Tələbələrimiz Berkli Universitetində təhsil almaq şansı qazandılar

 

 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  və Azərbaycan Texniki Universiteti ilə ABŞ-ın Kaliforniya ştatındakı Berkli Universitetinin arasında rəsmi müqavilə imzalanmışdır.

Son illər Azərbaycan dövlətinin və ölkə başçısı İlham Əliyevin xüsusi diqqət mərkəzində olan sahələrdən biri də təhsilin səviyyəsinin artırılması, kadrların peşə hazırlığının optimal yüksəldilməsi məsələsidir. Prezidentin 2006-cı il 19 oktyabr tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" sərəncamı gənclərimizin xaricdə təhsil almasını, ölkənin elmi-texniki potensialının möhkəmlənməsi prosesində yaxından iştirak etməsini, modern texnologiyalara birbaşa çıxışını təmin etmək məqsədini reallaşdırdı. Bu sərəncama uyğun olaraq hazırlanmış  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" öz növbəsində istedadlı gənclərimizin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılmasına təkan verdi.

Cənubi Qafqazda iqtisadi inkişafa görə lider dövlət kimi tanınan Azərbaycanda xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyaları ixtisaslarına mükəmməl yiyələnən yüksək hazırlıqlı mütəxəssislərə olan artan tələbatın ödənilməsi zərurəti yaranmışdır. Dünyanın qabaqcıl təhsil ocaqlarında ölkəmiz üçün mütəxəssis hazırlanması Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni mərhələdə olduğu zamanda prioritet məsələlərdən biridir. Ölkəmizdə texniki kadrların hazırlanması sahəsində zəngin təcrübəsi olan, dünyanın bir sıra nüfuzlu universitetləri ilə geniş əməkdaşlıq edən Azərbaycan Texniki Universitetinin təkcə  ABŞ-da deyil, bütövlükdə  bütün dünyada ən aktual elmi problemlərin tədqiqi sahəsində yüksək göstəricilər qazanmış Berkli Universiteti ilə imzaladığı müqavilə bu baxımdan olduqca böyük əhəmiyyət kəsb edir.

Amerika Birləşmiş Ştatlarının  Berkli Universiteti  hərtərəfli, mükəmməl inkişaf etmiş və yüksək idarəetmə mexanizminə malik olan, dünya üzrə digər nüfuzlu elm və təhsil müəssisələri ilə  geniş əməkdaşlığı həyata keçirən fundamental elmi tədqiqat işləri ilə məşhurdur. Bu ilin may ayında ABŞ-ın Kaliforniya ştatındakı Berkli Universitetində Azərbaycan  Respublikası tərəfindən Rabitə və İnformasiya Texnologiyaları naziri  Əli Abbasov, Texniki Universitetin rektoru  Havar Məmmədov, Berkli Universiteti tərəfindən dünya şöhrətli azərbaycanlı alim-professor Lütfi Zadə, Berkli  Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-kansleri Ron Qronski və digər nüfuzlu alimlər arasında danışıqlar aparılmışdır.  Müzakirələr olduqca faydalı və konstruktiv keçmişdirBerkli Universiteti, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Texniki Universiteti arasında üçtərəfli rəsmi müqavilənin imzalanması ilə məntiqi sonluğuna çatmışdır. Bu müqavilənin ölkəmizin elm salnaməsində əlamətdar iz qoyacaq böyük hadisə olduğu artıq şəksizdir.

Müqavilədə universitetlər arasında fakültə tədqiqatçıları, magistr və tələbələrin təhsili, mədəniyyət və elm mübadiləsinin artırılması üçün münasibətlərin yaradılması nəzərdə tutulmuşdur. Bütün xərclər göndərən universitetlər tərəfindən ödəniləcəkdir. Müqavilə 5 il ərzində qüvvədədir. Müqaviləyə əsasən, mübadilə olunan tələbə 2 semestr müddətinə göndərilə bilər. Magistrlər, doktorantlar,  gənc alimlər, müəllim-professor heyəti və tədqiqatçı-vizitorların Berkli Universitetində ixtisaslarlaşmaları  Azərbaycanın beynəlxalq səviyyədə təhsil və elm sahələrində yaratdığı əməkdaşlıq tellərində, xüsusən də tələbə mübadiləsi prosesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Onu da qeyd edək ki, Azərbaycan Texniki Universiteti Berkli Universitetinin rəsmi saytında qeyd olunmuş yeganə Cənubi Qafqaz ölkəsidir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Berkli Universiteti 100 ən yaxşı ali məktəb arasında 39-cu yerdədir. Berkli Kaliforniya Universiteti Amerika Universitetləri Assosiasiyasının yaradıcılarından biridir. Berkli Kaliforniya Universitetinin müəllim və məzunları arasında ümumilikdə Nobel mükafatına layiq görülmüş 65 şəxs var. Məzunlardan "Apple", "Intel", "Google", "MySpace", "Adobe Systems", "Electronic Arts", "VMware", "HTC Corporation", "Qualcomm", "Sun Microsistems" kompaniyalarının yaradıcıları rəhbərlərini qeyd etmək olar.

Berkli Universitetinin kansleri, professor Robert Birgeneau rəhbərlik etdiyi ali təhsil ocağını belə xarakterizə edir: "Berkli təpələrindən qərbə tərəf günəşin batmağını müşahidə edərkən qızılı rəngə boyanmış Sater qapısını, universitetin geniş qərb sərhədlərini görmək mümkündür. Lakin Berkli Kaliforniya Universiteti bu gün coğrafi sərhədlərindən daha çox intellektual sərhədlərinin genişləndirilməsində maraqlıdır. Nümunəvi dövlət universiteti kimi Berkli Kaliforniya Universitetinin rolu o qədər önəmlidir ki, onun ən yüksək səviyyəyə çatması üçün biz əlimizdən gələni etməliyik. Tədris tədqiqatlarda yol verilən istənilən uğursuzluq təkcə universitetin nüfuzunun deyil, eləcə dövlətin təhsil standartlarının aşağı düşməsinə səbəb olur".

 

 

Şahnaz ŞAHBAZOVA,

Azərbaycan Texniki Universitetinin dosenti,

Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər

Akademiyasının həqiqi üzvü

 

Azərbaycan.- 2011.-3 noyabr.- S.  7.