Mihael Hoffman: "Plastex-2011" sərgisinə regionda biznesin inkişafı baxımından böyük əhəmiyyət veririk

 

Azərbaycanda keçirilən "Plastex-2011" sərgisinə regionda biznesin inkişafı baxımından böyük əhəmiyyət veririk. Məhsullarımızı Bakıda artıq tanıyırlar.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda ilk dəfə açılan "Plastex Caspian" 1-ci Xəzər Beynəlxalq plastik kütlələr kauçuk sərgisində iştirak edən Avstriyanın "Next Generation Recycling-Maschinen GmbH" (NGR) şirkətinin satış üzrə meneceri Mihael Hoffman demişdir.

M.Hoffman bildirmişdir ki, 1996-cı ildə yaradılmış NGR şirkəti Avstriyanın Feldkirchen şəhərində istehsal obyektlərinə malikdir. Hazırda elə həmin yerdə, 2007-ci ildə inşa edilmiş yeni zavodumuzda, hər il altmışdan çox tullantı emal edən qurğu istehsal edirik. NGR şirkətinin əsas fəaliyyəti termoplastik texniki sənaye tullantılarından qiymətli xammal əldə etmək üçün lazım olan qurğuların işlənib hazırlanmasına istehsalına yönəldilmişdir. Şirkətimiz öz qurğularının yüksək keyfiyyəti, digər tərəfdən isə materialın xüsusi qayğı ilə emalını təmin edən doğrayıcı, ötürücü qəlibləyici maşınların patentləşmiş birləşməsi vasitəsilə əldə olunan yüksək keyfiyyətli dənəvər məhsul sayəsində dünya plastiklər sənayesində şöhrət qazanmışdır.

Sərginin təşkilindən razılığını bildirən M.Hoffman burada mütəxəssislərlə söhbətlər aparmağa işgüzar görüşlər keçirməyə imkan yaradıldığını da vurğulamışdır.

 

 

Azərbaycan.- 2011.- 28 may.- S. 14.