Prezidentinin əfv haqqında sərəncamı icra edilmişdir

 

Azərbaycan Respublikası Prezidentinin mayın 26-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı mayın 27-də vaxtında icra olunmuşdur.

Əfv olunmuş 90 məhkumdan Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə cəzaçəkən 82 nəfərə əfv haqqında sərəncam tətbiq edilmişdir. Onlardan da 72-si cəzaçəkmə müəssisələrində, 10-u isə xüsusi müəssisələrdə cəzaçəkən şəxslərdir.

Əfv sərəncamının icrası Ədliyyə Nazirliyinin məsul işçilərinin, Penitensiar Xidmət rəhbərliyinin, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai komitənin, İnsan hüquqları üzrə müvəkkilin, qeyri-hökumət və dövlət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir.

Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olmuş, Prezident sərəncamının vaxtında icrasını təmin etmişlər.

Cəzadan azad edilmiş şəxslərə azadolunma haqqında arayışlar təqdim edilmiş, onlara yardımlar göstərilmiş, əvvəlki daimi yaşayış yerləri üzrə aidiyyəti təşkilatlara müvafiq məlumatlar verilmişdir.

Cəza çəkməkdən azad edilmiş şəxslər, habelə onları qarşılamağa gəlmiş yaxın qohumları Prezident İlham Əliyevin bu humanist addımını yüksək qiymətləndirmiş, dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirmişlər.

 

 

Azərbaycan.- 2011.- 28 may.- S. 9.