Bakıda TürkPA-nın beynəlxalq əlaqələr komissiyasının birinci iclası keçirilmişdir

 

 AzərTAc xəbər verir ki, noyabrın 3-də Azərbaycan Respublikasının Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq əlaqələr komissiyasının birinci iclası keçirilmişdir. Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğız respublikalarının deputatlarının, TürkPA katibliyinin əməkdaşlarının iştirak etdiyi iclasda assambleyanın beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri müzakirə olunmuşdur.  İclasda əvvəlcə Türkiyədə baş vermiş terror aktları və zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra çıxış edən komissiyanın sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov assambleyanın fəaliyyətindən danışmış, TürkPA-nın yarandığı gündən türkdilli ölkələr arasında əlaqələrin inkişafında, beynəlxalq əlaqələrin genişlənməsində mühüm işlər gördüyünü qeyd etmişdir. Ə.Əmiraslanov demişdir ki, bu fəaliyyət hazırda uğurla davam etdirilir və inanırıq ki, TürkPA parlament diplomatiyasının inkişafında bundan sonra da çox işlər görəcəkdir. 

Toplantı iştirakçılarını Azərbaycan parlamentinin rəhbərliyi adından salamlayan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov dünyada parlament diplomatiyasının rolundan danışmışdır. O, TürkPA-ya üzv ölkələrin siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığının dünya üçün səmərəsini və perspektivlərini xüsusi vurğulamışdır.

TürkPA-nın baş katibi Ramil Həsənov qurumun fəaliyyəti barədə məlumat vermiş, beynəlxalq təşkilatlardakı təmsilçiliyindən danışmışdır. Bildirilmişdir ki, assambleya bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi və qonaq statusu almışdır. TurkPA-nın BMT Baş Məclisində də müşahidəçi statusu alması üçün də müraciət olunmuşdur və artıq məsələ Baş Məclisin gündəliyinə salınmışdır.

Sonra komissiyanın sədri Əhliman Əmiraslanov "TürkPA beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri" mövzusunda hesabat məruzəsini müzakirəyə təqdim etmişdir. Hesabatda beynəlxalq sahədə görülən işlər, perspektivlər, əməkdaşlığın genişləndirilməsi üçün planlaşdırılan tədbirlər və digər məsələlər əksini tapmışdır.

Müzakirələr zamanı çıxış edən Qazaxıstan parlamentinin deputatı Vəlihan Konurbayev, Türkiyə Böyük Millət Məclisinin üzvü Ülker Güzel, Milli Məclisin deputatları İlham Əliyev, Sədaqət Vəliyeva və başqaları beynəlxalq sahədə əməkdaşlığın genişləndirilməsinin müxtəlif istiqamətlərindən, dünyadakı mövcud problemlərin həlli yollarından danışmışlar. Qeyd olunmuşdur ki, TürkPA-ya üzv ölkələr bu gün dünya dövlətlərinin arzuladığı çox zəngin ortaq dilə, mədəniyyətə, dəyərlərə sahibdirlər. Bu dəyərlərin qorunması üçün konkret addımlar atılmalıdır.

Müzakirələrdən sonra hesabat məruzəsi təsdiqlənmişdir. Türkiyəli deputat Ülker Güzel assambleyanın gələn il Bişkekdə keçiriləcək 3-cü plenar iclasına hesabat məruzəsi üzrə məruzəçi təyin olunmuşdur.

Məruzə ilə bağlı əməkdaşlığın müxtəlif istiqamətlərinin əks olunduğu təkliflər layihəsi də təsdiqlənmiş və bu məsələ ilə bağlı Ə.Əmiraslanov məruzəçi təyin olunmuşdur.

Sonda prosedur qaydalarına əsasən komissiyanın ikinci iclasının gələn il Qazaxıstanda keçirilməsi qərara alınmış və həmin toplantının gündəliyi təsdiqlənmişdir.  Bununla da iclas öz işini başa çatdırmışdır.

 

 

Azərbaycan.- 2011.- 4 noyabr.- S.  2.