Naxçıvanın müstəqillik dövrü tarixinə həsr olunmuş qiymətli tədqiqat əsəri

 

 Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinini sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin "Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)" kitabının təqdimatı keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli ümummilli lider, müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş kitabı Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə dəyərli töhfə adlandırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanşünaslıq, o cümlədən Naxçıvanşünaslıq istiqamətində, Naxçıvanın müstəqillik dövrü tarixinin öyrənilməsi baxımından fundamental tədqiqat əsəri olan monoqrafiyada qiymətli tarixi faktlarstatistik məlumatlar elmi prinsiplər əsasında, sistemli şəkildə təhlil və tədqiq olunmuş, maraqlı müqayisə və paralellər aparılmışdır. Monoqrafiyada ümummilli lider Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyəti, qəbul etdiyi qətiyyətli qərarlar, böyük siyasətə qayıdışı, yerli əhalinin respublikada baş verən ictimai-siyasi proseslərdə fəal iştirakı, Prezident İlham Əliyevin və muxtar respublika rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində regionda gedən çoxcəhətli dinamik inkişaf öz əksini tapmışdır.

Kitabın sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qərar və sərəncamlarının toplu halında verilməsi regionun idarəetmə, qanunvericilik tarixinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Akademik İsa Həbibbəyli iqtisadi inkişafın Naxçıvan modelinin elmi inikası olan yeni nəşrin ali məktəblərin iqtisad fakültələrinin tələbələri üçün dərslik, gələcək elmi tədqiqatlar üçün qiymətli elmi mənbə olacağını vurğulayaraq kollektiv adından müəllifə yeni-yeni elmi nailiyyətlər arzulamışdır.

Tanınmış tarixçi, qafqazşünas, yazıçı-publisist Rudolf İvanov əsərin Azərbaycanın müasir dövlətçilik tarixinin öyrənilməsi baxımından əhəmiyyətindən danışmış, kitabdan da göründüyü kimi, Naxçıvanın uzun illər blokadada olmasına baxmayaraq misli görünməmiş tərəqqisinin əsl idarəetmə nümunəsi sayıla biləcəyini söyləmişdir.

AMEA Naxçıvan Bölməsi Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli, NDU-nun tədris işləri üzrə prorektoru, əməkdar elm xadimi, filologiya elmləri doktoru Hüseyn Həşimli, tərbiyə işləri üzrə prorektor, əməkdar müəllim, professor Məmməd Rzayev, AMEA Naxçıvan Bölməsi Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun şöbə müdiri, dosent Emin Şıxəliyev, universitetin iqtisadiyyat fakültəsinin dekan müavini, dosent Müslüm Cabbarzadənin çıxışlarında  qeyd olunmuşdur ki, yüksək vətənpərvərliklə, siyasi yetkinlik və mənbəşünaslıq səriştəsi ilə yazılmış, bitkin elmi müddəalarla zəngin olan əsər hər bir ziyalının stolüstü kitabına çevrilə bilər.

Sonda müəllif tədbirin təşkilatçılarına, kitabın araya-ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirmiş, Naxçıvanın xüsusilə son 15 ildə keçdiyi inkişaf yolunun öyrənilməsinin alimlərimizin, sosioloq və politoloqlarımızın vətəndaşlıq borcu olduğunu söyləmiş, AMEA Naxçıvan Bölməsinin perspektiv vəzifələrindən, gələcək elmi planlarından söz açmışdır.

 

 

Mehriban SULTAN

 

Azərbaycan.- 2011.- 4 noyabr.- S.  5.