Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş ənənəvi mini futbol turnirinin qalibləri mükafatlandırılmışlar

 

Mayın 27-də Beynəlxalq Mətbuat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı "Şərq" qəzetinin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin komandaları arasında keçirilmiş ənənəvi mini futbol turnirinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.

AzərTAc xəbər verir ki, dövlət rəsmilərinin, siyasi partiya təmsilçilərinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası", ictimaiyyət və media nümayəndələrinin iştirak etdikləri mərasimdə "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı hər il keçirilən ənənəvi mini futbol turnirinə verdiyi mənəvi dəstəyə görə YAP-a minnətdarlığını bildirmişdir. Natiq həmçinin yarışın keçirilməsinə yaradılan nümunəvi şəraitə görə Bakı Dövlət Universitetinin rəhbərliyinə, informasiya dəstəyi göstərən KİV-yə, baş sponsor "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"na, sponsor "Muğanbank"a təşəkkür etmişdir.

Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ənənəvi mini futbol turnirinin ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramın ifadəsi olduğunu söyləyərək, ulu öndərin mətbuata və idmana verdiyi töhfələrdən danışmış, qalibləri təbrik etmişdir.

Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkədə digər sahələrlə yanaşı, mətbuatın və idmanın da inkişafına daim mühüm əhəmiyyət verdiyini diqqətə çatdırmış, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir. Natiq ulu öndərin xatirəsinə həsr olunmuş mini futbol turnirinin qaliblərini təbrik etmişdir.

Yarışın qalibi "Şərq" qəzetinin komandasına turnirin kuboku və pul mükafatı təqdim edilmişdir. Turnirdə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuş ATV və AzTV-nin komandaları diplom və pul mükafatlarına layiq görülmüşlər. Həmçinin turnirin ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçusu, oyunçusu və ən ədalətli hakim nominasiyalarının qaliblərinə kubok, xüsusi diplomlar və pul mükafatları təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-28 may.- S. 15.