Ottava radiosunda Azərbaycan haqqında veriliş

 

Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfir F.Şəfiyev beynəlxalq mədəniyyət məsələlərindən bəhs edən Ottava 97.9 FM CHİN radiosunun efirində yayımlanan 1 saatlıq proqramın qonağı olmuşdur.

Azərbaycana həsr olunmuş verilişdə səfir ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, mətbəxi və s. haqqında dinləyicilərə ətraflı məlumat vermişdir. F.Şəfiyev həmçinin Azərbaycanda etnik və dini tolerantlıq haqqında söhbət açmış, dinləyiciləri ölkəmizin həyatının müxtəlif sahələri ilə tanış etmişdir.

Veriliş boyu Azərbaycan musiqisindən parçalar səsləndirilmişdir. Proqramın əvvəlində "Qarabağ şikəstəsi", sonra Q.Qarayevin "Vals"ı təqdim edilmişdir. Sonda Azərbaycanın "Eurovision" musiqi müsabiqəsində qələbəsi haqqında söhbət açılmış və proqram "Running scared" mahnısı ilə yekunlaşmışdır.

 

 

Azərbaycan.- 2011.-  27 may.- S.  7.