Generalın xatirəsi ehtiramla yad edildi

 

Böyük Vətən müharibəsinin qələbə ilə başa çatmasında Azərbaycan oğullarının misilsiz qəhrəmanlıqları olmuşdur. 1941-1945-ci illərdə sovet mətbuatında gedən yazılarda "Qartallar" adlandırılan Azərbaycan oğullarından biri də general-mayor Akim Abbasov idi. Respublika Hərb Tarixi Muzeyində general-mayorun 100 illik yubileyinə həsr olunmuş tədbirdə Müdafiə Nazirliyinin, Ali Hərbi və Hərbi Dəniz məktəblərinin, Hərbi Akademiyanın, AMEA-nın Tarix İnstitutunun və Milli Dövlət Arxivinin nümayəndələri bu böyük hərbçinin kediyi şərəfli yoldan danışdılar.

Muzeyin rəisi Rüfət Əmirov Akim Abbasovun həyat və hərbi fəaliyyəti haqqında ətraflı məlumat verdikdən sonra generalın keçdiyi döyüş yoluna həsr olunmuş sənədli film nümayiş olundu. Onun Naxçıvandan başlanan ömür yolu dünyanın bir neçə ölkəsindən keçərək, qanlı savaşlarda qələbələr qazanaraq yenidən Azərbaycana dönür və bu torpaqda əbədiyyətə qovuşur. Muzeyin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əsgər Əliyev generalın unudulmaz xatirələrindən, şanlı ömür səhifələrindən, AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov və muzeyin elmi işçisi Şəlalə Hüseynova Akim Abbasovun güclü hərbçi, sərkərdə kimi həyat və fəaliyyətindən danışdılar.

1942-ci ilin sərt qış ayları idi. Ukrayna cəbhəsində ağır müharibə gedirdi. Mətbuat hər dəqiqə dəyişən müharibəni izləyirdi. "Cəbhə qəhrəmanı", "Qızıl Əsgər" qəzetləri o zaman mayor olan Akim Abbasovun qəhrəmanlıqlarından yazırdı: "Abbasov yoldaşın bölməsi bir neçə gün ərzində 34 kilometr irəliləmişdi. 4 yaşayış məntəqəsini, iki müqavimət nöqtəsini düşməndən azad etmiş, almanların 79 tankını, 3 avtomobilini, 2 radiostansiyasını məhv etmişdir..."

General-mayorun oğlu Asif Abbasov atasının hərbi fəaliyyətindən danışaraq bildirdi ki, onun da hərbçi olmasında atasının böyük rolu var. O, keçirdiyi tədbirə görə Hərb Tarixi Muzeyinin rəhbərliyinə və bütün təşkilatçılara minnətdarlığını bildirmişdir. Tədbirin sonunda generalın xatirəsinə həsr olunmuş sərgi də nümayiş olundu.

 

 

R.RZALI

 

Azərbaycan.- 2011.-27 may.- S. 8.