Türkün bayraq sevgisi

 

Hər bir xalqın ruhunu, mənəvi aləmini ifadə etməyin müxtəlif yolları, vasitələri var. Kimi oxumaqla, kimi rəqslə, kimi mətbəxi ilə özünü dünyaya tanıtmağa çalışır. Min illərdən keçib gələn türk adının, türk tarixinin yanında isə həmişə uca tutulan bir bayraq, bu bayrağa şəhid olan oğullar var. Söhbət iki dövlətdən, bir millətdən - Türkiyə ilə Azərbaycandan gedəndə bu sevgini, ehtiramı daha gözəl hiss edib başa düşürsən. Eyni yol, eyni tale hər iki xalqın bugününü şərəfləndirir, sabahına işıq salır.

Doğmalığı və yaxınlığı min illərə söykənən bu münasibətlər daim inkişaf edir, gündən-günə daha da dərinləşir. 70 illik sovet imperiyasının aramızda çəkdiyi qalın "divarlar" belə ikiyə bölümüş bu xalqlar arasındakı mənəvi bağlara, körpülərə, əlaqələrə mane ola bilmədi, özü dağılan kimi o "divarlar" da bir andaca yerlə-yeksan oldu. Yüz il, min il əvvəlki kimi əlaqələr yenidən artmağa, gediş-gəliş böyüyüb vüsət almağa başladı.

1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı vaxtlarda olduğu kimi, dünyada mürəkkəb ictimai-siyasi proseslərin baş verdiyi indiki dövrdə də hər iki qardaş dövlət əllərində silah və bayraq yenə bir-birinin yanındadır. Düşmən qüvvələrin səyi, onda olduğu kimi, indi də boşa çıxır. Çünki bu dostluğa, qardaşlığa xələl gətirmək, kölgə salmaq mümkün deyil! Tarix özü dəfələrlə bu qardaşlığın, qardaş yolunda şəhidliyin şahidi olub. Birinci Dünya Müharibəsində Türkiyə öz tarixinin ən mürəkkəb, ən qarışıq, eyni zamanda, ən parlaq və şərəfli bir dövrünü yaşayarkən Çanaqqalada yadellilərin - türk torpaqlarına göz dikənlərin qarşısına Osmanlı türkləri ilə yanaşı, o vaxt könüllü olaraq Azərbaycandan gələn döyüşçülər də çıxmış, Türkiyənin yeni dövrdə başladığı istiqlal savaşına öz adlarını namusla, qanla yazaraq Vətən və bayraq uğrunda ölməyi, qurban getməyi bacarmışlar. Aradan illər ötüb. Ancaq yada düşdükcə bütün bunlar insanda kədər qarışıq böyük bir qürur hissi də oyadır. Bu gün Türkiyənin hər yerində - Qarsda, Ərzurumda, Vanda, Çanaqqalada şəhid məzarları arasında dolaşarkən sanki həmin insanların illərin sınağından keçib gələn səslərini eşidir, söhbətlərini duyursan. İnsana rahatlıq gətirən bir də odur ki, onlar yad torpaqda, qürbətdə deyil, Vətəndə dəfn olunublar, onların uyuduğu torpaq isə bu gün də minlərlə insanın ziyarət yeridir.

İnsan öz şərəfli tarixinə baxmaqdan, boylanmaqdan doymur. 1918-ci ildə müsəlman Şərqində ilk demokratik dövlət yaradanda da min bir çətinliklə qarşılaşan Azərbaycanın köməyinə gələn məhz qardaş Türkiyənin övladları, Qafqaz İslam Ordusu oldu. Bakının düşmən tapdağından azad olunmasında, paytaxt Bakıda müstəqil dövlətimizin Bayrağının dalğalanmasında müstəsna xidmətləri olan Nuru Paşanın başçılıq etdiyi türk qoşun hissələrinin verdiyi itkiləri, göstərdiyi mərdlik və şücaəti ağır sovet dövrü - repressiyalar belə heç kəsin yadından çıxara bilmədi. Azərbaycanın istiqlalı yolunda şəhid olmuş, ölkəmizin hər yerinə səpələnmiş türk oğullarının məzarları onda da, indi də böyük diqqət və qayğı ilə qorunur, onların hər biri türk bayraqlarına bükülərək müqəddəs bir məkana, ziyarət yerinə çevrilibdir.

Aradan illər ötsə də, bu dostluğu, qardaşlığı istəməyən, bütün vasitələrlə ona mane olmağa, onu pozmağa, sındırmağa çalışan bədxahlar nəinki azalıb, hətta bir qədər də artıblar.

"Erməni" adlı bir bəla illərdir hər iki dövlətin və xalqın başı üzərində dolanmaqdadır. Birliyimizi, rifahımızı istəməyən, gözü götürməyən qüvvələrin əlində "erməni məsələsi" bir vasitəyə çevrilibdir. Yüz illərdir ermənilərin "xeyri"nə itirdiyimiz torpaqlar da, elə Qarabağ da bu siyasi oyunların, ikili standartların qurbanı oldu. Ancaq Azərbaycanda olduğu kimi, Türkiyədə də bu həqiqəti hamı gözəl başa düşür: belə düşmənlərdən biri aşkarda Ermənistan olsa da, arxasındakı qüvvələr tamam başqadır.

Türkiyə kimi güclü, qüvvətli bir dövlətin Avropa Birliyinə gedən yoluna əngəllər yaradanların, ondan qat-qat zəif iqtisadiyyata və nüfuza malik ölkələrin asanlıqla belə beynəlxalq təşkilatlara qəbul edilməsinin arxasında duranların məqsədi də aydındır. Haqsız yerə "soyqırımı" adı ilə "erməni məsələsi"ni Türkiyəyə zorla qəbul etdirmək istəyən qüvvələrin də niyyətini artıq hər iki ölkədə yaxşı başa düşür, onların fikrini, məqsədini də hər iki qardaş ölkənin ictimaiyyəti yaxşı anlayır. Fikrini, niyyətini bildiyin düşmən isə sənin üçün o qədər də təhlükəli, qorxulu və dəhşətli ola bilməz.

Son olaraq "Evrovision-2011" mahnı yarışmasında, digər beynəlxalq tədbirlərdə olduğu kimi, Azərbaycanla Türkiyənin bir-birini necə ürəkdən dəstəklədiklərinin yenidən şahidi olduq. Yarışmanın qalibi olan Azərbaycan təmsilçilərinin əllərində hər iki ölkənin bayrağının görünməsi isə hamını - türklərlə birlikdə hər bir azərbaycanlı türkü də həm sevindirdi, həm də kövrəltdi. Çünki hamı bu qələbəyə hər iki dövlətin, eləcə də bütün türk dünyasının qələbəsi kimi baxır, onu türk ruhunun vahidliyinə, bölünməzliyinə və əbədiliyinə ən yaxşı nümunə kimi qiymətləndirirdilər. Prezident İlham Əliyev qalibləri qəbul edərkən dediyi kimi: "Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, ilk növbədə, sizin qələbənizdir. Mən sizi bir daha təbrik edirəm. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir. Bu, artıq tarixdə qalacaqdır".

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.-28 may.- S. 10.