Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Nyu-Yorkda ABŞ-ın «Uşaqların Xərçəng və Qan Fondu»nun yüksək mükafatı təqdim ediləcəkdir

 

 Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın (International Dialogue for Environmental Action) təsisçisi Leyla Əliyeva ABŞ-ın "Uşaqların Xərçəng və Qan Fondu"nun (CCBF) dəvəti ilə Nyu-Yorkda səfərdədir.

Fondun noyabrın 1-də keçiriləcək illik xeyriyyə toplantısında Leyla Əliyevaya uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə "Key to Life" - "Həyata Açar" yüksək mükafatı təqdim ediləcəkdir.

"Uşaqların Xərçəng və Qan Fondu" (CCBF) 1952-ci ildən başlayaraq pediatrik hematologiya və onkologiya sahəsinə davamlı yardımı ilə azyaşlılarda xroniki, həyat üçün təhlükəli olan qan xəstəliklərinin müalicəsi işini dəstəkləyir və bu sahədə fəaliyyət göstərən ABŞ-ın ən qədim və iri xeyriyyə təşkilatlarından biridir.

Nyu-Yorka səfəri çərçivəsində Leyla Əliyeva pediatrik xərçəng və qan xəstəliklərinin müalicəsində aparıcı tibb ocaqlarından biri olan Nyu-York presbiterian xəstəxanasında Uil Kornell Tibb Mərkəzində göstərilən xidmətlərlə tanış olmuşdur. Leyla xanım Mərkəzdə müalicə alan azyaşlı xəstələrə baş çəkmiş, onları Amerikanın ənənəvi "Hallovin" bayramı münasibətilə təbrik etmiş, hədiyyələr çatdırmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin Mərkəzin tibb heyəti ilə söhbət edərək, xüsusilə talassemiyalı xəstələrin müalicəsi və onlara göstərilən qayğı ilə maraqlanmışdır. Leyla xanım demişdir ki, Azərbaycanda da genetik qan xəstəliyinin daşıyıcıları olduğuna görə Heydər Əliyev Fondu talassemiya xəstəliyinin qarşısının alınması üzrə proqramlar həyata keçirir, Bakıda Talassemiya Mərkəzi fəaliyyət göstərir.

Uil Kornell Tibb Mərkəzində talassemiya proqramının direktoru, bu sahədə elmi araşdırmaları ilə tanınan professor Patrisiya Ciardiniya ilə söhbəti zamanı Leyla Əliyeva Azərbaycanda genetik qan xəstəlikləri mövzusunda elmi simpoziumun keçirilməsi arzusunu bildirmiş, alimi belə bir toplantıda iştirak etməyə və ölkəmizdəki mütəxəssislərlə fikir mübadiləsi aparmağa dəvət etmişdir.

Talassemiya üzrə birgə elmi araşdırmalar Leyla Əliyevanın CCBF-in dəstəyi ilə Tibbi Mərkəzdə yaradılan tədqiqat laboratoriyasında keçirdiyi görüşdə də əsas müzakirə mövzusu olmuşdur. Hüceyrəvi Onkologiya Proqramının direktoru Deyvid Liden azərbaycanlı qonağa laboratoriyada aparılan elmi tədqiqatların nəticələri barədə məlumat vermiş, az müddətdə pediatrik hematologiya-onkologiya sahəsində qazanılan yeni biliklərin bu növ xəstəliklərin müalicəsinə böyük təkan verdiyini vurğulamışdır. Leyla Əliyeva gələcəkdə Azərbaycandan gələn alimlərin burada birgə araşdırma aparmaq imkanlarına dair D.Lidenlə fikir mübadiləsi aparmışdır.

Nyu-Yorka səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva bir sıra digər görüşlər keçirmişdir. O cümlədən, ətraf mühit məsələləri üzrə maarifləndirmə məsələləri ilə məşğul olan ABŞ-ın "Earth Force" qeyri-hökumət gənclər təşkilatının beynəlxalq münasibətlər üzrə nümayəndəsi Vins Meldrum ilə "Earth Force" və "İDEA" arasında Anlaşma Memorandumunun imzalanması, Azərbaycanda orta məktəb müəllimləri üçün ətraf mühitin qorunmasının tədrisi üzrə təlim kurslarının keçirilməsi müzakirə edilmişdir. Leyla Əliyeva "Earth Force" nümayəndələrini noyabrın 24-27-də "İDEA" təşəbbüsü ilə Qəbələ şəhərində keçiriləcək "Ətraf mühitin qorunmasının idarə edilməsində gənclərin rolu: Bu gün və Sabah" düşərgəsində iştirak etməyə dəvət etmişdir. Leyla Əliyeva həmçinin moda və geyim sənayesində ekoloji cəhətdən təmiz istehsalı dəstəkləyən "Ecouterre" layihəsinin nümayəndələri ilə görüşmüş, dünya gənclərinin qlobal ətraf mühitə məsuliyyətli yanaşmasına çağıran konkret təşəbbüslər ətrafında fikir mübadiləsi aparmışdır.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Nyu-York

 

Azərbaycan.- 2011.- 2 noyabr.- S.  3.