Bakıda EPEG Konsorsiumunun üçüncü iclası keçirilmişdir

 

 Noyabrın 1-də Bakıda EPEG Konsorsiumunun üçüncü iclası keçirilmişdir. İclası giriş sözü ilə açan "Delta Telekom" şirkətinin texniki direktoru Rahid Ələkbərli tədbirin əhəmiyyətini qeyd etmişdir.

Baş nazirin müavini Abid Şərifov çıxış edərək demişdir ki, bu gün Azərbaycan yüksək iqtisadi göstəricilərlə inkişaf edir. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) prioritet sahə elan edilmişdir. İKT sahəsində layihələr inkişaf etdirilir. Azərbaycan  Prezidenti  İlham Əliyev tərəfindən bu sahənin inkişafına böyük diqqət göstərilir. Ölkəmiz bir çox beynəlxalq strateji layihələrdə iştirak edir. O cümlədən, İKT sahəsində də bir sıra layihələr uğurla həyata keçirilir.

A.Şərifov qeyd etmişdir ki, iclasda İngiltərənin "Keyb ənd Vayeles", Rusiyanın "Rostelekom", İranın "Telekom İnfrastruktur Kompaniya" və Omanın "Omantel" qlobal miqyaslı şirkətlərinin nümayəndələri Azərbaycanın əsas aparıcı şirkəti ilə birgə konsorsiumda "Europe Persia Express Gateway" (EPEG) kabel magistralı layihəsinin, Tehran  Moskva görüşlərindən sonra Bakıda üçüncü görüşə toplaşmışlar. Bu layihə sayəsində Avropadan Omana, Frankfurt şəhərindən başlayaraq Polşa-Ukrayna-Rusiya-Azərbaycan-İran və Oman ərazisindən keçməklə çox böyük tutumlu, keyfiyyətli rabitə kanallarının Asiya ölkələrinə çatdırılması təmin ediləcəkdir. Bu marşrut Avropadan Asiyaya olan dənizaltı kabellərə alternativ olaraq ən qısa yoldur. Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm də ehtiyat marşrut olaraq seçilmişdir.

Baş nazirin müavini demişdir ki, Azərbaycan tərəfdən layihədə iştirak edən "Delta Telekom" şirkətinin potensialı böyükdür. Şirkətin bu sahədə bır sıra layihələri müvəffəqiyyətlə yerinə yetirməsini əsas tutaraq bu layihənin öhdəsindən gələcəyinə inanırıq. Azərbaycanın qlobal reytinq göstəricilərində şəbəkə texnologiyalarına görə öndə getməsində "Delta Telekom"un xüsusi yeri vardır. Ölkənin rabitə sahəsində tranzit ölkəyə çevrilməsi üçün "Delta Telekom" bır sıra layihələr həyata keçirmişdir. Gürcüstan, İran, İraq, Özbəkistan, Türkmənistan və digər dövlətlər bu şirkətin infrastrukturundan tranzit olaraq istifadə edir.

İşçi heyətin növbəti - üçüncü görüşünün Bakıda keçirilməsinə çox böyük əhəmiyyət veririk.  Bakı gələn il "Eurovision"un da ev sahibi olacaqdır. Şəhərimiz, bütün Azərbaycan bu tədbirə də ciddi hazırlaşır.

Mən bütün qonaqlarımızı salamlayır, "xoş gəlmisiniz" deyirəm. İşçi heyətə işlərində uğurlar arzulayıram. İnanıram ki, EPEG layihəsi müvəffəqiyyətlə həyata keçiriləcək və bu sahədə daha böyük layihələrin icrası əsas olacaqdır.

Azərbaycanda İKT sektorunda əldə olunan nailiyyətlərdən danışan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirmişdir ki, ölkənin telekommunikasiya şəbəkələrinin  modernləşdirilməsi artıq  tam başa çatmışdır. Telekommunikasiya şəbəkələrində ən yeni nəsil texnologiyalar tətbiq edilmişdir. Artıq Azərbaycanda ən ucqar kəndlər belə daxil olmaqla, bütün bölgələrdə elektron tipli ATS-lər qurulmuşdur. Rayonlar, şəhərlərarası rabitədə də yeni nəsil texnologiyalara keçilmişdir. Ölkənin bütün ərazilərində vahid nömrələmə sistemi tətbiq olunur. Kəndlərdə, şəhərlərdə, Bakıda, mobil rabitə sektorunda da 7 rəqəmli nömrələmə sistemindən istifadə olunur.  Bu yeni sistem Beynəlxalq Telekommunikasiya İttifaqının nömrələmə ilə bağlı tələb və prinsiplərinə tam cavab verir. MDB məkanında  Azərbaycan ilk olaraq belə bir möhtəşəm nailiyyət əldə etmişdir.

Nazir müavini qeyd etmişdir ki,  ölkəmizin əksər ucqar rayonlarına optik xətlərin çəkilməsi başa çatdırılmış, uzaq hesab edilən digər  rayonlara analoji xətlərin çəkilməsi üzərində fəal gedir. Ölkəmizin ucqar kəndlərində belə cari ilin sonunadək genişzolaqlı internetdən istifadə edilməsi üçün müvafiq layihə hazırlanmaqdadır.

"Delta Telekom"un prezidenti Ramazan Vəliyev, EPEG  Konsorsiumunun sədri Vsevolod Korjayev EPEG kabel magistralı layihəsinin əhəmiyyətini vurğulamış, bu  layihənin müvəffəqiyyətlə həyata keçiriləcəyini bildirmişlər.

İclasa Baş nazirin müavini Abid Şərifov  yekun vurmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 2 noyabr.- S.  3.