Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində "Gorus-2010: absurd teatrı mövsümü" kitabı müzakirə edilmişdir

 

Mayın 27-də, Respublika Günü ərəfəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı müzakirə edilmişdir.

Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin məsul işçiləri, əraziləri işğal olunmuş rayonlardan Milli Məclisə seçilmiş deputatlar, bu rayonların icra hakimiyyətlərinin başçıları, komitənin əməkdaşları iştirak etmişlər.

Mərasimdən əvvəl qurumun Heydər Əliyev guşəsində ümummilli liderin büstü önünə tər qızılgüllər qoyulmuşdur.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ermənistan prezidenti Serj Sarkisyanın absurd teatrından ötrü nə üçün məhz Gorusu seçməsi məsələsinə aydınlıq gətirmişdir: "Gorus erməniləri həmişə qatı antitürk mövqeyi, türklərə qarşı qəddarlıqları ilə fərqlənmişlər", - deyə o vurğulamışdır. Bildirmişdir ki, akademik Ramiz Mehdiyev bu kitabında S.Sarkisyanın iç üzünü açmış, erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə ifşa etmişdir. Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradıldığını, ermənilərin Cənubi Qafqaza gəlmə olduqlarını tarixi faktlarla diqqətə çatdırmışdır. Natiq kitabdan sitat gətirmişdir: "Ermənilər antropoloji baxımdan praktiki olaraq yeganə xalqdır ki, onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər... Müasir Ermənistan ərazisində ermənilərlə bağlı aşkar edilmiş ən qədim antropoloji tapıntılar yalnız XVII əsrə aiddir və yalnız Kenaker nekropolunda aşkar edilmiş tapıntılarla təsdiqlənir. Onlar bir sıra əlamətlərə (kəllə qutusunun forması, üz skeletinin quruluşu və s.) əvvəlki paleoantropoloji seriyalardan əsaslı şəkildə fərqlənir və yeni etnik komponentdirlər... Ermənilərin diş-çənə sisteminin təhlili də onların Dağlıq Qarabağ zonasında aborigenlər olmamasına dəlalət edir".

Əli Həsənov xüsusi vurğulamışdır ki, görkəmli filosof erməni yalanlarının ifşası üçün rus tarixçilərinin, ermənilərin öz alimlərinin əsərlərindən istifadə etmişdir. Məsələn, kitabda B.İşxanyandan sitat gətirilmişdir: "Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan yerli əhali, bir hissəsi isə Türkiyə və İrandan olan qaçqınlardır. Onlar üçün Azərbaycan torpağı təqiblərdən sığınacaq yerinə çevrildi".

Baş nazirin müavini kitabı çox böyük təbliğat materialı adlandırmışdır.

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev qeyd etmişdir ki, "Gorus-2010: absurd teatrı mövsümü" kitabı xalqımız üçün olduqca əhəmiyyətli bir məsələnin təhlilinə həsr olunmuşdur və nəinki təkcə Qafqazda, həm də bütövlükdə Avropada gedən proseslərə verilən bir qiymətdir. Çünki hər hansı bir ərazidə baş vermiş hadisə lokal xarakter daşımır. Ona görə ki, dünyada qloballaşma prosesi gedir və Cənubi Qafqaz, ilk növbədə, Azərbaycan Avropa sisteminə, dünya birliyinə sürətlə inteqrasiya edir. Bu baxımdan bölgədə hər hansı bir hadisənin regional xarakter daşıdığını demək olmaz. Natiq qeyd etmişdir ki, ermənilər həmişə "böyük Ermənistan" xülyasını gerçəkləşdirməyə can atıblar. Bu zaman onlar heç bir tarixi fakta söykənməyib, Azərbaycan xalqının onlara etdiyi yaxşılıqları heç vaxt dilə gətirməyiblər. Ümumiyyətlə, tarix göstərir ki, ermənilər onlara himayədarlıq göstərmiş dövlətlərə, xalqlara həmişə xəyanət etmişlər.

B.Əliyev demişdir: "O ki qaldı Serj Sərkisyan, bu adam qatı cinayətkardır. XX əsrin sonu - XXI əsrin əvvəllərində bəşəriyyətə qarşı törədilmiş ən qatı cinayətin müəlliflərindən və icraçılarından biridir. Əgər bunların ideologiyası "türklərlə, azərbaycanlılarla ermənilərin genetik uyuşması mümkün deyil" leytmotivinə əsaslanırsa, genetik problemləri siyasi müstəvidə həll etməyə çalışırlarsa, bunun bir adı var: "Erməni xəstəliyi". Hələ XIX əsrdə bu anlayış ensiklopediyalara daxil olmuşdur. Son illər Rusiyada həmin ensiklopediyalar yenidən çap olunanda ermənilər bu anlayışı çıxarmağa çalışıblar. Deməli, ermənilər tarixi saxtalaşdırmaqda davam edir, dünyanı aldatmağa cəhd göstərirlər. Amma dünya dəyişib. Azərbaycan həqiqətləri ulu öndər Heydər Əliyevin hazırladığı siyasət sayəsində Prezident İlham Əliyev tərəfindən bacarıqla dünyaya çatdırılır".

Deputat bildirmişdir ki, "Gorus-2010: absurd teatrı mövsümü" kitabında Azərbaycan tarixinə, bölgənin tarixinə diqqət yetirilir, tarixi faktlar əsasında bütün dövrlər təhlil edilir. Verilmiş xəritələr əsasında Azərbaycan xalqının keçmişi, bu günü, sabahı təhlil edilərək göstərilir ki, Azərbaycan xalqı qədim köklərə malikdir, Azərbaycanın güclü dövlətçilik ənənələri vardır, Azərbaycan həmişə sülh tərəfdarı olmuş, xalqlara mehriban münasibət göstərmişdir. Bunun müqabilində o, tarixin hökmü ilə qonşu kimi yaşamağa məcbur olduğumuz, öz torpağımızda yaradılmış Ermənistan dövlətinin təcavüzünə məruz qalmışdır. Akademik Ramiz Mehdiyev elmi faktlara söykənərək ardıcıl araşdırma aparır və bu qənaətə gəlir: bu gün dünya üçün, Avropa üçün, ölkəmiz üçün təhlükəli bir siyasət meydana girməyə çalışır. Erməni məkri, saxtakarlıq, yalan, böhtan. Ən təhlükəlisi odur ki, münaqişələr, müharibələr, soyqırımıları, etnik təmizləmələr üçün bir bünövrə yaranır. Bunun qarşısı vaxtında alınmalıdır. Kitabda bu siyasət faktlarla ifşa edilir və dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

B.Əliyev kitabın başqa məziyyətlərindən də danışmışdır.

Prezident Administrasiyasının məsul işçisi Vüqar Səlimov kitabın ermənilərin əsassız torpaq iddialarının, Ermənistan siyasi rəhbərliyinin Azərbaycana qarşı yönəlmiş təbliğatının, bu istiqamətdə həyata keçirdiyi saxtakarlıqların elmi sərrastlıqla təhlilinə, tutarlı ifşasına həsr olunmuş qiymətli vəsait olduğunu vurğulamışdır. Onun sözlərinə görə, bu kitab bir sıra parametrlərinə və istiqamətlərinə görə Ermənistan siyasi rəhbərliyinin, xüsusilə prezident Serj Sarkisyanın münaqişə ilə bağlı əsassız və qərəzli çıxışlarının təhlili baxımından Azərbaycan tarixşünaslığı və milli-ictimai fikir formalaşdırması baxımından böyük əhəmiyyət daşıyır.

Natiq həmin istiqamətləri sadalamışdır. Bunlar ermənilərin Azərbaycan torpaqlarına iddialarının tarixilik prinsipi əsasında araşdırılması; ermənilərin tarixi Azərbaycan torpaqlarında məskunlaşması və onların antropoloji aspektdən təhlili; ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanla bağlı təbliğatının mexanizminin, bunun əsasında dayanan qərəzli siyasi texnologiyanın mahiyyətinin izahı; Qafqaz Albaniyası, ona məxsus olan maddi və mədəniyyət abidələrinin ermənilər tərəfindən özününküləşdirilməsi istiqamətində erməni tarixçilərinin, Serj Sarkisyanın irəli sürdüyü əsassız iddiaların sanballı elmi əsərlərə əsaslanmaqla təkzibi; Azərbaycanın işğal olunmuş ərazilərində toponimlərin erməniləşdirilməsinin diqqətə çatdırılmasıdır. "Əlbəttə, bu istiqamətlərin sayını artırmaq da olar", - deyə V.Səlimov fikrini yekunlaşdırmışdır.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov demişdir: Səhra komandiri, əsrin ən dəhşətli qırğınlarından olan Xocalı soyqırımının təşkilatçısı, ərazilərimizin işğalının təşkilində adı xüsusilə vurğulanan, bu gün isə prezidentliyinin legitimliyi hətta erməni cəmiyyətinin özü tərəfindən şübhə altına alınan Serj Sarkisyanın Gorusdakı məsuliyyətsiz, cəfəng, artistsayağı bəyanatına hadisədən dərhal sonra əsaslı faktlarla cavab verilməsi növbəti erməni yalanına ağır zərbə olmuşdur. Akademik Ramiz Mehdiyev əsərində Ermənistanın qonşu dövlətin ərazilərini işğal etməklə etnik təmizləmələr aparmasını, şəhərləri və kəndləri vəhşicəsinə dağıtmasını, günahsız insanları qətlə yetirməsini haqlı olaraq məğlubiyyət kimi qiymətləndirir. Çünki bu işğal nəticəsində Ermənistan bütün regional layihələrdən kənarda qalmış, sərhədlərinin 85 faizi isə öz təqsiri ucbatından bağlanmışdır. Dünyada sərhədləri belə bağlı olan ikinci bir ölkə yoxdur. Son illər Ermənistan əhalisinin sayı durmadan azalır. 1991-ci ildən indiyədək Ermənistanı 1,5 milyon nəfər tərk etmiş, ümumilikdə ölkədə əhalinin sayı 40 faiz azalmışdır. Hazırda Ermənistanda heç bir iri müəssisə artıq bu ölkəyə məxsus deyildir, bu müəssisələr dövlət borcunun ödənilməsi üçün başqa ölkələrə satılmışdır. Ermənistan bu gün milli qürur və nüfuz elementi olan dövlət sərhədlərini də qorumağa qadir deyildir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyincə Ermənistanın rahat gələcəyi olmayacaqdır. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı bütün sahələr üzrə Ermənistanla müqayisə etmək kifayətdir. Görkəmli filosofun kitabı oxuculara, dünya ictimaiyyətinə bu həqiqətləri çatdırır.

Qaçqınlar və məcburi köçkünlər adından çıxış edən İsbəndiyar Əbdüləzimov "Gorus-2010: absurd teatrı mövsümü" kitabını - erməni yalanlarına qarşı bu tutarlı cavabı alqışlamışdır.

 

 

Azərbaycan.- 2011.-28 may.- S.5.