rayonda bir sıra səhiyyə və mədəniyyət obyektlərinin təmiri, tarixi abidələrin bərpası, geniş miqyaslı abadlıq və quruculuq işlərinin görülməsi, Mədənçilər və Xətai küçələrindəki evlərdə istilik sisteminin nizama salınması və digər tədbirlər nəzərdə tutulub.

Daşkəsənin ən böyük problemlərindən biri kənd yolları ilə bağlıdır. Doğrudur, dövlət başçısı İlham Əliyevin göstərişi ilə Gəncə-Xoşbulaq yolu çəkilib. 22 saylı yol istismar idarəsi tərəfindən yaz aylarındakı təbii fəlakətin fəsadları vaxtında aradan qaldırılıb. Gəncə-Daşkəsən avtomobil yolunun, Daşkəsən-Xoşbulaq yolunun, Zağallı, Qaraqovlar, Əmirvar, Quşçu, Zəylik, Quytul yollarının abadlaşdırılması sahəsində xeyli işlər görülüb. Yol idarəsinin rəisi Nəriman Süleymanov deyir ki, bu sahədə hələ görüləcək işlər çoxdur. Xoşbulaq ölkəmizin ən səfalı guşələrindən biridir. Qoşqar, Murovdağ və Şahdağ silsiləsinin yamaclarında yerləşir. Zəngin təbiəti, bir-birindən baxımlı abidələri, büllur bulaqları, səfalı yaylaqları ilə şöhrət qazanıb. Turizm ili ilə əlaqədar olaraq məşhur Narzana, Nağara dağına, Daştəpə qalasına, Turşsu bulağına gələnlərin sayı getdikcə artır. Ona görə də yollar sahmana salınır, turist cığırları təzələnir. Ölkə şöhrətli Xoşbulağın yeni günləri başlanır.

Daşkəsənin potensialı böyükdür. İndi bütün qüvvələr səfərbərliyə alınıb. Rayon həyatının hər sahəsində, dağlar diyarının hər guşəsində qızğın iş gedir. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq dağlar diyarı Daşkəsən yüksəliş yolunun yeni mərhələsinə qədəm qoyub.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.-25 may.- S. 9.