Bir milləti, iki dövləti birləşdirən körpü

 

"Naxçıvanın inkişafında, xüsusilə, onun 1990-cı illərin əvvəllərində yaşanan böhranlı vəziyyətdən çıxmasında Türkiyə ilə olan əlaqələr, körpünün tikilməsi və bütövlükdə Türkiyədən alınan dəstək çox mühüm rol oynamışdır".

 

İlham ƏLİYEV

 

Bu bir həqiqətdir ki, ulu öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində Azərbaycanın imperiya asılılığından tamamilə xilas olması, müstəqil, demokratik və dünyəvi dövlət kimi inkişaf etməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu, 20 yanvar 1990-cı il faciəsinə siyasi qiymət verildi. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması, ilk demokratik islahatların həyata keçirilməsi muxtar respublikanın sərhədləri boyu atəşkəs rejiminin tətbiq olunması, dinclik, əmin-amanlıq yaradılması bütövlükdə doğma Azərbaycanımız üçün taleyüklü məsələlər idi.

Həmin vaxtlar Naxçıvan öz tarixinin ən dumanlı, çətin dövrlərini yaşayırdı. Muxtar respublika ağır sınaqlar, məhrumiyyətlər qarşısında idi. Yeganə xoşbəxtlik onda idi ki, Heydər Əliyev kimi dünya siyasətinin korifeylərindən biri Naxçıvanda yaşayırdı və muxtar respublikaya rəhbərlik edirdi. Bütün ümidlər də təkcə o şəxsiyyətə bağlanmışdı. Müdrik və uzaqgörən rəhbər bir tərəfdən müstəqillik və ərazi bütövlüyünə düşmən kəsilmiş siyasi təlatümlərə sinə gərir, digər tərəfdən düşmən mühasirəsi şəraitində yaşayan region əhalisini nəhayətsiz iqtisadi çətinliklər məngənəsindən qurtarmağa çalışırdı. O zamankı Azərbaycan rəhbərliyi görülən bütün müsbət işlərə siyasi qısqanclıqla yanaşsa da, gələcəyə ümidlə baxan muxtar respublika əhalisi öz rəhbərini - Ali Məclis Sədrini daha əzmkarlıqla müdafiə edirdi.

Muxtar respublika ilə - Azərbaycan arasında Ermənistan ərazisindən keçən kommunikasiya xətlərinin - qaz nəqlinin, elektrik enerjisinin verilməsinin, eləcə də dəmir yolunda qatarların hərəkətinin kəsilməsi regionun məkrli düşmənlərimiz tərəfindən tam blokadaya alınması ilə nəticələnmişdi. Üstəlik də, erməni yaraqlılarının sərhəd yaşayış məskənlərinə təcavüzləri güclənmişdi. Həmin dövrdə Naxçıvan, həqiqətən də, taleyin ümidinə buraxılmış bir adanı xatırladırdı. Belə bir dövrdə muxtar respublikanın Ali Məclisinə sədrlik edən Heydər Əliyev muxtar respublikanı düçar olduğu bəlalardan xilas etmək üçün yorulmaq bilmədən yollar axtarırdı. Həmin illər qonşu Türkiyə və İranla geniş əməkdaşlıq əlaqələrinin qurulması müdrik siyasətçini öz xalqını, muxtar respublikanı bu vəziyyətdən qurtarmaq üçün həyata keçirdiyi çox mühüm tədbirlərdən idi.

Ulu öndər Naxçıvanın xilası naminə mübarizəyə indiyədək bizə həm yaxın, həm də uzaq olan qonşu xarici dövlətlərlə mədəni-iqtisadi əlaqələrin yaradılmasından başladı. Bu əlaqələr bölgəni labüd fəlakətdən xilas etdi.

"Naxçıvan türk-islam dünyasına bir qapıdır" - söyləyən Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfəri 1992-ci ilin martında reallaşdı və səfər zamanı Türkiyə Prezidenti Turqut Özal, Baş nazir Süleyman Dəmirəl və digər rəsmi şəxslərlə görüşlər keçirildi. Görüşlərdə əsas müzakirə edilən məsələ unudulmaqda olan Qars müqaviləsini yenidən gündəmə gətirməklə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Naxçıvanın düşdüyü ağır vəziyyət oldu. Nəticədə Türkiyənin Baş naziri ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri arasında birgə protokol imzalanaraq, bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə start verildi.

13 maddəlik protokolda muxtar respublikaya maliyyə, iqtisadi, texniki yardım göstərilməsi, regionun zəruri ehtiyaclarını ödəmək üçün 100 milyon ABŞ dolları həcmində kreditin ayrılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi öz əksini tapdı. Protokolda həmçinin bank işi, turizm, informasiya sahəsində əməkdaşlıq əlaqələrinin yaradılması, muxtar respublikadan 100 tələbənin Türkiyədə təhsil alması haqqında razılığa gəlindi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu protokolu böyük əhəmiyyətə malik tarixi sənəd kimi qiymətləndirdi, icra strukturlarına protokolun icrası ilə əlaqədar konkret təkliflərlə çıxış etməyi tapşırdı.

Həmin dövrdə muxtar respublikanın iqtisadi problemlərinin həllinə də ciddi diqqət yetirilirdi. Muxtar respublikanın düşdüyü iqtisadi çətinlikləri, blokadanın vurduğu ziyanı aradan qaldırmaq üçün qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradıldı. Bu əlaqələrin genişləndirilməsində 19 il əvvəl - 1992-ci il mayın 28-də Araz çayı üzərində Türkiyənin Dilucu və Azərbaycanın Sədərək bölgələrini birləşdirən 11 aşırımlı və o vaxtdan "Ümid", "Həsrət" adlanan körpünün tikilib istifadəyə verilməsinin böyük əhəmiyyəti oldu.

Yeri gəlmişkən, həmin dövrün tarixinə nəzər salaq. 1992-ci ilin may ayı Azərbaycanın, eləcə də Naxçıvanın müasir tarixinin ən mürəkkəb və gərgin dövrü idi. Həmin ayda Bakıda siyasi qüvvələr arasında hakimiyyət uğrunda mübarizə qızışdığından və onların Qarabağı yaddan çıxarmalarından istifadə edən ermənilər ölkəmizə qarşı hücumlarını genişləndirmişdilər. Ermənilər Şuşa və Laçını ələ keçirməklə Dağlıq Qarabağın işğalını başa çatdırdılar. Məkrli düşmən yaranmış şəraitdən istifadə edərək Naxçıvana qarşı hərbi təcavüzləri də gücləndirmişdi. Yalnız ulu öndər Heydər Əliyevin gərgin siyasi, diplomatik səyləri nəticəsində onların məkrli planlarının qarşısı alındı. Bu dəfə də qardaş Türkiyə öz sözünü birmənalı dedi. Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ermənistanın Naxçıvana təcavüzünün dayandırılması üçün Türkiyədən kömək göstərilməsini xahiş etmişdi. Həmin gecə Türkiyə hökuməti xüsusi bəyanatla çıxış edərək 1921-ci il Qars müqaviləsinə əsasən, Naxçıvan haqqında söz sahibi, onun muxtariyyətinin qarantı olduğunu yenidən bütün dünyaya bəyan etdi və bu bəyanatdan sonra 57 dövlət Ermənistanın təcavüzkar hərəkətlərini pislədi.

Buna görə də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Sədərək-Dilucu körpüsünün açılması mühüm hadisə idi. Həmin gün iqtisadi böhran içərisində yaşayan naxçıvanlılar üçün əsl toy-bayram idi. Körpünün açılışında iştirak etmək üçün Türkiyənin Baş naziri Süleyman Dəmirəlin başçılığı ilə böyük nümayəndə heyəti Naxçıvana gələrək bölgə ilə ətraflı tanış oldular. Muxtar respublikanın ictimai-iqtisadi həyatında mühüm mərhələ olan, iki qardaş xalqın uzun illər qovuşmaq arzusunu yerinə yetirən "Ümid" körpüsünün istifadəyə verilməsi böyük təntənə ilə qeyd olundu.

...Bəlkə də o vaxtadək qədim Naxçıvan torpağında heç vaxt belə izdiham olmamışdı. Naxçıvan şəhərinin küçələrində yerimək, avtomaşınlarla hərəkət etmək mümkün deyildi. Təkcə muxtar respublikanın rayonlarından, kəndlərindən deyil, habelə qardaş Türkiyənin yaxın bölgələrindən də minlərlə adamlar axışıb Naxçıvan şəhərinə gəlmişdi. Şəhərin ən görkəmli yerlərində vurulmuş şüarların hamısı eyni məna daşıyırdı: "Qədim Naxçıvana xoş gəlmisiniz, sayın Süleyman Dəmirəl!", "Yaşasın Azərbaycan-Türkiyə dostluğu!", "Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır!".

Bəli, Naxçıvanın tarixində ilk dəfə idi ki, dünyanın böyük və qüdrətli dövlətlərindən birinin hökumət başçısı bu torpağa qonaq gəlirdi. Naxçıvan aeroportu Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmişdi. Ankaradan gələn ilk təyyarə Naxçıvan aeroportunda yerə endi. Bu təyyarə ilə gəlmiş 155 nəfərin içərisində Türkiyə hökumətinin nazirləri, yüksək vəzifəli dövlət məmurları, Böyük Millət Məclisinin deputatları, jurnalistlər var idi.

Çox keçmədən Türkiyə Respublikasının Baş nazirini gətirən təyyarə də yerə endi. Təyyarənin pilləkənləri yanında Süleyman Dəmirəli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev və digər rəsmi şəxslər qarşıladılar. Heydər Əliyev hörmətli qonağı hərarətlə salamladı: "Naxçıvan tarixində ilk dəfə olaraq Türkiyənin Baş naziri bu qədim torpağa ayaq basır. Hörmətli Süleyman Dəmirəli və onu müşayiət edən şəxsləri bu gün burada qarşılamaq kimi bir xoşbəxtlik bizə nəsib olub". Daha sonra Heydər Əliyev dost və qardaş ölkənin baş nazirinə müraciətlə dedi: "Sizin Naxçıvana səfəriniz böyük tartixi əhəmiyyətə malikdir. Bu gün dərin razılıq hissi ilə qeyd edə bilərik ki, həyatımızın ötən dövrlərinin çətinlikləri tarixi dostluq tellərimizi qıra bilməmişdir. Biz Azərbaycanla Türkiyənin hərtərəfli əlaqələrinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, sayın Baş bakan, sizin səfəriniz siyasi, iqtisadi və mədəni əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə güclü təkan verəcəkdir".

Baş nazir Süleyman Dəmirəl isə aeroportdakı çıxışında naxçıvanlılara sonsuz sevgisini və hörmətini ifadə etdi: "Şadam və xoşbəxtəm ki, bu gün naxçıvanlılarla görüşürəm, onları bağrıma basıram. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birgə olmuş və olacaqdır. Siz doğru yolda - istiqlal və azadlıq yolundasınız. Bu yolunuz asan olmamışdır. Biz şadıq ki, bu yolda bütün maneələri aradan qaldıra bilmisiniz. Biz sizinlə birlikdə olmuşuq, dərdinizə də, sevincinizə də şərik olmuşuq".

Qarşılama mərasimi başa çatdıqdan sonra dünyanın nüfuzlu və müdrik siyasətçiləri sayılan Heydər Əliyev və Süleyman Dəmirəl, eləcə də Bakıdan və Türkiyədən gəlmiş qonaqlar Sədərəyə yola düşdülər. Yol boyu qonaqları qarşılamağa çıxmış minlərlə adam dahi siyasətçiləri hərarətlə salamlayır, öz sevgi və məhəbbətlərini, hörmət və ehtiramlarını bildirirdilər. Əhalinin çox toplaşdığı yerlərdə - yol kənarlarında maşın karvanı tez-tez dayanır, Heydər Əliyev və Süleyman Dəmirəl adamlarla görüşüb söhbət edirdilər. Hər yerdə onların ayaqları altında qurbanlar kəsilirdi.

Naxçıvan-Sədərək istiqamətindəki magistral avtomobil yolundan son ünvana çatmamış sol istiqamətə ayrılan yol "Ümid körpüsü"nə ünvanlanır. Bir azdan qarşıda möhkəm beton dayaqlar üzərində tikilən əzəmətli, yaraşıqlı körpü görünür. Bu, Heydər Əliyevin uzaqgörənliyi sayəsində inşa olunan, bir millət, iki dövləti bir-birinə birləşdirən "Ümid körpüsü"dür. Elə körpüyə bu adı da Heydər Əliyev vermişdir.

Arazın o tayında isə özgə bir büsat qurulmuşdu. Minlərlə adam bir-birlərilə görüşür, qucaqlaşırdılar. Sovet hakimiyyətinin 70 ili ərzində ayrılığa məruz qalmış yaxın adamlar bir-birinə qovuşur, bu vüsaldan, bu sevincdən doğan göz yaşlarını gizlədə bilmirdilər.

Türkiyə ərazisində, körpüdən bir az aralıda peyk teleötürücülərinin antenaları qurulmuş, körpünün açılış mərasimini dünyaya nümayiş etdirmək üçün hazırlıq işləri görülmüşdü.

Bir azdan açılış mərasimi başlandı. Heydər Əliyev, Süleyman Dəmirəl və digər dövlət xadimləri kürsüyə qalxdılar. Alqış sədaları ətrafı bürüdü və alqışlar altında mərasim açıq elan edildi.

Mərasimdə çıxış edən Heydər Əliyev qürurla dedi: "Bu gün bu qocaman Araz çayı üzərində, qədim türk dünyasında, Azərbaycan torpağında böyük bir tarixi hadisə baş verir. Türkiyə ilə Azərbaycan arasında "Ümid" körpüsü, "Həsrət" körpüsü açılır. Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nəhəng bir körpü tikilmişdir".

Süleyman Dəmirəl isə çıxışında belə dedi: "Bu gün burada cərəyan edən hadisə tək bir körpünün açılışı deyildir. Cərəyan edən əsas hadisə 70 il bir-biriylə qürbətdə, həsrətdə qalmış qardaşlarımızın yenidən görüşməsidir. Bu coşqunluğu anlaya bilmək lazımdır. Bu, bir birlik, milli coşqunluqdur... Qardaşlıq, dostluq bundan sonra daha da sıx olacaqdır. Türkiyə ilə Azərbaycan, Naxçıvan arasında əlaqələr genişlənəcək, adamlar bir-biri ilə yaxınlaşacaqdır. Bu körpü təkcə Azərbaycanı və Türkiyəni birləşdirmir, bu, Avropa ilə Asiya arasında körpüdür".

Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə əlaqələri Azərbaycan-Türkiyə əlaqələri kontekstində sonrakı illərdə də yüksələn xətlə inkişaf etdi. 2008-ci il iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın eyni vaxtda Naxçıvana səfəri böyük siyasi məna daşıdı. Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinin regional əməkdaşlığa böyük töhfə olduğunu bildirən Prezident İlham Əliyev mətbuat üçün bəyanatında Türkiyənin hökumət başçısının bölgəyə səfərini yüksək qiymətləndirdi.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2011.-28 may.- S.6.