Azərbaycan xarici siyasətinin daha bir mühüm uğuru

 

BMT Təhlükəsizlik Şurasına üzvlük respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldəcəkdir 

 

İkinci Dünya müharibəsindən sonra beynəlxalq birlik yeni münaqişələrin qarşısının alınması məqsədilə qarşılıqlı əməkdaşlıq tədbirlərini, o cümlədən gələcək nəsilləri yeni problemlərlə üz-üzə qoymamaq üçün universal beynəlxalq təşkilat - Birləşmiş Millətlər Təşkilatını (BMT) təsis etdi. Bütün dünyada sülhün və təhlükəsizliyin saxlanılması BMT-nin əsas orqanlarından biri kimi Təhlükəsizlik Şurasında  mühüm müzakirə obyekti oldu.

BMT-nin legitimliyi onun tərkibinin universal xarakteri və həmçinin universal səlahiyyəti ilə bağlıdır. BMT bütün xalqların maraqlarının müdafiəsi üçün yaradılmış beynəlxalq təşkilat olduğundan və orada istənilən dövlət tərəfindən müəyyən məsələnin qaldırılması imkanı ona xüsusi bir avtoritet vermişdir. Təhlükəsizlik Şurasının səlahiyyət dairəsi, fəaliyyət mexanizmi BMT-nin digər strukturlarından kifayət qədər fərqlənir. Təhlükəsizlik Şurası elə formada təsis edilib ki, faktiki olaraq beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsinə nəzarət edə bilsin. Təhlükəsizlik Şurası mübahisənin həllində danışıqlar, təhqiqat, vasitəçilik, barış, arbitraj, məhkəmə baxışına, o cümlədən regional mexanizmlərə müraciət etmək tələbi ilə çıxış edə bilər. Təhlükəsizlik Şurası, eyni zamanda, mübahisənin beynəlxalq sülhə və təhlükəsizliyə təsirini müəyyən etmək üçün təhqiqat  tətbiq edə bilər. Həmçinin Təhlükəsizlik Şurası mübahisənin həlli üzrə müvafiq proseduranı tövsiyə etməklə bərabər, mübahisənin həlli üzrə öz baxışına görə istənilən qaydanı müəyyən etmək səlahiyyətinə malikdir.

Milli maraqlara əsaslanan tarazlı və çevik xarici siyasət yürüdən müstəqil Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi isə respublikamızın son 20 illik diplomatiya tarixində ən böyük uğurlarından biri kimi mühüm əhəmiyyət kəsb edir. Dünya siyasətinə həlledici təsir imkanları olan təşkilatın 193 üzvündən 155-nin mürəkkəb seçim turlarında Macarıstan və Sloveniya ilə müqayisədə məhz Azərbaycanın namizədliyini dəstəkləməsi, ilk növbədə, rəsmi Bakının xarici siyasət prioritetlərinin beynəlxalq miqyasda rəğbət və etimadla qarşılandığını göstərir. Bu hadisə, eyni zamanda, Cənubi Qafqaz kimi həssas geosiyasi məkanda sülh, sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarı kimi çıxış edən Azərbaycanın dünyanın dinc nizamını, sivil harmoniyasını pozan qlobal təhdidlərə qarşı mübarizə əzminin bəşəri miqyasda yüksək dəyərləndirildiyini göstərir. 

Məsələnin Azərbaycan üçün müstəsna əhəmiyyəti həm də onunla şərtlənir ki, rəsmi Bakı kifayət qədər çətin rəqabət şəraitində güvənli və cəsarətli addım atmış, səmərəli iş apararaq qarşıya qoyduğu məqsədə yetişmiş, həlledici sınaqdan uğurla çıxmışdır. Ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olan respublikamızın prinsipial bir məsələdə BMT üzvlərinin üçdəikisinin səsini qazanması həm əks-təbliğat, həm də təşkilat hüdudlarında mühüm siyasi qərarların qəbuluna təsir baxımından ciddi önəmə malikdir. Əldə olunan mühüm diplomatik nəticə Azərbaycanın ötən illərdə təşkilat çərçivəsindəki sistemli, ardıcıl və məqsədyönlü fəaliyyətinin nəticəsidir. BMT üzvü olan respublikamız təşkilatın davamlı inkişafa qarşı yönələn qlobal problemlərə, o cümlədən kütləvi qırğın silahlarının yayılmasına, terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik maddələrin dövriyyəsinə qarşı apardığı mübarizəni fəal surətdə dəstəkləmiş, eyni zamanda, enerji və ərzaq təhlükəsizliyinin təminatına, təbii fəlakətlər və iqlim dəyişiklikləri ilə bağlı kompleks məsələlərin həllinə sanballı töhfələr vermişdir.

Xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq aləmə sıx inteqrasiya kursunu seçərək qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla əməkdaşlığa mühüm önəm vermişdir. Respublikamızın BMT ilə münasibətlərdə ötən 19 ildə əldə etdiyi nəticələr bu baxımdan xüsusilə vacib əhəmiyyət daşıyır. 1992-ci il martın 2-də bu mötəbər beynəlxalq təşkilatın tamhüquqlu üzvlüyünə qəbul olunan Azərbaycan dövlət müstəqilliyinə siyasi-hüquqi təminatı gücləndirmək, eləcə də beynəlxalq səviyyədə maraq və mənafelərini müdafiə etmək üçün əlverişli tribuna qazanmışdır.

BMT-yə üzv olmaqla Azərbaycan özünün beynəlxalq hüquq subyektliyini təsdiqləmiş, təşkilat çərçivəsində beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə, təşkilatın potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələri qəbul etmişdir. Bu qətnamələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı faktı bir daha göstərilmişdir. Həmin sənədlərdə respublikanın ərazi bütövlüyünün təmin edilməsi vacibliyi vurğulanmış, təcavüzkar Ermənistandan qoşunlarını geri çəkmək tələb olunmuşdur.

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum isə respublikamızın insan hüquqlarının qorunması sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri olmuşdur. Bu memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək, müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı, habelə digər məsələlərdə Azərbaycan hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir.

BMT-də fəal iş aparan rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası; işğalçı qüvvələrin işğal olunmuş bütün ərazilərdən çıxarılması; didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması; Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının sülh şəraitində birgə yaşayışının təmini; kommunikasiyaların bərpası; hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşdirilməsi mövqeyindən çıxış etmişdir.

Ulu öndərin xarici siyasətdə müəyyənləşdirdiyi strateji siyasi xətti son 8 ildə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev BMT-də fəal iş aparılmasını, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun, hərtərəfli şəkildə çatdırılmasını xarici siyasət idarəsinin qarşısında başlıca vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf, demokratikləşmə proseslərində BMT-nin vacib rol oynadığını qəbul edir. Rəsmi Bakı 2001-ci ilin məlum 11 sentyabr hadisələrindən sonra təşkilatın terrorizmə qarşı mübarizəsinə fəal dəstək vermişdir. Yeri gəlmişkən, Azərbaycan Respublikası terrorizmlə mübarizə sahəsində BMT-nin 11 beynəlxalq-hüquqi sənədinə - "Hava nəqliyyatının qanunsuz zəbtinə qarşı mübarizə haqqında", "Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz aktlarla mübarizə haqqında", "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında", "Girovların götürülməsi ilə mübarizə haqqında", "Bomba terrorizmi ilə mübarizə haqqında" beynəlxalq konvensiyalara və digər sənədlərə qoşulmuşdur. Eyni zamanda, respublikamız BMT Təhlükəsizlik Şurasının Terrorizmə qarşı Mübarizə Komitəsi ilə yaxından əməkdaşlıq edərək həmin quruma Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir.

Ümumilikdə son 8 ildə Azərbaycan mütəmadi olaraq Ermənistanın  təcavüzünün acı fəsadları ilə bağlı BMT-də dəfələrlə məsələ qaldırmış və əksərən təcavüzkarın ifşasına nail olmuşdur. Bu baxımdan BMT Baş Assambleyasının 2007-ci ilin noyabrında Azərbaycanın işğal edilmiş ərazilərində ermənilər tərəfindən törədilən yanğınların "səbəb"lərinin araşdırılması ilə bağlı qərar qəbul etməsi olduqca mühüm əhəmiyyətə malikdir. Qərarın qəbuluna BMT-nin 193 üzvündən 191-i imza atmışdır. Bundan başqa, 2008-ci il martın 14-də BMT Baş Məclisi "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı hesabatı qəbul etmişdir. Həmin sənəddə  Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi bir daha təsdiqlənmişdir.

Bir faktı da xatırladaq ki, Xarici İşlər Nazirliyinin tapşırığı əsasında 2008-ci ildə Azərbaycanın BMT-dəki nümayəndəliyi təşkilata iki mühüm hesabat təqdim etmişdir. Bunlardan birincisi "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün hüquqi fəsadları barədə", ikincisi isə "Dövlətlərin ərazi bütövlüyünün təməl norması və Ermənistanın revizionist iddiaları fonunda öz müqəddəratını təyinetmə hüququ barədə" hesabatlar olmuşdur. Birinci hesabat "Ermənistan Azərbaycana, onun Dağlıq Qarabağ ərazisi və ətraf rayonlarına hərbi təcavüz həyata keçiribmi? və Azərbaycanın BMT-nin Nizamnaməsinə uyğun olaraq Ermənistandan müdafiə olunmaq hüququ varmı?" suallarını əhatə etmişdir. Ciddi araşdırma və faktlar əsasında hazırlanan birinci hesabat hər iki suala müsbət cavab vermişdir.

İkinci hesabat isə ilk olaraq dövlətlərin ərazi bütövlüyü konsepsiyası, xalqların öz müqəddəratını təyinetməsi prinsipinin statusu və onun evalusiyasını, həmçinin ermənilərin Dağlıq Qarabağa olan iddialarının məzmununu əhatə etmişdir. Hesabatda beynəlxalq hüquq normaları əsasında göstərilmişdir ki, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq iddiası beynəlxalq hüquq normalarına tamamilə ziddir. Eyni zamanda, Ermənistanın qonşu dövlətə qarşı addımları beynəlxalq hüquq normalarının və xüsusən də ərazi bütövlüyü prinsipinin Ermənistan tərəfindən pozulduğunu sübut edir. Hər iki hesabat Azərbaycanın xahişi ilə BMT-nin katibliyi tərəfindən qurumun Baş Assambleyası və Təhlükəsizlik Şurasının 63-cü sessiyası çərçivəsində yayılmışdır.

2010-cu ildə də Azərbaycan beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığın təminatında ən nüfuzlu beynəlxalq təşkilat olan BMT ilə əldə etdiyi yüksək əməkdaşlıq münasibətlərinin daha səmərəli irəliləyişi istiqamətində səylərini artırmışdır. İl ərzində Azərbaycanın BMT və digər beynəlxalq təşkilatların seçki strukturlarında daha yaxşı təmsilçiliyinin təminatı üzrə iş aparılması diqqət mərkəzində olmuşdur. Ötən il Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə komitəsinə və BMT-nin Avropa İqtisadi Komissiyası nəzdində Ətraf Mühit və Səhiyyə Nazirləri Şurasına üzv seçilmişdir.

Müstəqil respublikamızın bir neçə gün əvvəl BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə Bakı üçün təkcə təbliğati-siyasi məzmun kəsb etmir. Respublikamız bu uğura imza atmaqla, faktiki olaraq, təşkilat çərçivəsində mühüm qərarların qəbulu prosesində əsas dövlətlərdən birinə, həlledici söz sahibinə çevrilmişdir. 

BMT-dəki son qələbə göstərir ki, Azərbaycanın xarici siyasəti kifayət qədər uğurlu təməl üzərində inkişaf edərək respublikanın milli maraq və mənafeyinin etibarlı təminatında mühüm rol oynayır. İndi nəinki ayrı-ayrı ölkələr, hətta müxtəlif beynəlxalq təşkilatlar da respublikamızla hesablaşır, mühüm məsələlərdə rəsmi Bakının mövqeyini nəzərə alırlar. Məhz bunun nəticəsidir ki, Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qərarlarının qəbulu prosesində bilavasitə iştirak edəcəkdir. Təşkilatın Nizamnaməsinin 23-cü maddəsinə görə, Təhlükəsizlik Şurası 5 daimi (Çin, Rusiya, ABŞ, Fransa və Böyük Britaniya) və 10 qeyri-daimi üzvdən ibarətdir. Respublikamızın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində rəsmi Bakının beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasına və iqtisadi əməkdaşlığa verdiyi mühüm töhfələr də nəzərə alınmışdır.

Təşkilatın Nizamnamənin 33, 34 və 36-cı maddələrində Təhlükəsizlik Şurasının  mövcud münaqişə və mübahisələrin həlli, 42-ci maddəsində isə sanksiyalar istənilən nəticəni vermədikdə, güc tətbiqi barədə qərar qəbul etmək hüququ birmənalı göstərilmişdir. Bu mənada, ərazisinin 20 faizi işğal altında olan Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyünün respublikamız üçün necə böyük əhəmiyyət daşıdığını xüsust vurğulamağa ehtiyac yoxdur. Təhlükəsizlik Şurasına üzv seçilən Azərbaycan həm də üzləşdiyi ədalətsiz münaqişənin həlli ilə bağlı məsələ qaldırmaq, Ermənstanın işğalçı siyasəti ilə bağlı qəbul olunmuş 4 qətnamənin icrasını tələb etmək imkanı qazanmışdır.

Müasir dövrün hadisələri göstərir ki, beynəlxalq sülhə və təhlükəsizliyə qarşı yeni təhdid və çağırışlar, ilk növbədə, istər iqtisadi, istərsə də hərbi-siyasi baxımdan inkişaf etmiş dövlətlərin əksər halda BMT Nizamnaməsinə, beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinə məhəl qoymadan özlərinin dar milli maraqlarını ümumbəşəri maraqlardan üstün tutması nəticəsində baş verir. Son nəticədə isə meydana gələn yeni təhlükəsizlik problemləri həmin dövlətlərin özünə qarşı yönəlir ki, bu da BMT çərçivəsində, Təhlükəsizlik Şurası və Baş Məclisin, həmçinin digər orqanların birgə fəaliyyəti əsasında adekvat tədbirlərin görülməsini zəruri edir. Müasir beynəlxalq təhlükəsizlik daha geniş məzmun kəsb etməklə özündə hərbi, siyasi, iqtisadi, humanitar, ekoloji və s. aspekti nəzərdə tutmaqla yalnız kollektiv təminat sistemi ilə həyata keçirilə bilər. Beynəlxalq sülhə və təhlükəsizliyə qarşı yeni təhdidlərin kontekstində beynəlxalq təhlükəsizliyin ümuməhatəli sistem konsepsiyası universal mexanizmlərin, o cümlədən BMT təhlükəsizlik qurumlarının roluna yeni yanaşma tərzini tələb edir. Yeni təhlükəsizlik konsepsiyası beynəlxalq hüququn prinsipləri əsasında daha çevik və ardıcıl fəaliyyət göstərən beynəlxalq təhlükəsizlik sistemini şərtləndirir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, möhtərəm Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan xalqının tarixi qələbəsidir. İnanırıq ki, respublikamız bu imkandan səmərəli şəkildə faydalanaraq təşkilat çərçivəsində milli maraq və mənafeyini daha yüksək səviyyədə təmin edəcəkdir. 

 

 

Əmir ƏLİYEV,

BDU-nun hüquq fakültəsinin dekanı,

hüquq elmləri doktoru, professor

 

Azərbaycan.- 2011.- 3 noyabr.- S.  4.