Qeyri-neft ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolu ilə bağlı konfrans keçirilmişdir

 

Noyabrın 4-də Bakıda İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun (İİN İİETİ),  eləcə də Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) təşkilatçılığı ilə "Qeyri-neft ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolu (Türkiyə-Azərbaycan təcrübə mübadiləsi)" mövzusunda konfrans keçirilmişdir.  Tədbirdə Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının və elmi-tədris müəssisələrinin nümayəndələri iştirak etmişlər.

AzərTAc xəbər verir ki, İİN İİETİ-nin direktoru Vilayət Vəliyev bildirmişdir ki, Azərbaycanda dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsul istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Bu məhsullar müxtəlif ölkələrə ixrac edilir. Dünyada ekoloji təmiz kənd təsərrüfatı məhsullarına tələbatın artdığını vurğulayan natiq Azərbaycanda bu sahənin daha da inkişafı üçün zəngin təbii ehtiyatların, geniş imkanların olduğunu, bunun qeyri-neft sektorunun və sahibkarlığın inkişafına töhfə verdiyini diqqətə çatdırmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov ekoloji təmiz kənd təsərrüfatının əhəmiyyətindən danışmışdır. TİKA-nın Bakı üzrə rroqram əlaqələndiricisi Salih Polat və digər çıxış edənlər də ekoloji təmiz kənd təsərrüfatı sahəsində Türkiyənin təcrübəsi və kadr hazırlığı barədə məruzələrlə çıxış etmişlər.

Sonda konfransda səsləndirilən təkliflərlə bağlı müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 5 noyabr.- S. 5.