Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevaya Nyu-Yorkda
«Həyata Açar» fəxri
mükafatı təqdim edilmişdir
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın (International Dialogue for Environmental Action) təsisçisi Leyla xanım Əliyeva ABŞ-ın "Uşaqların Xərçəng və Qan Fondu"nun (CCBF) dəvəti ilə Nyu-Yorkda səfərdədir. Noyabrın 1-də Nyu-York şəhərinin möhtəşəm "Plaza" mehmanxanasının ziyafət zalında keçirilən Fondun illik xeyriyyə toplantısında Leyla Əliyevaya uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə "Key to Life" - "Həyata Açar" fəxri mükafatı təqdim edilmişdir.
CCBF-in sədri Lez Liberman qonağı təqdim edərək bildirmişdir ki, Leyla xanım Əliyeva sosial, gənclər, ətraf mühitin mühafizəsi və digər vacib məsələlərdə fəal olmaqla səylərini təkcə Azərbaycanda deyil, bütün dünyada kimsəsiz uşaqların həyat şəraitinin yaxşılaşdırmasına sərf edir. Bununla yanaşı, o, həm də öz ölkəsində bir sıra mühüm təhsil və xeyriyyə layihələri həyata keçirən ən böyük və aparıcı qeyri-hökumət təşkilatının - Heydər Əliyev Fondunun vitse-prezidentidir. Xanım Leyla Əliyeva İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi, "Bakı" jurnalının təsisçisi və baş redaktorudur. O, indiyə qədər beynəlxalq münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə bir sıra mükafatlara layiq görülmüşdür. Bu gün isə CCBF Leyla xanıma bütün dünyada ehtiyacı olan uşaqlara yardım etmək uğrunda yorulmaz fəaliyyətinə görə "Həyata Açar" mükafatını təqdim etməkdən fərəh hissi duyuruq.
Mükafat mərasim
iştirakçılarının alqışları
altında Leyla xanım Əliyevaya təqdim
edildi.
Fəxri mükafata görə
minnətdarlığını bildirən Leyla Əliyeva dedi:
- Xanımlar və cənablar.
Mən
burada olmağımdan böyük məmnunluq və bu
mükafatı almaqdan şərəf hissi duyuram. Lakin "Həyata
Açar" fəxri mükafatını özümdən
daha çox ölkəmdə yaşayan bütün gənclər
adından qəbul edirəm. Azərbaycan gəncləri bu
gün azadlıqda yaşayır və bu azadlığın məsuliyyətini
başa düşürlər. Anlayırlar ki, bizim ən
böyük məsuliyyətimiz bir-birimizin qeydinə
qalmaqdır. Həyata qapı elə buradadır - sizin
uzaqgörənliyinizdə, təcrübənizdə və
ürəyiaçıqlığınızdadır. CCBF-in
apardığı iş hamımızı ruhlandırır.
Siz təcrübənizi bölüşməyin əsl mənasını
nümayiş etdirirsiniz, təkcə maliyyə yox, həm də
məhəbbət, qayğı və ümidinizlə
bölüşürsünüz. Dünən mən
gematologiya-onkologiya şöbəsinə baş çəkərək
sizin apardığınız böyük işlərin
şahidi oldum. Bu iş bu xeyriyyə gecəsində iştirak
edən hər bir şəxsin səyləri ilə dəstəklənir.
Mən özüm də öz ölkəmdə bir çox xəstəlik hallarının şahidi olmuşam. Mənim təmsil etdiyim təşkilat - Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, bütün dünyada bu xəstəliklərin qarşısının alınması üçün çalışır. Biz "Talassemiyasız Həyat" səhiyyə təşəbbüsümüzlə 2007-ci ildə bölgənin ən iri talassemiya mərkəzini açmışıq. Ən son texnologiyalarla təchiz olunan bu mərkəzdə xəstələr pulsuz müalicə alırlar. Mərkəz, həmçinin mütəmadi olaraq qan köçürmələri və ölkənin müxtəlif bölgələrində qanvermə kampaniyaları həyata keçirir, diabet xəstəliyindən əziyyət çəkən 14 yaşından az olan uşaqları pulsuz insulinlə və iynələrlə təchiz edir. Siz həyatı sapdan asılı olan uşağı görəndə, həyatda nəyin vacib olduğunu anlayırsınız. Biz bu həyatları xilas edə biliriksə, bundan vacib nə ola bilər? Sizin işiniz məhz belə həyatları xilas edir.
***
Qeyd edək ki, ABŞ-ın "Uşaqların Xərçəng və Qan Fondu" (CCBF) 1952-ci ildən başlayaraq pediatrik hematologiya və onkologiya sahəsinə davamlı yardımı vasitəsi ilə azyaşlılarda həyat üçün təhlükəli olan xroniki qan xəstəliklərinin müalicəsi işini dəstəkləyir və ABŞ-ın bu sahədə fəaliyyət göstərən ən iri xeyriyyə təşkilatlarından biridir. Hər il keçirilən xeyriyyə gecələri vasitəsi ilə CCBF 1,5 milyon ABŞ dolları toplayaraq pediatrik xərçəng və qan xəstəliklərinin müalicəsində aparıcı tibbi ocaqlardan biri olan Nyu-York Presbiterian Xəstəxanasında Uil Kornell Tibb Mərkəzində xəstələrin müalicəsini və uşaq xərçəngi və qan xəstəlikləri sahəsində elmi və kliniki tədqiqatların aparılmasını dəstəkləmişdir.
Nyu-Yorka səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təsisçisi Leyla xanım Əliyeva noyabrın 1-də, həmçinin ABŞ-ın Smitsonian İnstitutunda Folklor və Mədəni İrs Mərkəzinin kuratoru Ceyms Doytçla görüşmüşdür. Tərəflər Heydər Əliyev Fondu və Smitsonian İnstitutu arasında əməkdaşlığın perspektivlərini müzakirə etmiş, Smitsonian mütəxəssislərinin Azərbaycanın mədəni irsi ilə yaxından tanış olub öyrənmələri üçün ölkəmizə səfərlərinin təşkili barədə fikir mübadiləsi aparmışlar. Dünyanın ən böyük muzey və tədqiqat kompleksi kimi tanınan ABŞ-ın Smitsonian İnstitutunun tərkibinə 19 muzey, bir zoopark, 9 mədəni tədqiqat mərkəzi, iki dövri nəşr daxildir. Hesablamalara görə, muzeylərin kolleksiyasına 136 milyon eksponat daxildir.
Şəfəq
AKİFQIZI,
AzərTAc-ın xüsusi müxbiri
Nyu-York
Azərbaycan.- 2011.-3 noyabr.- S. 3.