Amu-Dərya sahillərində öldürülən azərbaycanlı

 

 1918-ci il iyun ayının 4-də Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında imzalanan "Sülh və dostluq müqaviləsi"nə əsasən ölkəmizi hərbi müdaxilədən xilas etmək üçün Türkiyə hökuməti Osmanlı ordusunun tərkibində Azərbaycan könüllülərindən ibarət Qafqaz İslam Ordusu yaradılmasını qərara alır. Qərara əsasən, orduya Azərbaycanın şəhər və kəndlərini yaxşı tanıyan, bölgələrə bələd olan hərbçi-siyasətçilərin cəlb olunması ən vacib şərtlərdən biri idi. Ona görə də hər iki ölkənin ictimai-siyasi həyatında kifayət qədər nüfuzu olan və həmin dövrdə Türkiyədə çalışan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Axund Yusif Ziya Talıbzadə kimi şəxsiyyətlərin orduda təmsil olunması çox vacib və faydalı hesab edilirdi.

Qardaş Türkiyədə və Orta Asiyada, xüsusilə Türkmənistanda xalq qəhrəmanı səviyyəsində məşhur olan, haqqında məqalə və kitabların yazıldığı Axund Yusif Ziya Talıbzadəni çoxları ölkəmizdə yaxşı tanımır. Sovet hökumətinə, sovet quruluşuna qarşı əks mövqedə durduğuna görə son illərə kimi ailə üzvləri və yaxınları Yusif Ziya haqqında söhbət açmaqdan çəkinir, ehtiyat edirdilər. Çünki Yusif Ziya yüksək dairələrdə belə açıqdan-açığa rus imperiyasının bolşevik ideologiyasını və işğalçılıq siyasətini heç cür qəbul etmədiyini bildirərək, son nəfəsinədək sovetləşməyə qarşı mübarizə aparıb. Odur ki, ümummilli tərəqqiyə xidmət etmiş bir sıra şəxsiyyətlərimiz kimi Axund Yusif Ziya Talıbzadənin də nəsillərə örnək olan həyat və fəaliyyəti, yaradıcılığı sovet dönəmində yasaq və qadağalara məruz qalıb.

Yalnız Azərbaycan ikinci dəfə 1991-ci ildə milli müstəqilliyini bərpa etdikdən sonra Əhməd Cavad, Xəlil İbrahim, Almas İldırım, Salman Mümtaz, Seyid Hüseyn, Mirzəbala Məhəmmədzadə, Behbud xan Cavanşir, Vəli Xuluflu, Hacı Kərim Sanılı, Əlabbas Müznib, Hüseyn Baykara, Cavad bəy Məlikyeqanov, Xudadat bəy Məlikaslanov və bu kimi onlarca tanınmış şəxsiyyətlərin - xalqımızın azadlığı, milli dövlət müstəqilliyi uğrunda əksinqilabçı, pantürküst, panislamist, xalq düşməni və digər bu kimi adlarla repressiyaya məruz qalanların, məşəqqətli sürgün həyatı və mühacir ömrü yaşayanların da ünvanına gün doğmuşdur.

Həmin şəxsiyyətlərdən biri - zamanında pedaqoq, publisist, dramaturq, şair və ictimai-siyasi xadim kimi tanınan Axund Yusif Ziya Talıbzadə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularındandır. O, cümhuriyyət dövründə ictimai asayişi mühafizə edən Yardım alayının rəisi olubE

Yusif Ziya 1877-ci il yanvar ayının 22-də Tiflisdə ruhani ailəsində, Zaqafqaziya Şeyxülislamının müavini, Qafqaz vilayətinin baş qazisi, bir neçə şəriət dərsliyinin müəllifi kimi tanınan Axund Mustafa Talıbzadənin ailəsində dünyaya göz açıb. Ailənin ilk övladı olan Yusif ibtidai təhsilini Tiflisdə - Zaqafqaziya Ruhani İdarəsi nəzdindəki Rüşdiyyə məktəbində alaraq türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənir. 1894-cü ildə anası və qardaşı ilə birlikdə Xorasana (Məşhədə) köçür, burada kiçik qardaşı Şaiqlə birlikdə təhsilini davam etdirir, məşhur Mirzə Cəfər mədrəsəsini bitirir. Yusif Ziya Talıbzadənin özünə "Ziya" təxəllüsü götürməsi də bu mədrəsə və tələbəlik illəri ilə bağlıdır. Vəziyyət elə gətirir ki, Talıbzadə qardaşları milli dil və ədəbiyyatımızla bağlı xüsusi hazırlıq keçməli olurlar. Bu zaman qardaşı Şaiq mədrəsənin nəzdindəki digər məktəbə, Yusif isə tanınmış alim, tənqidçi və şair Mirzə Yusif Ziyanın məktəbinə getməli olur. Mədrəsə müəllimi, atasının yaxın dostu Mirzə Yusif Ziya tələbə Yusifə ana dili və ədəbiyyatdan iki il dərs verir. Bundan sonra Yusif Talıbzadə müəlliminə ehtiram və sevgi əlaməti olaraq "Ziya" təxəllüsünü götürür.

Yusif Ziya ali dini təhsilini Bağdadda başa vurduqdan sonra, 1899-cu ildə anası ilə birlikdə Tiflisə qayıdır, 1900-cü ilin sentyabrında isə Bakıya gəlir. Hələ Tiflisdə yaşadığı zamanlardan yaxşı tanıdığı Nəriman Nərimanovla görüşür, onun vasitəsilə neft milyonçusu Hacı Zeynalabdin Tağıyevlə yaxından tanış olur. Bakıda "Rus-tatar" məktəbi yoxlama komissiyasının imtahanlarından uğurla çıxıb həmin məktəbə şəriət müəllimi təyin olunur. O zaman məktəblərdə çox ciddi ehtiyac duyulan Azərbaycan dilinin qrammatikasına aid "Təhsili-qəvaid" (1901) adlı kitab yazıb nəşr etdirir, N.Nərimanovun "Nadir şah" əsərini fars dilinə çevirir. 1903-cü ildə islam aləmində qadın tərbiyəsinə dair "Hədiyyəyi-niszan", habelə "Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı" kitabları çapdan çıxır. "Şərqi Rus" qəzetində islam dininə dair məqalələri dərc olunur. Qısa müddətdə nəinki çalışdığı məktəbdə, bütün Bakıda geniş məlumatlı maarifçi və ictimai xadim kimi tanınır. Mütəxəssislərin fikrincə, Yusif Ziya Azərbaycanda ilk xəritə tərtib etmiş azərbaycanlıdır. "İslam tarixi və tarixi-müqəddəs ənbiyayə dair məkanların nəqşəsi və islam məmləkətlərinin xəritəsidir" adlanan bu nadir xəritə 1904-cü ildə Bakıda, A.M.Promişlyanskinin mətbəəsində Azərbaycan dilində kütləvi tirajla çap edilmişdir. Biblioqrafik xarakter daşıyan bu nadir xəritədən o zaman bütün "Rus-tatar" məktəblərində dərs vəsaiti kimi istifadə olunmuşdur.

Nəriman Nərimanov və Hacı Zeynalabdin Tağıyevlə yaranan yaxın münasibətlərdən sonra Axund Yusif Ziyanın mədəni-ictimai və siyasi dairələrdə fəaliyyəti daha da artır. O yaxşı bilirdi ki, ictimai dəyişikliklər prosesinə mətbuatın rolu, gücü və təsiri böyükdür. Yusif Ziyanın 1905-ci ildə "Həyat", "İrşad", "Füyuzat", "Tərəqqi", "Yeni Füyuzat", "Şəlalə" kimi dövri nəşrlərində çap etdirdiyi həyatın ağrılı problemlərindən bəhs edən "İslam və Menşikov", "Müsəlmanlar və maarif", "Cocuqlarımıza bir çarə", "Ərəbistan, yaxud Məkkə və Mədinə", "Rusi müsəlman məktəblər", "Türkiyə məktubları" və s. publisistik məqalələri ictimaiyyət arasında böyük rezonans yaradırdı. Bakıda yaşadığı on il ərzində Axund Yusif Ziya Talıbzadənin islam dini məsələlərinə dair 10-dan artıq kitabçası təkrar nəşr olunub. Yusif Ziya milli ruhda şeirlər də yazmış, "Ərmənusə" və "Əmir Xalid" adlı faciələri 1910-cu ildə səhnəyə qoyulmuşdur. Hacı Zeynalabdin Tağıyevin tapşırığı ilə 1907-ci ildə Məmməd Kərim Mir Cəfərzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, 4.000 altun lirə dəyərində zinətli daş və almazlarla bəzədilmiş "Qurani-Kərim"ın üç cildlik nüsxəsi təfsirlə birlikdə Hacının tövsiyəsi ilə Axund Yusif Ziya Türkiyə soltanı II Əbdülhəmidə hədiyyə aparmışdır. Bu etimad özü Axund Yusif Ziyanın cəmiyyətdəki mövqeyi və H.Z.Tağıyevin ona olan rəğbət və ehtiramının nümunəsi idi.

Xalqının azadlığı, vətəninin müstəqilliyi, milli dövlət quruculuğu uğrunda ictimai-siyasi fəaliyyətə başlayandan sonra Axund Yusif Ziya tez-tez Türkiyəyə gedib-gəlir, "İrşad" qəzetinin müxbiri kimi, mətbuatda "Türkiyə məktubları" adlı silsilə yazıları ilə çıxış edir, müxtəlif ictimai-mədəni tədbirlərdə və xeyriyyə təşkilatlarında təmsil olunur. Müsavat Partiyasının yaranmasında fəallıq göstərir, bu partiyaya üzv yazılan ilk beş nəfərdən biri olur. Bütün bu proseslərdə Axund Yusif Ziya farslaşdırma və ruslaşdırma siyasətinin türkçülüyə vurduğu zərbələri görmüş, daima buna qarşı mübarizə aparmışdır.

Axund Yusif Ziya 1912-ci ildə ailəsi ilə birlikdə (həyat yoldaşı Cənnət xanım və oğlu Tələt ilə) Türkiyəyə köçmüş, orada hərbi təhsil almışdır. Birinci Dünya müharibəsndə bolqarlara, Qars-Ərdahan istiqamətlərində ruslara və ermənilərə qarşı vuruşmuş, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə minbaşı rütbəsinədək yüksəlmişdir. Hərbi sahədə əldə etdiyi uğurlar Axund Yusif Ziyanı Osmanlı ordusunun polkovniki rütbəsinədək ucaltmışdı.

1917-ci il oktyabr çevrilişi ərəfəsində Rusiyada baş vermiş hakimiyyət dəyişikliyi ilə bağlı yaranan əlverişli şəraitdən istifadə edən Osmanlı ordusu əsgərlərini İranın cənub ərazisinə yeridərək çar ordusunun ermənilərlə birləşib zəbt etdiyi müsəlman şəhər və kəndlərini əsarətdən azad etdi. 130 mindən çox insan həyatı hesabına başa gələn bu tarixi qələbədə Axund Yusif Ziya Talıbzadənin də xidməti çox olmuşdur. O, İranda olarkən vaxtilə Xorasanda və Bağdadda bir yerdə təhsil aldığı əqidə və əməl dostları ilə xalqın tərəqqisi və azərbaycançılığın inkişafı üçün mədəni və ictimai-siyasi tədbirlər keçirir, maarifçilik işləri aparır. İstanbulda yaşamasına baxmayaraq, İranın cənubunda mütərəqqi fikirli azərbaycanlı ziyalılarla sıx əlaqələr yaradan Axund Yusif Ziya 1919-cu ildə Osmanlı dövlətinin nümayəndə heyətinin başçısı kimi Təbrizə gedir, orada həmfikirləri ilə cənubi azərbaycanlıların azadlıq mübarizəsini dəstəkləyən "İttihadi-islam" cəmiyyətini yaradır və onun sədri seçilir.

Mühacir ziyalılırdan Əbdülvahab Yurdsevər xatirələrində yazır: "Axund Yusifin türkçülüyünə və turançılığına kimsənin şübhəsi olmamalıdır. Xarakter etibarı ilə fəal bir siyasət adamı və usanmaz bir mücadilədə bulunan Axund Yusif qayət hərəkətli və fəal bir mücadilə adamı idi. Hətta deyilə bilər ki, qabına sığmayan xarakterdə bir insandı".

Ötən əsrin əvvəllərində erməni və çar Rusiyası silahlı birləşmələrinin Azərbaycanda törətdiyi qırğınlardan, vəhşiliklərdən Yusif Ziya da xəbərdar idi. 1918-ci ildə Osmanlı ordusunun tərkibində yaradılan könüllülərdən ibarət Qafqaz İslam Ordusuna yazılır və Türkiyədə çalışan Əhməd bəy Ağaoğlunun hərbi müşavir olduğu ordunun könüllülərdən ibarət Yardım alayına rəis təyin edilir. 1918-ci ilin sentyabr ayında türk ordusu ilə Bakıya gəlir.

Sentyabrın 14-də sübh tezdən Yusif Ziyanın da başçılıq etdiyi Yardım alayı Şubanı dağlarından enərək Yasamal yamaclarına çıxmış, düşməni məhv edərək şəhərin lap girişində dayanmışdı. Bakının işğalçılardan azad edilməsi uğrunda gedən otuz altı saatlıq qanlı döyüşlərdə türk əsgərləri ilə bərabər azərbaycanlı könüllülər də qəhrəmanlıqla vuruşurdular. Türk əsgərləri ilə bərabər könüllülər də "Biz buraya ölməyə gəlmişik, dönməyə yox!" - deyərək döyüşlərdə böyük şücaət göstərirdilər.

Bakı işğaldan azad olunduqdan sonra İstanbula dönən Yusif Ziya Azərbaycanla əlaqələrini daha yüksək səviyyədə qurur. Tez-tez Bakıya gəlir, Müsavat Partiyasının təşkilati işlərində və digər ictimai-siyasi tədbirlərdə yaxından iştarak edir. "Azərbaycan" qəzetinə, eləcə də digər mətbu orqanlara siyasətə, maarif və mədəniyyətə dair maraqlı məqalələr yazır. 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında və təşkilatlanmasında əlindən gələn köməyi göstərir. 1920-ci il aprelin 28-də Azərbaycan sovet imperiyası tərəfindən işğal olunandan sonra Azərbaycan Nazirlər Şurasının sədri Nəriman Nərimanov Avropa ölkələrində, xüsusilə İranda və Türkiyədə yaşayan tanınmış azərbaycanlı ziyalılara, elm və sənət adamlarına müraciət edərək, onları birgə işləmək üçün Azərbaycana dəvət edir. Əhməd bəy Ağaoğluna, Əli bəy Hüseynzadəyə və Axund Yusif Ziya bəy Talıbzadəyə şəxsən müraciət edir. Axund Yusif Ziya Nəriman Nərimanovun təklifini qəbul edib Bakıya gəlir. N.Nərimanovla söhbətdən və Moskva ilə razılaşdırıldıqdan sonra hərbçi-polkovnik Yusif Ziya Talıbzadə 1921-ci ilin fevralında Naxçıvana hərbi komissar təyin olunur. Naxçıvan torpağına göz dikən, ona əl uzadan daşnak silahlı dəstələrinə divan tutmaqla Naxçıvanda xeyli məşhurlaşır. Naxçıvanın müəyyən kəndlərində, İrəvan və Zəngəzur mahalında silahlı ermənilərin vəhşiliklərindən, hədə-qorxusundan dədə-baba yurdlarından didərgin salınan azərbaycanlılara lazımi yardım və qayğı göstərir. Gizli yollarla qonşu İran və Türkiyəyə getmək istəyənlərin Naxçıvan ərazisində qalmalarına, torpaqla təmin olunmalarına şərait yaradır. Belə yaşayış məskənlərindən biri, təəssübkeşliyi ilə naxçıvanlıların hədsiz rəğbətini qazanan komissarın şərəfinə bir vaxtlar Yusif Ziya kəndi adlanırdı.

1921-ci ilin əvvəllərindən 1922-ci ilin dekabrınadək Naxçıvanda hərbi komissar vəzifəsində çalışan Yusif Ziya Talıbzadə Naxçıvan torpaqlarına iddialarını gizlətməyib tez-tez sərhədləri pozan erməni millətçilərinə, daşnaklara qarşı sovet rəhbərliyinin liberal mövqeyini gördükdə Bakıya qayıdır, N.Nərimanovla görüşür, bolşeviklərin riyakarlığını, ermənilərə doğma, türklərə ögey münasibətdə olduqlarını konkret faktlarla açıqlayırE Sonda bu quruluşa uyğunlaşa bilmədiyini, sovetlərə qulluq etmək istəmədiyini bildirir.

N.Nərimanov Sovet İttifaqı sərhədlərini tərk etmək üçün ona rəsmi sənəd verir. Polkovnik Axund Yusif Ziya Talıbzadənin mühacir həyatı başlayır... Birbaşa Türküstana - Balkan hərbində, sonralar Qars və Ərdahan cəbhəsində, eləcə də Bakının işğaldan azad edilməsində bir yerdə olduğu Ənvər paşanın yanına gedir. Ənvər paşanın işğalçı Qızıl ordu ilə vuruşan, Orta Asiya xalqlarının müstəqilliyi uğrunda mübarizə aparan ordusuna qoşulur. Türkiyə, İran və Azərbaycanda olduğu kimi, Türküstanda da o həmişə ön cəbhədə, döyüş mövqelərində olur. Milli hərəkata sadiq qaldığını, bolşeviklərlə barışmaz olduğunu sübut edir. Döyüşlərdə əlverişli mövqe seçmə qabiliyyəti basmaçılara uğurlar gətirir. Yeni dəstələrin təşkilində və hərbi təlim hazırlığında onlara əlindən gələn köməyi göstərir.

Qızıl ordunun komandirləri yerli bolşeviklərlə gizli əlaqə yaradaraq Axund Yusif Ziyanın başçılıq etdiyi basmaçıların yerini öyrənir. Sayca basmaçılardan qat-qat üstün olan bolşeviklər nəyin bahasına olursa-olsun Yusif Ziya bəyi sağ tutmaq istəyirdilər. Qeyri-bərabər döyüşdə itki verməmək üçün Yusif Ziya başçılıq etdiyi basmaçılarla bir yerdə Əfqanıstana keçmək üçün döyüşə-döyüşə Dərvaz vilayətinin ərazilərinə çəkilir, Pənc qışlağının yaxınlığından ötüb, ordu ilə bərabər özünü Amu-Dərya çayına vurur. At belində çayın o biri sahilinə çathaçatda bolşevik gülləsi arxadan onu haqlayır. Sahilə çıxsa da, ölümün pəncəsindən qurtarmaq olmur. Ömrü boyu Turançılıq eşqilə mübarizə aparan Axund Yusif Ziya Talıbzadə Amu-Dəry çayının sahilində üzünü silahdaşlarına çevirib "Mən.. Azərbayy..c..a..n..." deyərək may ayının 18-də saat 3 radələrində əbədiyyətə qovuşur.

Bundan bir neçə ay sonra Orta Asiyadan Yusif Ziyanın silahdaşlarından biri Bakıya gəlir, soraqlaşa-soraqlaşa ailə üzvlərini tapır. Kədərli də olsa əhvalatı danışır... "Haqsızlığa nifrət edib ədaləti sevən bu insanı hamımız çox istərdik" -deyib, Yusif Ziyanın qana bulaşmış köynəyini və həmişə yanında gəzdirdiyi kiçik cib Quranını qardaşı Abdulla Şaiqə verir. Qanlı köynək Sovet hökumətinin qorxusundan gizlədilib it-bata düşür. Cib Quranı isə kiçik qardaşı - görkəmli pedaqoq və şair Abdulla Şaiqin ev-muzeyində indi də əziz xatirə kimi saxlanılır.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2011.-25 may.- S. 10.