Cümhuriyyət hökuməti Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını yüksək qiymətləndirirdi

 

Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra beynəlxalq xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışarkən Osmanlı Türkiyəsinin göstərdiyi hərbi və siyasi yardım milli dövlətçilik taleyimizin həllində mühüm rol oynadı. Ona görə də Bakının işğaldan azad edilməsindən sonra bu münasibətlə ölkəmizdə şadyanalıq keçirilməyə və minnətdarlıq tədbirləri təşkil edilməyə başlandı.

Onların içərisində oktyabrın 10-da (1918) Bakıda Nuru Paşanın şərəfinə verilən təntənəli rəsmi ziyafət mərasimi diqqəti xüsusilə cəlb edir. Həmin ziyafətdən "Azərbaycan" qəzetinin 13 tişrini-əvvəl (oktyabr) 1918-ci il tarixli nömrəsində "Ə" imzalı və "Nuru Paşa həzrətləri şərəfinə böyük bir ziyafət" başlığı ilə verilmiş reportajdan məlum olur ki, Bakının yay klubunda tədbir münasibətilə "klubun içi və dəhlizləri gözəl və pürqiymət xalılar ilə döşənmiş, divarları dəxi ay-ulduzlu al bayraqlarla bəzədilibmiş". Bundan başqa, "yuxarıda böyük musiqi orkestri, aşağıda da həm Osmanlı, həm də Azərbaycan türklərinə məxsus milli sazəndə və xanəndələr tərənmümsaz" imişlər. Tədbirdə "hökumət əhlindən ümum nazirlərimiz baş nazir ilə bərabər, şəhərimizin bütün böyük məmurları, ümum zabitan əfəndilər, İran konsulu cənabları, ziyalılarımız, böyük tacirlərimiz və sair əyan-əşraf" iştirak etmişdir. Nuru Paşanın salona gəlişi musiqi sədaları və məclis əhlinin səmimi alqışları ilə qarşılanmışdır.

Ziyafətdə birinci olaraq baş nazir Fətəli Xan Xoyski gözəl bir nitq söyləyərək Azərbaycan türklərini əsarət zəncirindən qurtarmaq üçün Qafqaz İslam Ordusunun kifayət qədər şəhid verib qan tökməsinə yüksək qiymət vermiş, "Bu qan və bu qan tökülən mübarək yerlər heç bir vəqt unudulmaz və xatirdən çıxmaz" deyə Azərbaycan türkləri adından Nuru Paşaya təşəkkür edib qədəh qaldırmışdır. Məclis əhli Paşa həzrətlərinin şərəfinə böyük bir şadlıqla "şərbətnuş etməklə" Fətəli xanla həmrəyliklərini ifadə etmişdir.

Məqalənin müəllifi haşiyə çıxaraq cümhuriyyətdən əvvəl Bakıda hakimiyyəti ələ almış Mərkəzi Kaspi hökuməti zamanında Suxarçevin yerli müsəlman əhalisinin düçar olduğu həqarət, zülm və zillət üzündən onların məhzun çöhrələrini, qısa zaman içərisində ağarmış saç-saqqallarını diqqətə çatdırır. Müəllif onu da xatırlayır ki, təqribən bir il əvvəl bu salonda özlərinin siyasi və insani hüquqlarını tələb edən azərbaycanlıları "bolşevik Suxarçev, Nikolay Romanova məxsus bir hakimi-müstəbid vəziyyəti alaraq" kəskin qəzəb və hiddətlə "Bakıda daşı daş üstə qoymaram!" deyə meydan sulayarkən Milli Şuranın rəisi Məhəmməd Əmin Rəsulzadə ona belə cavab vermişdi: "Əvət! Biz istirdadi-hüquq yolunda mübarizə edəriz, nəticədə bizə ya istiqlaliyyətimiz qalar, ya uçurulmuş daşlar. Fəqət, əmin olunuz, müvəqqəti müvəffəqiyyət sizin üzərinizdə olsa da, daimi zəfər bizimdir!"

M.Ə.Rəsulzadə mərasimdəki çıxışında həmin anları xatırlayıb Nuru Paşanın şərəfinə bəzədilmiş salona işarə ilə deyir: "Əvət! Əgər Suxarçev bu axşam klub salonuna bəznəzər yetirib də bu al bayraqları, bu şanlı komandanları, bu qəhrəman zabitləri, bu cəsur əsgərləri, bu bəşaş və bəxtiyar çöhrələri görsə idi, hədəsinin nə qədər gülünc və bica olduğunu özü də etirafa məcbur olardı".

Məclisdə, müəllifin təqdim etdiyi kimi, nitqini hamının böyük ehtiram və intizarla gözlədiyi "möhtərəm zat, sevgili ustadımız Əhməd bəy Ağayev" də iştirak etmişdir. Onun çıxışındakı "bən Bakını İstanbulda və İstanbulu Bakıda görüb və özümü o qədər bəxtiyar görürəm ki, daha ölsəm, ol qədər də qəmim yoxdur, dünyadan kam almış gedərəm" sözləri öz səmimiliyi ilə eşidənləri də bir an bəxtiyarlığa qərq edir...

Bütün bu çıxış və alqışlara cavab olaraq, nəhayət, Nuru Paşa cavab nitqi söyləmişdir. "Bu qədər nitq və alqışlara cavab olaraq Nuru Paşa həzrətləri gözəl İstanbul şivəsilə ruhumuza ləzzət verən və məzmunca qəlbimizi bir taqım əndişələrdən təmiz qalmaqla sürur və şadimani-binəhayətimizi mövcib olan qayət bəliğ və səlis bir nitq iradilə məclis əhlini şərəfyab və minnətdar buyurdular.

Bu nitqin təsiri öylə idi ki, hər kəsdə gələcəyə artıq əndişəsiz bir nəzər əmələ gəlib kəndində böyük bir ümid, yüksək ruh hiss edərək xoşbəxt və xoşvəqt bir hal ilə bir-birini təbrik edib məclisə xitam verdilər".

Azərbaycan xalqının və hökumətinin Qafqaz İslam Ordusunun xilaskarlığına qarşı sonsuz sevgi və minnətdarlıq duyğularının başqa bir yazıda - "Azərbaycan" qəzetinin 20 tişrini-əvvəl 1918-ci il tarixli nömrəsində "Hacı Əhməd Paşanın Bakıya vürudu" başlıqlı xəbərdə də görürük. Həmin xəbərdən məlum olur ki, Qafqaz İslam Ordusunun Baş komandanı Nuru Paşa və Ənvər Paşanın atası Hacı Əhməd Paşa bir neçə gün əvvəl xüsusi qatarla Bakıya gəlmişdir. Hörmətli qonağı qarşılamaq üçün "Azərbaycan hökumətinin daxiliyyə naziri Behbud bəy Cavanşir və hökumət kontrolu Əbdüləli bəy Əmircanov" Ələt stansiyasına getmişdir. Bakı vağzalında isə Hacı Əhməd Paşanı "şəhər əhalisi tərəfindən bələdiyyə idarə nümayəndələri pişvaz etmişlərdir. Bələdiyyə idarəsi rəisi əvəzində M.Ə.Mehdiyev və islam əhalisi nümayəndələri möhtərəm müsafiri təbrik nitqləri ilə müraciətdə bulunub, əsgəri qətət isə bu möhtərəm müsafiri musiqi ilə qarşılamışlardır".

Hacı Əhməd Paşa oğlu Nuru Paşanın Bakıdakı qərargahına getmişdir.

Bütün bu materiallarda təsvir olunmuş rəsmi və təntənəli qəbullar, həmin mərasimlərdəki çıxışların məzmunu və ruhu Azərbaycan və Türkiyə türklərinin mənəvi birliyinin bariz nümunəsi kimi diqqətəlayiqdir.

 

 

Alxan BAYRAMOĞLU,

filologiya elmləri doktoru,

professor

 

Azərbaycan.- 2011.-28 may.- S.10.