Parlamentlərarası əlaqələr inkişaf edir

 

Mayın 26-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Böyük Britaniya-Azərbaycan parlament qrupunun sədri Mark Fieldin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları parlamentdə salamlayan spiker Oqtay Əsədov Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin zəngin tarixə malik olduğunu bildirdi. "Böyük Britaniya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələr sırasında olmuşdur. İki ölkə arasında bütün sahələrdə əlaqələr dinamik inkişaf edir. Ölkə başçısı İlham Əliyev adıçəkilən ölkə ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır" - deyən parlamentin Sədri əlavə etdi ki, qarşılıqlı səfərlər zamanı müxtəlif sahələrə dair imzalanmış sənədlər əməkdaşlığımızın daha da güclənməsinə müsbət təsir göstərmişdir. Azərbaycan və Böyük Britaniya arasında indiyədək imzalanmış 21 sənəd mövcud çoxşaxəli əlaqələrin hüquqi bazasının yaradılmasında mühüm əhəmiyyət kəsb etmişdir.

İki ölkə arasında siyasi sahədə olduğu kimi, iqtisadi sahədə də əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini deyən parlamentin Sədri Böyük Britaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatına böyük həcmdə investisiya yatırdıqlarını da bildirdi. Ötən müddətdə bp şirkətinin bu sahədə gördüyü işləri nümunə kimi göstərdi. Sədr bildirdi ki, 2009-cu ildə yaradılan hökumətlərarası komissiya əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm işlər həyata keçirməkdədir.

Azərbaycan və Böyük Britaniya parlamentləri arasında əlaqələrin inkişaf səviyyəsindən razılığını ifadə edən spiker Oqtay Əsədov hər iki qanunverici orqanda dostluq qruplarının fəaliyyət göstərdiklərini bildirdi. Parlamentlərarası dostluq qrupları qarşılıqlı səfərlər zamanı mövcud əlaqələrin daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparırlar. Bu səfər də əməkdaşlığımızın uğurlu inkişafına bariz nümunədir.

Parlamentin Sədri Azərbaycanın üzləşdiyi problemlərə də diqqəti cəlb etdi. Dedi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma yurdlarından didərgin düşmüşdür. Ermənistan işğal edilmiş əraziləri nəzarətində saxlamaqda davam edir. Azərbaycan tərəfi hər zaman sülh danışıqlarına sadiq qalmışdır. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmağa, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır. Əgər sülh danışıqları heç bir nəticə verməzsə Azərbaycan digər vasitələrlə torpaqlarını işğaldan azad edəcəkdir. Parlamentin Sədri Böyük Britaniya dövlətinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə minnətdarlığını ifadə etdi.

Böyük Britaniya-Azərbaycan parlament qrupunun sədri Mark Field Azərbaycana ikinici dəfədir ki, səfərə gəldiyini və ötən müddət ərzində Azərbaycanın iqtisadi cəhətdən daha da inkişaf etdiyinin şahidi olduğunu bildirdi. Qeyd etdi ki, parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının böyük əməyi var. Bu səfər də ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə güclü təkan olacaqdır. Böyük Britaniya Azərbaycanla yalnız enerji sahəsində deyil, eləcə də kənd təsərrüfatı, turizm sahələrində də əməkdaşlığın qurulmasında maraqlıdır.

Sonra tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi apardılar.

 

 

Azərbaycan.- 2011.-27 may.- S. 3.