«Şərədil» istirahət mərkəzi ilə tanışlıq

 

 Oktyabrın 30-da Prezident İlham Əliyev Ağsu rayonundan qayıdarkən Şamaxıdakı "Şərədil" istirahət mərkəzi ilə tanış olmuşdur.

Bildirildi ki, son illərdə Azərbaycanda turizm infrastrukturunun yaradılması istiqamətində dövlətimiz tərəfindən ardıcıl addımlar atılır. Bu baxımdan "Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsi, 2011-ci ilin "Turizm ili" elan olunması ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar açmışdır.

Bildirildi ki, Mərkəzin 25 hektar ümumi sahəsi vardır. Ərazisinin dörd hektardan çox hissəsi tikintialtı sahədir. Mərkəzin əsas binasının birinci mərtəbəsində 120, ikinci mərtəbəsində isə 150 nəfərlik restoran-bar fəaliyyət göstərir. İstirahət mərkəzində VİP otaqlarxüsusi zal vardır. Mərkəzin ərazisindəki 20 kottecdən 11-i üç, digərləri isə ikiotaqlıdır. Burada dördü ikiotaqlı, dördü isə birotaqlı olmaqla 8 nömrədən ibarət otel də vardır. Bundan başqa, mərkəzdə qolfvoleybol meydançaları, tennis kortu, uşaq əyləncə guşəsi fəaliyyət göstərir.

Prezident İlham Əliyev inşa ediləcək "Şamaxı-Qrand" otelinin layihəsi ilə də tanış oldu. Tikintisinə 2010-cu ildə başlanılan otelin gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Oteldə 95-i standart, 19-u isə lüks olmaqla ümumilikdə 114 nömrə turistlərin istifadəsinə veriləcəkdir. Oteldə hər biri 500 nəfərlik üç konfrans zalı yaradılacaqdır. Burada müxtəlif idman meydançalarının tikintisi də nəzərdə tutulmuşdur.

Dövlətimizin başçısı istirahət mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirdi, "Şamaxı-Qrand" otelinin tikintisi ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 1noyabr.- S.  6.